Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib ...
Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib. AzerTaym.az trend-ə istinadən xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə çiçəklər düzüblər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub. Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova bildirib ki, ötən il bağçalara 14 müdir, 142 tərbiyəçi müəllim işə qəbul edilib. O qeyd edib ki, məktəblərə isə 12 direktor, 2472 müəllim işə qəbul olub. “Ötən il 9 məktəb təmir edilib, 3 məktəb isə yeni inşa olunub. 51 bağça isə təmir edilib, 2 bağça yeni inşa olunub”,- deyə o əlavə edib. Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, may ayından sonra bəzi müəllimlər tədrisi tez bitirib, yay tətilinə getməyə can atır. O qeyd edib ki, dünyanın heç bir yerində təhsil naziri məktəblərdə uşaqlar arasında olan anlaşılmazlıqlarla, davalarla bağlı suallara cavabdeh deyil. “Bizim istəyimiz vəzifəmiz ondan ibarətdir ki, müəllimlərin peşakarlığı, təhsilin keyfiyyəti artsın. Müəllimlərin işəqəbulu ilə bağlı bugünki model ən uyğunudur. Sanki məktəbdəki təlim prosessi bir tərəfə qalıb, inzibati işlərə daha çox vaxt və resurs ayrılır. Hansısa jurnalı düz yazmaq vacibdir, yoxsa şagirdə təlim keçmək? İyunun 15-ə qədər tədrisi uzatmağımızdan xeyli dövr keçib. Amma sanki həmin dövrü hər kəs tez bitirib, yay tətilinə getməyə can atır. Mayın ayından sonra səmərəlilik aşağı düşür. Bu belə olmalı deyil. Həmin dövrdə yay tapşırıqları hazırlanmalı, geridə qalan zəif şagird öyrədilməli, təkrarlar edilməlidir. Bizim cəmiyyətin bəzi qismində yalnış anlama problemi var. Məsələn dövlət sifarişli yerlərin sayının artmasını təhsil haqqının artımı kimi başa düşən var. Səhv başa düşənlər bunu utanmaz-utanmaz başqasına da deyir”,- deyə nazir əlavə edib.