VASİF Talıbov ELDAR Mahmudovun VİLLASINI sökdürdü
Həbs edilən Vəli Ələsgərovun qohumları isə işdən çıxarıldı
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri VəliƏləsgərovun həbsi barədəməlumat vermişdik. Məlumatda deyilirdi ki, Vəli Ələsgərov bir neçə həftə əvvəl həbs edilib. Həbsin formal səbəbi Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsidir. Naxçıvandakı mənbələr “Turana”a məlumatı təsdiqləyib. Lakin onlar bildiriblər ki, Vəli Ələsgərovun həbsinin əsl səbəbi onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın olmasıdır.Yerli mənbələr həmçinin bildiriblər ki, Vəli Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb. “Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-nin 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb”, – deyə Naxçıvandakı məlumatlı mənbə bildirib. Bundan əlavə, Naxçıvan şəhərində Vəli Ələsgərovun Eldar Mahmudov üçün tikdirdiyi villa da sökülüb. Batabat adlanan kurort ərazisində Eldar Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib. Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb. Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında Iranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var. Həmçinin hüquq müdafiəçiləri Məlahət və Ilqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması və ağır xəsarət alması ilə nəticələnib. Hüquq müdafiəçiləri və jurnalistlərin Naxçıvana girişi çoxdan təhlükəli və demək olar ki, mümkünsüz iş olub. Insan hüquq və azadlıqlarının pozulmasına görə bu bölgəçoxdan Şimali Koreya səviyyəsinə çatıb. “Azadlıq”a daxil olan başqa məlumatlara görə isə Eldar Mahmudova məxsus avtosalonlar və digər biznes strukturlarının fəaliyyəti dayandırılıb. Bildirilir ki, yaxın vaxtlarda Eldar Mahmudov da həbs olunacaq. Onun həbsinin bu qədər uzanması isəkeçmiş MTN şefinin hansısa məlumatları xaricə ötürməsilə bağlı şübhələrlə əlaqəlidir. Bildirilir ki, artıq bu istiqamətdə aparılan araşdırmalar başa çatmaq üzrədir. Araşdırmalar başa çatdıqdan sonra Eldar Mahmudovun rəhbərlik etdiyi dəstənin yanına göndəriləcək.