Azİmport 540 işçinin pulunu vermir...

Azİmport 540 işçinin pulunu vermir...SOCAR tək Azİmport MMC-yə deyil, daha 18 şirkətə də pul ödəməlidir ki, işçilərin maaşlarını verə bilək.

"AzerTaym.az"-ın bildirdiyinə görə, bu sözləri Axar.az-a Azİmport MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Eyvazov 540 işçinin 5 aydan çoxdur şirkətdən əmək haqqlarını ala bilməməsi ilə bağlı şikayətlərinə reaksiya verərkən deyib. Mətbuat katibinin sözlərinə görə, Azİmport MMC-dən şikayət edən işçilərin işi ilə şəxsən Rövnəq Abdullayev özü məşğul olur. Bununla əlaqədar R.Abdullayev Nazirlər Kabinetində də olub:

“Problem tezliklə həll olunacaq. Azİmport şirkətinin burada nə günahı var axı? Maliyyə veriləndən sonra maaşlar ödəniləcək. Problem tək bizim şirkətdə deyil. 15-18 şirkət var ki, SOCAR onlara pul ödəməlidir. Həmçinin bizim şirkət də ora daxildir. Biz məsuliyyəti SOCAR-ın üzərinə atmırıq. Rövnəq müəllim özü bildirib ki, bu məsələni Nazirlər Kabinetində qaldırmışam”.

Pulu kim ödəməlidir: SOCAR, yoxsa Azİmport?

Azİmport MMC-nin Bayıl ərazisində abadlıq işləri aparan briqadalarından birinin rəhbəri Elşən Əliyev Axar.az-a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar baş icraçı SOCAR-a çağırılıb:

Baş icraçı Əsəd İsayev SOCAR-da Bədəl müəllimin qəbulunda olub. Bədəl müəllim bildirib ki, növbəti aya pullar ödəniləcək. Gözləyirik. Şirkət SOCAR-ın ona ilkin olaraq ödədiyi məbləği özü xərcləyib. Ancaq əslində o pullarla bizim maaş verilməli idi. Burada SOCAR-ın günahı yoxdur. Bizə pulu Azİmport ödəməlidir”.

SOCAR pulu ödəyib

Məsələyə münasibət bildirən SOCAR mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev qeyd edib ki, Azimport MMC abadlaşdırma ilə bağlı işi tenderdə udub, SOCAR da vaxtlı-vaxtında MMC-yə pul ödəyib:

“Bu kontekstdə SOCAR-ın adının keçməsi düzgün deyil. Ona görə ki, 4 ay müddətində Azimport MMC-yə ödənişlər olub. Onlar öz fəhlələrinin pulunu vermirlərsə, burada bizim günahımız yoxdur. Onlara ödənilən pulla işçilərin maaşları verilməli idi”.

Xatırladaq ki, Azİmport MMC şirkəti “Şanxay” adlanan ərazidə yol kənarındakı tikililərin dam örtüklərini və divarlarını rənglətdirdiyi işçilərin maaşlarını 4 aydan çoxdur ki, ödəmir. Əmək haqqını ala bilməyən işçilərin sayının 540 nəfər olduğu deyilir. Azİmport MMC-nin işçilərə ümumilikdə 1.838.000 manat borcu yaranıb.






Fikirlər