“Prezidentin “Naz-Lifan”larla bağlı göstərişindən sonra 200 MİNƏ "BMW" alan məmur var”
Vidadi Mirkamal: “Büdcə ilə bağlı ciddi problemlər yaranacaq” Ermənistanda hökumət üzvlərinə məxsus 400-ə yaxın xidməti avtomobil satışa çıxarılıb. Bu avtomobillərin satışından əldə ediləcək vəsait dövlət büdcəsinə daxil ediləcək. Maraqlıdır, Azərbaycanda da hökumət üzvlərinə məxsus avtomobillərin bir qismi dövlət büdcəsi xeyrinə satışa çıxarıla bilərmi? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ehtiyyatda olan ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal Azərbaycanda dövlət büdcəsinə qənaətlə bağlı heç bir istək və hərəkətin müşahidə edilmədiyini vurğuladı: “Neft pulları Azərbaycana gələn zaman biz də , iqtisadçılar da bildirirdi ki, ölkədə zəruri islahatlar həyata keçirilməlidir. Makro, mikro iqtisadi göstəricilər yüksəldilməlidir. İqtisadi islahatlar həyata keçirilməlidir. Neftdən asılılığın aradan qaldırılması üçün bu, vacib idi. Lakin neft bumu zamanı hakimiyyət 7-10 milyard manat məbləğində tikintiyə, yolların çəkilməsinə vəsait ayırdı. Hər kəsə bəllidir ki, tikintiyə ayrılan vəsait ən yaxşı korrupsiya mənbəyidir. Yəni bunca müddət ərzində büdcə talanıb. Bu hakimiyyətdən büdcə qənaəti gözləmək sadəlövhlük olar. Bizdə büdcə sahibkarlardan tutulan qanunsuz pullar hesabına doldurulur. Prezidentin “Naz-Lifan”larla bağlı göstərişindən sonra 200 minə "BMW" alan məmur var. Bu isə o deməkdir ki, bir müddətdən sonra hakimiyyətin büdcə ilə bağlı ciddi problemləri yaranacaq”.