2016-cı il bu şirkətlər üçün ÇƏTİN OLACAQ
ANS PRESS-in məlumatına görə, 2016-cı il bir sıra nəhəng şirkətlərin rəhbərləri üçün uğurlu olmayacaq. Bu haqda “Wall Street Journal” (WSJ) nəşri yazır.
WSJ-in “risk qrupuna” nəhəng pivə istehsalı ilə məşqul olan Anheuser-Busch InBev (InBev) şirkətinin rəhbəri Karlos Brito başçılıq edir. Brito bu il ən yaxın rəqibi SABMiller şirkətini satın almasına dair 108 milyard dollar həcmində qiymətləndirilən razılaşmanı sona çatdırmalıdır. Buna nail olmaq üçün Brito ABŞ, Avropa İttifaqı və Cənubi Afrika respublikasının anti-inhisar qurumlarından razılıq əldə etməli, daha sonra isə ABŞ və Braziliya bazarlarında pivəyə düşən tələbat fonunda xərclərini 1,4 milyard dollar azaltmalıdır.
Karlos Brito - "Anheuser-Busch InBev" şirkətinin rəhbəri
Xərclərini təcili sürətdə aşağı salan şirkət başçıları arasında nəhəng telekommunikasiya korporasiyası “Sprint”in rəhbəri Marselo Klor da var. Klor baş direktor vəzifəsinə təyin olunmasından sonra bir neçə il ərzində şirkət ziyan çəkib. 2015-ci ildə yeni təyin olunan rəhbərlik vəziyyəti bir az düzəltsə də 2016-cı ildə “Sprint” nəhəng kreditlərini ödəməlidir. Buna görə də şirkətin maliyyə vəziyyəti yaxşılaşmayacaq və yenidən ziyan çəkəcək.
Ötən il "McDonald's" şirkətinə rəhbər gələn Stiv İsterbruk da az əvvəl başladığı islahatların uğurla nəticələnəcəyini sübuta yetirməlidir. Əfsanəvi “fast-food” restoranlar şəbəkəsinin menyusunu sadələşdirən və ərzaqların alınma sisteminə dəyişikliklər edən İsterbruk şirkətin göstəricilərini yaxşılaşdıra bisə də, WSJ-da düşünürlər ki, səhmdarlar və müştərilər ondan daha çox şey gözləyirlər.
Stiv İsterbruk - "McDonald's" şirkətinin rəhbəri
“McDonald's”la rəqabət aparan “Chipotle” restoranlar şəbəkəsinin yaradıcısı və rəhbəri Stiv Ellsin qarşısında isə daha mürəkkəb məsələ durur. O, müştərilərə sübut etməlidir ki, restoranda təqdim olunan qida məhsulları həqiqətən də sağlamlıq üçün təhlükəsizdir. 2015-ci ilin dekabrında ABŞ-ın bir sıra ştatlarında insanlar “Chipotle” restoranlarında zəhərlənmişdilər. Əgər müştərilərin etibarını qaytarmaq mümkün olmasa şirkətin işləri heç də yaxşı olmayacaq.
Kanadanın iri dəmiryolu operatoru “Canadian Pacific Railway”in başçısı Hanter Harrison üçün də 2016-cı il çətin olacaq. Şirkət öz rəqibi Norfolk Southern şirkətinin satınalınması üzrə razılaşmanı sona çatdırmalıdır.
Öz vəzifəsini əldən buraxmamaq üçün Yahoo! şirkətinin baş direktoru Marissa Mayer də ciddi tədbirlər görməlidir. Bir vaxtlar internet bazarının lideri olan Yahoo Inc. Böhran yaşayır və xanım Mayer şirkətin gəlirlərinin aşağı düşməsi və əməkdaşların kütləvi axınınına qarşı necə mübarizə aparacağına qərar verməlidir.
“Avon” şirkətinin direktorlar şurasında yerlərin yarısının ötən il şirkətin kapitalından pay alan “Cerberus” səhmdar fonduna keçməsi baş direktor Şeri Makkoyun vəziyyətini qəlizləşdirib. Səhmdarlar satışların artırılması haqda ciddi düşünməyə başlayıblar və 57 yaşlı işgüzar xanım onların bu istəklərini nəzərə almalıdır.
WSJ-ın proqnozlarına görə, “Volkswagen” şirkətinin yeni baş direktoru Mattias Mülleri də çətin sınaq gözləyir. O şirkətin ötən il fırıldağa əl ataraq avtomobillərinin zərərverici qazların atmosferə atılması ilə bağlı faktların təhrif edilməsinə görə yaşanan qalmaqalın nəticələrini aradan qaldırmalıdır. Əks halda şirkəti çoxmilyonlu iddialar gözləyir.
Mattias Mülleri - “Volkswagen” şirkətinin yeni baş direktoru
Dünyanın ən iri aviadaşıyıcılarından olan “United Continental”ın yeni başçısı Oskar Munos isə təkcə şirkətin deyil, öz sağlamlıq problemləri ilə də məşğul olmalıdır. Vəzifəyə təyin olunar olunmaz Munos infarkt keçirib və onun işə 2016-cı ilin birinci rüblüyündə qayıdacağı gözlənilir.
“Valeant” əczaçılıq konserninin rəhbəri də Maykl Pirson da sağlamlığı ilə bağlı məzuniyyətə çıxıb. Pnevmoniyanın ağır formasından əziyyət çəkən Pirsonun uzun müddət işdən kənar olması heç də onun xeyrinə işləməyib. Çünki “Valeant” məhz indi preparatların qiymətinə görə nəzarət orqanlarının qınaq obyektindədir.
“Caterpillar” şirkətinin rəhbəri Duqa Oberhelman üçün də 2016-cı il asan olmayacaq. Tikinti və dağ-mədən avadanlıqlarının istehsalı ilə məşğul olan bu şirkət mineral xammalın qiymətinin kəskin düşməsi və Çinin iqtisadi inkişaf tempinin zəifləməsinin qurbanı olub. “Caterpillar”da belə dönüş gözlənilmirdi. Nəticədə şirkət istehsal etdiyi məhsullarla baş-başa qalıb.
Virciniya Romettinin rəhbərlik etdiyi “İBM” şirkəti isə artıq üç ildən çoxdur ardıcıl olaraq gəlirlərini itirməkdədir. WSJ xəbərdarlıq edir ki, əgər belə davam edərsə, səhmdarların səbr kasası daşacaq.
Virciniya Rometti - “İBM” şirkətinin rəhbəri
Procter & Gamble şirkətinin başçısı Devid Teylor isə 2016-cı ildə öz vəzifəsini itirmək qorxusu ilə qzləşə bilər. 2013-cü ildən bəri şirkət satış sahəsində ciddi problemlərlə qarşılaşıb.
HP-nin rəhbəri Meq Uitman isə şirkəti iki hissəyə bölməsinin düzgün addım olduğunu sübuta yetirməli olacaq. 2015-ci ildə kompüter və printerlərin istehsalı, eləcə də satışını HP İnc adı ilə, korporativ müştərilərə xidmət və serverlərin istehsalı isə Hewlett-Packard Enterprise adı altında birləşib. Indi isə Uitman bu ideyasının maliyyə vəziyyətlərinə təsiri barədə cavab verməlidir.