"Orijinal şəkildə xəritə yox idi. Elə bir şey olsaydı, sözsüz ki, ona yol verməzdim".

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul şəhərində keçirilən Dünya Turizm Forumu barədə “Sabah” qəzetinin saytında yayımlanan məqalədəki fotoya münasibət bildirərkən söyləyib.

Məsələyə aydınlıq gətirən Ə.Qarayev bildirib ki, orada Azərbaycanla bağlı heç nə yazılmamışdı: 

Türkiyənin “Sabah” qəzetinə etirazımızı bildirdik, Mədəniyyət və Turizm Nazirliyinə bu faktla bağlı məktub göndərdik. Xarici İşlər Nazirliyi də, səfirlik də etirazını bildirdi. “Sabah” qəzeti həmin fotonu çıxarıb və üzr istəyib”.

Qeyd edək ki, Türkiyənin "Sabah" qəzetinin saytı Dünya Turizm Forumu çərçivəsində keçirilən "nazirlər toplantısı" haqqında məqalə də hazırlayıb. Məqalənin fotosunda Azərbaycanın, MakedoniyanınQana və Türkiyənin nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycanın xəritəsində işğal altında olan Dağlıq Qarabağ göstərilməyib. Bununla da Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olub. 


Türkiyənin "Sabah" qəzetinin saytında əks olunan foto


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov ANS PRESS-ə açıqlamasında fotonun montaj olduğunu deyib. "Forumda nazirlərin fonunda belə bir şəkil olmayıb. Bu, sonradan fotoşopla hazırlanıb. Bununla bağlı mütləq tədbir görülməlidir", - deyə qurum rəsmisi vurğulayıb. 



Qeyd edilən fotonun orijinal versiyası

Xarici İşlər Nazirliyinin (XİN) müdaxiləsindən sonra Türkiyənin "Sabah" qəzetinin saytında Azərbaycanın xəritəsi ilə bağlı yol verilən yanlışlıq aradan qaldırılıb. 

Bunu ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. 

"Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı onlara müraciət etdi. Yanlışlıq aradan qaldırıldı. Onlar bunu texniki qüsur adlandırdılar və bilməyərəkdən baş verdiyini qeyd etdilər", - deyə Hikmət Hacıyev əlavə etdi.



Yol verilən yanlışlıq aradan qaldırıldıqdan sonra