Qarabağ vətənimizin ayrılmaz bir hissəsidir. Qədim və tarixi torpağımız olan Qarabağ təəssüflər olsun ki, bədnam qonşularımızın ucbatından münaqişə zonasına çevrilmişdir. Birinci Qarabağ müharibəsi haqqında hamımız çox yaxşı bilirik. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi illərdən yığılıb qalan səbrimizin son həddi oldu.
2020-ci il 10 noyabrda üçtərəfli bəyanatla başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın 30 ilə yaxın vətən həsrətinə son qoydu. Bu xalq və Ali Baş Komandan birliyinin təzahürü oldu. Regionda Azərbaycan sülh və əmin-amanlıq qoruyucusu oldu. Lakin sonrakı hadisələr 1988-ci ildən başlayan “Qarabağ problemi”nin tam həllində ermənilərin maraqlı olmadığını nümayiş etdirən bəzi faktlar meydana çıxardı. Belə ki müharibədən sonra dövlətimiz dəfələrlə Ermənistana sülh təklif etsə də, onlar bu danışıqlardan müxtəlif bəhanələrlə yayınırdılar və suveren ərazilərimizdə silahlı təxribatlara davam edirdilər.
Belə ki , 2023-cü il aprelin 23-də Laçında sərhəd keçid məntəqəsi qurulana qədər ermənilər torpaqlarımıza qanunsuz yollarla minalar gətirmiş və müxtəlif ərazilərdə basdırmışdılar.
2023-cü il 19 sentyabrda Qarabağ bölgəsində erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar, terror hücumları törətdilər. Onlar tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa yolunda terror məqsədi ilə əvvəlcədən quraşdırılmış mina partlaması nəticəsində 2 nəfəri mülki vətəndaşımız olmaqla, 6 nəfər həlak oldu.Bütün bunlar sübut etdi ki, ermənilər Qarabağda yerləşdirdikləri separatçı qüvvələri buradan çıxarmaq fikrində deyil. Həmin gün bu və bundan əvvəlki ermənilər tərəfindən törədilən təxribatların qarşısını almaq, üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması və Azərbaycan Respublikasının Konstitusiyasının bərpa edilməsi məqsədi ilə lokal xarakterli antiterror əməliyatına başlanıldı.
Lokal xarakterli antiterror əməliyyatı zamanı dövlətimiz öz alicənab və humanistliyini bir daha göstərdi. Belə ki, əməliyyat başlamamışdan əvvəl bütün hərbi birləşmələrimizə xəbərdarlıq edilmişdir ki, bölgədə yaşayan erməni mülkü əhalisi qorunsun, nəhayət qanunvericiliyimizdə və humanitar hüquqi normalara uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil və s. obyektlərin müdafiəsi təşkil olundu.
23 saat 43 dəqiqə davam edən əməliyyat 20 sentyabr saat 13:00-da başa çatdı. Əməliyyat nəticəsində 192 nəfər hərbçimiz qəhrəmancasına şəhid oldu.
Nümayəndə heyətimizlə görüşdən dəfələrlə boyun qaçıran Qarabağda yaşayan erməni icmasının nümayəndələri antiterror əməliyyatından sonra Yevlax şəhərində görüşməyə razı oldu. Sentyabrın 28-də Xankəndidəki qondarma rejim ləğv olundu, beləliklə Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu üzrə suverenliyi bərpa olundu. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və Əsgəran qəsəbəsi daxil olmaqla bütün yaşayış məntəqələrimiz düşməndən azad olundu. Nəhayət, qondarma “Qarabağ problemi” birdəfəlik həll olundu. Bütün bunlar uzaqgörən və dahi rəhbərin siyasətinin nəticəsi idi.
2024 -cü il fevralın 7 də ilk dəfə olaraq suveren, ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycan Respublikasında növbədənkənar prezdent seçkiləri keçirildi. Xalqımız 30 ilə yaxın vətən həsrətini bizlərə unutduran müzəffər ordunun müzəffər Ali Baş Komandanına səs verdi .QARABAĞ AZƏRBAYCANDIR! şüarını əməli şəkildə həyata keçirən Prezident İlham Əliyev bir daha xalqın ona olan sonsuz inamını yenidən qazandı. 2024 -cü il sentyabrın 1-də bütöv Azərbaycanımızda növbədənkənar parlament seçkiləri keçirildi.
Prezdentimizin növbəti uğuru isə Rusiya sülhməramlılarının razılaşmaya əsasən Qarabağ iqtisadi rayonundan çıxarılması oldu. 2024-cü il iyun ayının 12-də rus qoşunu tamamilə ərazilərimizdən çıxarıldı.
Keçmiş SSRİ ölkələri içərisində yeganə dövlətik ki, münaqişəmiz tam şəkildə həllini tapıb. Düzgün təşkil olunmuş idarəçilik şəklində dövlətimizin daha da güclənəcəyinə və daim bayrağımızın zirvələrdə dalğalanacağına bir vətəndaş kimi inanıram.
Adəm İsmayıl Bakuvi
ictimai xadim, politoloq.