Ali Məhkəmə baş prokurorun vəsatətini təmin etdi ; Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində 5 il şərti cəza müəyyən edilməklə həbsdən buraxıldı; yaxın zamanlarda jurnalist Xədicə İsmayılovanın işi üzrə də kassasiya şikayətinə baxılacaq; proqnozlar nikbindir...
Martın 28-də baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında məhkəmə prosesi keçirildi. Məhkəmə binası önünə vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələri, media təmsilçiləri, siyasi partiyaların üzvləri və hüquq müdafiəçisinin yaxınları toplaşmışdlar.
Prosesə xüsusi diqqətin olmasına səbəb günlər öncədən hüquq müdafiəçisinin baş prokurorun protesti əsasında azadlığa buraxılacağı barədə ictimaiyyət arasında gəzən söz-söhbətlər idi. Proses saat 12-də başladı və məhkəmə zalına heç kim buraxılmadı.
Zakir Qaralovun protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edirdi.
İki saatlıq plenum iclasından sonra hər kəsin gözlədiyi qərar məlum oldu. Ali Məhkəmənin qərarı ilə hüquq müdafiəçisinin cəzası 5 il şərti cəza ilə əvəzləndi. Məhkəmə İntiqam Əliyevin qərar çıxdığı andan dərhal azadlığa buraxılması barədə də qərar qəbul etdi.
Ali Məhkəmənin Plenumu Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul etdi.
Məhkəmənin qərarı hüquq müdafiəçisinə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşanların alqışlarına səbəb oldu. Hər kəsin üzündən sevinc notları sezilirdi. İ.Əliyevin özü isə prosesə gətirilməmişdi.
İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq: “Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, İntiqam Əliyevin cəzasını şərti cəza ilə əvəzlədi. Onun dərhal həbsdən azad edilməsi barədə qərar qəbul etdi. Günün sonlarına yaxın İntiqam müəllim azad olunacaq. Müdafiə tərəfi olaraq, əvvəlki mövqeyimizdə qalırıq. İntiqam müəllimin işinə bəraətverici əsaslarla xitam verilməlidir. Amma baş prokurorun protestdə göstərdiyi xəstəliklərlə bağlı məsələyə etiraz etmədik. Amma İntiqam müəllimə bəraət verilməsi tələbimizin üzərində sona qədər dayanacağıq. Bu addımı müsbət qəbul edirik. Bundan sonra növbəti addımımız Avropa Məhkəməsinə müraciət etmək olacaq. Hüquqi müstəvidə atacağımız addımlar davam edəcək. Biz Ali Məhkəmənin Plenumuna İntiqam müəllim barəsindəki qərarın ağır olması barədə kasasiya protesti vermişdik. Bu gün həmin protestimiz də təmin edildi”.
Xatırladaq ki, baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kasasiya protesti ilə Ali Məhkəməyə müraciət etmişdi.
İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, bu instansiya qurumu da əvvəlki qərarı qüvvədə saxlamışdı.
Ali Məhkəmənin qərarından sonra hüquq müdafiəçisini qarşılamaq üçün onun saxlanıldığı 6 saylı cəzaçəkmə müəssisəsinin önünə axışdı. Lakin 4 saatdan çox gözləmələrinə baxmayaraq, axşam saat 18:00 radələrində məlum oldu ki, İ.Əliyev cəzaçəkmə müəssisəsinin heç kəsə məlum olmayan qapısından evinə buraxılıb.
Bu barədə müəssisənin əməkdaşı məlumat verdi. Onun sözləri müəssisə qarşısına toplaşan hər kəsin etirazı ilə qarşılandı. Uzun müddət insanlar cəzaçəkmə müəssisənin qarşısında qaldılar. Onlar verilən xəbərə inanmaq istəmirdilər. Hər kəs hüquq müdafiəçisinin sakit bir şəkildə azadlığa buraxılması üçün belə xəbərin verildiyini düşünürdü. Lakin vəkil Cavad Cavadovun cəzaçəkmə müəssisəsindən çıxması və İntiqam Əliyevin azadlığa buraxılması barədə sözləri xəbərin doğruluğuna inam yaratdı.
Vəkil bunları dedi: “Cəzaçəkmə müəssisənin başqa çıxışı yoxdur. Amma bizə dedilər ki, İntiqam Əliyevi artıq azad ediblər. Necə buraxılıb, bu, bizə də məlum deyil. İntiqam müəllimlə içəridə görüşdük. Sonra onu çağırdılar və vəziyyət dəyişdi”.
Bununla da cəzaçəkmə müəssisəsinin rəhbərliyinin həbsxananın önünə çoxsaylı insanın toplaşdığını görüb, hüquq müdafiəçisini arxa qapıdan çıxararaq, evinə göndərdiyi məlum oldu.
Hüquq müdafiəçisinin oğlu Nəcmin Əliyevin telefonla atasının artıq evə çatması barədə cəzaçəkmə müəssisəsinin önünə toplaşanlara xəbər verməsi insanların dağılışmasına səbəb oldu.
Hüquqşunas İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı Ali Məhkəmənin qərarına beynəlxalq qurumlardan ilk reaksiya Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntdan gəlib. O, twitter hesabından qərarı alqışlayıb: “Hüquq müdafiəçisinin azadlığa buraxılması qərarını alqışlayıram. Bu, doğru addımdır” - yazan AŞ PA prezidenti qeyd edib ki, Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir.
Xədicə İsmayılova da azadlığa çıxır?
Ali Məhkəmə yaxın zamanlarda jurnalist Xədicə İsmayılovanın işi üzrə kasasiya şikayətinə baxacaq.
Bakı Apelyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayılova haqqında qərarından kasasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Jurnalistin vəkili Fariz Namazlı jurnalistlərə deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılovanın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kasasiya baxışı nəticəsində Xədicə İsmayılova haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.(virtualaz.org)
X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa, o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
İttihama görə, X.İsmayılova AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
2015-ci il noyabrın 25-də Bakı Apelyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.
Beynəlxalq hüquq təşkilatları jurnalistin azad olunmasını tələb edirlər.