SOCAR-ın "LAL-KAR" MƏTBUAT xidməti: ƏHMƏD(ov) hardadır?
Təxminən 4 ay bundan əvvəl Azərbaycan iqtisadiyyatının ən nəhəng qurumu olan SOCAR-da mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə yeni təyinat oldu. Uzun illər SOCAR mətbuat xidməti deyəndə ağlımıza gələn Nizaməddin müəllimin yerinə İbrahim Əhmədov təyin olundu. Onun gənc olduğu və Almaniyada çalışdığı barədə məlumatlar deyildi. Azərbaycan iqtisadiyyatının onurğası hesab olunan SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsinin bu sahədə təcrübəsi olmayan, Almaniyada "Əl-Qaidə" və vəhhabilik üzərində tədqiqat aparan bir şəxsə tapşırılması da xeyli suallar doğurur. Xatırladaq ki, ötən ilin sonunda mətbuat xidməti postuna rəsmi təyin olunana kimi İbrahim Əhmədov bir müddət həmin şöbədə işləyib ki, neftin qoxusunun nə olduğunu anlasın. Amma və lakin! İctimaiyyətlə əlaqələr dedikdə ilk başa düşdüyü facebook sosial şəbəkəsində kimin nə yazdığına cavab vermək oldu. Yenə də Əhmədovun enerji layihələri ilə bağlı deyil, siyasətdən tutmuş şou-biznesə qədər bütün onun işinə aid olmayan sahələrdən şərhləri ortaya çıxmağa başladı. Hələ "Какая она на фиг легенда? Она в лучшем случае анекдот!" deyərək "Ququşlaması" da uzun müddət müzakirələrə səbəb oldu, başı kaskalı "tədqiqatçı-alimimiz" tənqid mərkəzinə çevrildi (https://haqqin.az/news/109207). Tənqidlərdən nəticə çıxaran İbrahim əfəndi nəinki öz aktivliyini, təmsil etdiyi bütün mətbuat xidmətinin fəaliyyətini iflic eləməyi qarşısına məqsəd qoydu. Bununla bağlı iqtisadiyyat sahəsi üzrə yazan xeyli sayda jurnalist tənqidi fikirlərini paylaşmağa başladılar. Belə ki, Nizaməddin Quliyevin vaxtında SOCAR hər ayın əvvəlində Novorossiysk, Supsa, Ceyhan limanlarından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi açıqlanırdı. İbrahim müəllim isə medianı da "na fiq poslat" etdi. Artıq bu məlumatlar açıqlanmır. Çünki, İbrahim müəllim bu məlumatların açıqlanmasını məsləhət bilmir. Belə görünür ki, "Anekdot" Ququş deyil, İbrahim müəllimin köhnə hamama gətirdiyi yeni qaydalardır. mənbə: tendensiya.com
Xaricdən gələn kadrlara hər zaman böyük ümidlər bəslənilir. Bu səbəbdən mətbuat nümayəndələrinin də ümidləri ictimaiyyətlə əlaqələr sahəsində daha da peşəkar bir iş ortaya qoyulacağı ilə bağlı idi. Lakin kiçik araşdırma apardıqda gördük ki, İbrahim müəllimin "beynəlxalq iş təcrübəsi" sadəcə xaricdə könüllü tələbələrdən ibarət bir qrup gənci idarə etməkdən ibarət olub.Adətən, belə işləri məmur övladları xaricdə boş-bekar qalmasınlar deyə görürlər. Axtarış aparanda isə onun imzası ilə beynəlxalq enerji layihələri barədə şərhlər tapmaq əvəzinə Əhmədovun əvvəllər din mövzusunda tədqiqatçı-alim olduğu aydınlaşdı (http://xalqcebhesi.az/news.php?id=11).
Yeri gəlmişkən, İbrahim Əhmədov şirkətdə başqa bir "zakon" da qoyub: SOCAR haqqında nə qədər az xəbər yayılsa, bir o qədər yaxşıdır. Tam ciddi! Yəni, mətbuat qurumları bundan sonra digər statistik məlumatlardan da əlini üzsün.
İstər-istəməz sual yaranır ki, SOCAR kimi daim ictimaiyyətin sual mərkəzində olan bir qurumda lal-kar mətbuat xidmətinin yaradılmasında məqsəd nədir? Dövlətin bütün sahələrdə şəffaflıq təmin etməsinə verilən "tövfə"?