Nuru paşa Hacı Zeynalabdin Tağıyevin qızını istəyib, milyonçu isə...” - GİZLİ TARİX

1918-ci ilin sentyabrında Bakını erməni-bolşevik istilasından azad etməklə Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyan Nuru paşa haqqında bir məqam yenidən müzakirə mövzusuna çevrilib.

Bu, Nuru paşanın Bakını azad etdikdən sonra milyonçu-mesenant Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımla evlənmək istəməsi, lakin milyonçudan rədd cavabı alması faktıdır.

Modern.az-a məsələ ilə bağlı açıqlama verən araşdırmaçı-jurnalist, “Şərq” qəzetinin baş redaktoru  Akif Aşırlı tarixdə belə bir hadisənin yaşanmadığını, tarixi sənədlərdə bununla bağlı hər hansı fakta rast gəlmədiyini bildirib:

Mövzu əvvəllər də bir neçə dəfə müzakirəyə çıxarılıb. Amma bu, tarixi gerçəklik yox, şayiə, nağıl, rəvayətdir. İlk dəfə yazıçı Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” adlı kitabında bu haqda yazmışdı. İlkin istinad da bəzən, həmin əsərə edilir. Amma tarixdə belə bir hadisə olmayıb. Gah deyirlər ki, Hacı Zeynalabdin Tağıyev Nuru paşanın qarşısına çıxıb deyib ki, evim sənə qurbandı, mən demişdim, Bakını kim azad etsə, evim onundu. Bunların heç biri tarixdə keçməyib, sənədli əsası yoxdu. Təbii ki, əgər yaşanıbsa belə, yenə də sevgini tarixiləşdirmək mümkün deyil.

Ancaq bu sadəcə, Manaf Süleymanovun söylədikləridi. Bunun nə dərəcədə həqiqət olub-olmadığını da Manaf Süleymanovun özü bilər. Biz araşdırmaçılırıq, sənədlərlə, arxiv materialları ilə işləyirik. Bunlarda da elə bir fakt yoxdu. Türkiyədən gəlib Nuru paşa ilə bağlı bizi-sənədlərlə işləyən tarixçi, araşdırmaçıları danışdırır, çəkirlər. İndi tarixi Türkiyə seriallarında da sevgi mövzusu olmayanda, onlara baxılmır. Xatırlayıram, Türkiyədən mənə iki dəfə zəng edildi, bir nəfər də Bakıya gələrkən mənlə əlaqə saxladı. Dedi, film üçün ssenari yazır. Orada Nuru paşanın Bakıda yaşadığı eşq tarixçəsinə də toxunmaq istəyir. Dedim, mən tarixçiyəm, araşdırma apardığım sənədlər arasında Nuru paşanın Bakıda yaşadığı sevgi tarixçəsi haqqında hər hansı faktla qarşılaşmamışam. Mən bildiyim qədər, hazırda Türkiyədə bir film ssenarisi hazırlanır. Həmin ssenariyə görə, Nuru paşa Bakını xilas etmək üçün ora gedir və öz sevgisini tapır. Əslində, Nuru paşa çox gec evlənib. Misir şahzadəsi isə evlənəndən sonra heç övladı da olmayıb”.
Bəzi mənbələrdə isə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma aid edilən aşağıdakı xatirədən istifadə edilərək, bu faktın doğru olduğu bildirilir: 

Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın xatirələrindən: "1918-ci lin payızında adı dillər əzbəri olan Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşa Bakını azad etmişdi. Onunla bir neçə dəfə görüşmüşdük. Hər şeyi başa düşürdüm, romantik, şairanə arzularla yaşayırdım. Paşa neçə dəfə evimizdə ziyafətdə olmuşdu, bağımıza gəlmişdi. Gözlərimdə, elə hamının nəzərində qeyri-adi qəhrəman kimi görünürdü. Tək mənim yox, elə hamının yanında hacıya ağız açıb mənimlə evlənmək istədiyini demişdi. Atam Buxara əmirinə verdiyi cavabı ona da verdi: “Mən qürbətə, Bakıdan kənara qız vermərəm, övladlarım gözümün önündə olmalıdır. Xalqın qəlbində və tarixində yalnız xilaskarlar abidə qura bilər””.

Lakin yuxarıdakı xatirənin birbaşa Sara xanıma aid olub-olmamasının özü də sual altındadı.






Fikirlər