Gəncəbasar zonasında yas mərasimlərində yemək süfrəsi yığışdırılıb. Artıq Yevlax rayonunda da yas mərasimlərində yemək süfrəsinin açılması qadağan edilib.
Bu barədə Gəncədə və Yevlaxda yaşayan sakinlər məlumat verib. Xəbərə görə, artıq Gəncəbasar zonasında yas mərasimlərində yemək süfrəsinin açılmasına icazə verilmir. Eyni qayda artıq Yevlax rayonunda da tətbiq edilməyə başlanılıb. Hüzür mərasimləri olan yerlərə Gəncəbasar zonasında və Yevlaxda yerli icra hakimiyyətinin nümayəndələri təhkim edilərək yasda yemək verilməməsi ilə bağlı təbliğat işi aparırılar. Xəbərə görə, dəbdəbəli ehsan süfrəsinin yığışdırılması ilə bağlı Gəncəbasar zonasında aparılan təbliğat işləri öz bəhrəsini verməkdədir. Artıq rayonlarda bu işə yüksək vəzifəli məmurlar, deputatlar tərəfindən də dəstək verilir. Yüksək vəzifəli məmurlar və deputatlar öz yaxınlarının yas mərasimini sadə təşkil etməklə bu işə bir nümunə olurlar. Sakinlər artıq bir müddətdir ki, yas mərasimlərində çay süfrəsinin açıldığını, yalnız halva verilməsi ilə bağlı sakinlərlə razılığıa gəlindiyini söyləyirlər. Məlumata görə, hətta Gəncəbasar zonasında, Yevlax rayonunda yas mərasiminə uzaq məsafələrdən gələn qohum-əqrabaya, dost-tanışa da yemək süfrəsi açılmır. Gəncəbasar zonasında dəbdəbəli ehsan süfrələrinə qarşı aparılan bu kampaniya sadə insanlar tərəfindən dəstəklənir. Yüksək çinli məmurların, vəzifəli şəxslərin belə yeni qoyulmuş qaydaya tabe olması, bu kampaniyaya dəstək verən, əmək edənlərin sayını günü-gündən artırır.
Millət vəkili Fazil Mustafa Gəncəbasar zonasında yasda yemək süfrəsinin yığışdırılmasının, sadə ehsan süfrələrinin açılmasının təqdirəlayiq hal olduğunu söyləyir: "Əgər Gəncə və Yexlax rayon icra başçıları bu cür cəsur addım atıblarsa, əhali arasında təbliğat işi apararaq bu cür nəticəyə nail olublarsa, çox böyük iş görüblər. Sözsüz ki, bu Gəncə icra başçısının təşəbbüsüdür. Yevlax icra hakimiyyətinin, eləcə də ətraf rayonların da icra başçılarının bu nəcib təşəbbüsə dəstək verməsi çox sevindirici haldır. Bu işi ancaq dəstəkləmək, təqdir etmək lazımdır. Arzu edirəm ki, bu təbliğat və nəzarət işi davamlı olsun. Bu işə ictimai dəstək verilməlidir. Artıq vəhşi yas adətlərinin yığışdırılmasına doğurdan da ciddi ehtiyac yaranıb. Dünyadan köçən yaxınına dəbdəbəli ehsan süfrəsi açmaq, onun ruhuna hörmət əlaməti sayılmır. Tox qarınları doydurmağın dünyadan köçən insana heç bir xeyiri yoxdur. Bu işdə ayrıseçkiliyi aradan qaldırmaq çox vacibdir. Hər yerdə bu kampaniyaya elə məhz məmurlar, imkanlı şəxslər dəstək olmalıdırlar. Onlar sadə insanlara bu məsələdə bir nümunə kimi davranmalıdırlar. Əgər kiminsə imkanı çoxdursa, yasda ehsan süfrəsinə xərcləyəcəyi vəsaitə internatlara, tələbə yataqxanalarına xeyriyyəçilik edə bilər. Mənim fikrimcə, yas mərasimləri məhəllələrdə çadırlardan məscidlərə daşınmalıdır. Gəncəbasar zonasının nümunəsində yas mərasimlərində yemək süfrəsinin yığışdırılması digər bğlgələrimizdə də, Bakıda da davam etdirilməlidir".
Fikirlər