PREZİDENTin məmurlara təklif etdiyi «LİFAN»lar

Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 çeşiddə minik avtomobili istehsal edir.

Fins.az xəbər verir ki, istehsal olunan modellər NAZ-Lifan 720, NAZ-Lifan 820 (Premium modellər), NAZ-Lifan 620, NAZ-Lifan 630 (sedan modellə), NAZ-Lifan X50 və X60 (SUV), NAZ-Lifan 320 və 330 (Mini) modelləridir.

NAZ-Lifan 720 modelinin qiyməti 14 min manatdan, 820 modelinin qiyməti 22 min manatdan, X60 modelinin qiyməti də 14 min manatdan başlayır.

NAZ-Lifan 720 və NAZ-Lifan 820

Bəs məmurlara adıçəkilən zavodda istehsal edilən hansı modellər təklif edilə bilər? Bu gün söhbət əsas iki modeldən gedir - "Lifan 820" və "Lifan 720". Dövlət məmurlarının bir çoxunun xidməti maşınının qiyməti 80-200 min avro arasında dəyişir. Öz istehsalımız olan "Lifan"ların qiyməti isə bundan daha aşağıdır. Qeyd edildiyi kimi, "Lifan 820"nin qiyməti 22 min, "Lifan 720"i isə 14 min manat civarındadır. Birincinin sürət qutusu avtomat, "Lifan 720"də isə mexanikadır. Qeyd edilən modellər şəhər içi 100 kilometrə 8-9 litr yanacaq işlədir. Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyir ki, bu maşınlar rahatlıq baxımından hal-hazırda məmurların istifadə etdiyi modellərdən heç də fərqlənmir.

"İSTEHSAL GÜCÜMÜZÜ 15 MİNƏ ÇATDIRA BİLƏRİK"

Musa Abdullayevin sözlərinə görə, bu gün zavodun kifayət qədər imkanı var ki, məmurları maşınlarla təmin etsin. İndiyədək 5 mindən çox maşın istehsal edilib. Lazım gələrsə, iki növbəli işləyib bu say 10 minə və ya əlavə işçi qüvvəsi götürüb 15 minə də çatdırıla bilər. Əsas odur ki, alıcı qüvvəsi çox olsun.

QİYMƏT ÜÇÜN ÇİNƏ SƏFƏR EDİLƏCƏK

Yerli avtomobillərin alınmasının mühüm üstünlüyündən danışan direktor onların xarici analoqlarından xeyli ucuz olduğunu deyir. "Bu avtomobillərin hissələri digər "inomarka"lardan fərqli olaraq daha ucuzdur. Düzdür, devalvasiyadan sonra qiymətlərdə fərq olacaq, çünki maşının 100% hissəsi Çindən gətirilir, Naxçıvanda yığılır. Amma bu yaxınlarda Çinə səfər etmək və qiymətlərdə razılığa gəlməklə bağlı bir fikrimiz də var. Biz də istəmirik ki, qiymətlər çox qalxsın, əksinə, alıcı qüvvəsi çoxaldıqdan sonra bəzi güzəştlər etmək niyyətindəyik". Hazırda NAZ-ın ölkə ərazisində 3 yerdə servis mərkəzi var: Naxçıvan, Bakı və Gəncədə. Amma avtomobillərin satışının artması ilə əlaqədar, lazım gələrsə, mərkəzlərin Xaçmaz, Lənkəran və Şəkidə də açılacağı gözlənilir

Xatırladaq ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev "Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir", - deyə bildirmişdi.






Fikirlər