Azərbaycanda avtobus istehsal olunacaq?

“Azərbaycanda avtobus istehsal olunacaq?

“Bu və ya digər istehsal obyektinin, zavod və ya müəssisənin yaradılması işi təkcə daxili bazarın tələbatı nəzərə alınmaqla həyata keçirilə bilməz. Bunun üçün xarici bazarlar da nəzərdən keçirilməli və ixrac imkanları da mütləq hesablanmalıdır”.

Bunu açıqlamasında Azərbaycanda yerli avtobus istehsalı müəssisəsinin yaradılması ideyasını şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov belə deyib. Onun fikrincə, bu, xüsusən də maşınqayırma sahəsində nəzərə alınmalıdır: "Məlumdur ki, indiyədək Naxçıvandan savayı ölkəmizin digər bölgələrində də avtomobil istehsalı məqsədilə müvafiq istehsal müəssisələri yaradılsa da, bunlar effektli olmayıb. Bundan əlavə, Neftçala sənaye parkında avtomobil üzrə Azərbaycan-İran birgə zavodunun təməli qoyulub. Layihənin ümumi dəyərinin 22,5 milyon manat olduğu, zavodun 10 hektar ərazidə tikiləcəyi və ildə də 10 min avtomobil buraxacağı deyilir. "Samand", "Soren", "Dena" və "Runna" modelləri. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. Maraqlı olan bu deyil. Qeyd olunur ki, istehsal ediləcək avtomobillərin 20 faizi ixrac ediləcək. Sual olunur ki, istehsal ediləcək avtomobillərin 20 faizi haraya ixrac ediləcək?! Çünki qonşu ölkələrdə bunların reallaşdırılması imkanları sıfıra bərabərdir. İldə 10 min avtomobil, "Samand", "Soren", "Dena" və "Runna" modelləri haraya ixrac olunacaq?! Təbii ki, zavodda 300 yeni iş yerinin açılacağı mühüm faktordur. Lakin Azərbaycan tərəfinin yatıracağı az qala 12 milyon dollara yaxın vəsaitin müqabilində 300 sayda yeni iş yeri az deyilmi?"

Ekspertin fikrincə, hər halda bu sahədə dünyanın tanınmış brendlərinin Azərbaycana cəlb edilməsi daha səmərəli olardı: "Əlbəttə, biz, ölkəmizə məxsus "AzEuroCar" və İranın "Iran Khodro" birgə layihəsi olan sözügedən zavodun gələcək fəaliyyətini şübhə altına almırıq. Lakin görəsən, biz niyə avtomobil və sair istehsalında dünyanın "Mercedes", "Volkswagen", "Hyundai", "BMW", "Mitsubishi", "Toyota" və sair kimi şirkətlərə "qapılarımızı açmırıq", əvəzində İran ilə əməkdaşlığa üstünlük veririk? Məsələn, qardaş Türkiyədə "Ford", "Fiat" kimi avtomobillər yığılır. Nəyi pisdir ki?!

Sərnişin nəqliyyatı üçün də avtobusların birgə istehsalı məqsədilə müəssisə yaratmaq pis ideya deyil. Bu sahədə Cənubi Koreya şirkətləri ilə əməkdaşlıq uğurlu nəticələr verə bilər və istehsalın nəticələrini qonşu ölkələrdə daha yaxşı reallaşdırmaq mümkündür. Sadəcə olaraq, bu işlə sahibkarlar da maraqlanmalıdırlar. Müvafiq təşəbbüs olmalıdır".






Fikirlər