"Nuru paşanın xalqımız qarşısında misilsiz xidmətlər var" - BQP üzvləri türk şəhidlərini ZİYARƏT ETDİ
Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın Azərbaycan torpaqlarının düşmən qüvvələrdən azad edilməsi məqsədilə 25 may 1918-ci ildə təntənə ilə Gəncəyə daxil olmasının növbəti ildönümü millət vəkili Fazil Mustafa başda olmaqla, Böyük Quruluş Partiyasının (BQP) üzvləri tərəfindən Şəhidlər Xiyabanında Türk Şəhidliyinin ənənəvi olaraq ziyarət edilməsi ilə qeyd edilib. Mia.az xəbər verir ki, bu barədə BQP Ali Məclisinin sədri Əjdər Əliyev məlumat verib. Onun sözlərinə görə, tədbir iştirakçıları Azərbaycan torpağı uğrunda canlarını fəda edən türk övladlarının abidəsi önünə əklil qoyaraq onların xatirəsini yad edib, ruhlarına dua oxuyublar: "Mərasim iştirakçıları qarşısında çıxış edən BQP başqanı Fazil Mustafa Qafqaz İslam Ordusu və onun komandanı Nuru paşanın xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, bu əlamətdar günlərin (QİO-nun Azərbaycana daxil olması və Bakının işğaldan azad edilməsi tarixlərinin) ümummilli bayram səviyyəsində qeyd edilməsinin zəruriliyini vurğulayıb". AzerTaym.az