YARIM milyonluq maşınları KİM sifariş edib? - 12 “Bentley”nin PULU ÖDƏNİB
Dünyada istehsal olunan bahalı avtomobillərin satıldığı ölkələrdən biri də Azərbaycandır. Ölkəyə gələn əcnəbilər Azərbaycanı böyük ölçülü maşınlarla xarakterizə edir. Bu tip “cip”lər neftlə zəngin Şərq ölkələri, o cümlədən Azərbaycan üçün istehsal olunur. Həmin böyük maşınları istehsal edən ölkələrdə isə o ölçüdə avtomobillər gözə dəymir. Dəyəri 200-500 min dollar olan maşınlar dəbdəbəli həyata üstünlük verən insanlara satılır. Azərbaycana gətirilən avtomobillər də zaman-zaman mediada müzakirəyə səbəb olub. Bir neçə halda milyondan çox qiyməti olan avtomobillərin gömrükdə saxlanılaraq ölkəyə buraxılmadığı barədə məlumatlar yayılıb. Bu günün iqtisadi çətinliklərinin paytaxtda tıxacı azaltdığı dönəmdə “Qafqazinfo” maraqlı araşdırma aparıb. Məlum olub ki, bahalı maşınlara olan maraq bu çətin dövrdə də azalmayıb, hətta artıb. Belə ki, yüksək qiymətli maşınların əksəriyyəti artıq sifariş olunub. Məsələn, redaksiyaya daxil olan məlumata görə, “Bentley Azerbaijan” şirkəti bu il ölkəmizə 12 avtomobil gətirməyi planlaşdırıb. Artıq bütün avtomobillərin pulu tam ödənərək sifariş olunub. Bu avtomobillərin hər birinin qiyməti 500 min dollardan çoxdur.
Eyni mənzərə digər bahalı markalı avtomobillərdə də var. Məsələn, “Lexus LX 570” model avtomobilin 2016-cı il buraxılışı üçün artıq sifarişlər tamamlanıb. Bu avtomobillərin ilk göndərişi martın sonuna planlaşdırılıb. Şirkətdən “Qafqazinfo”ya bildirilib ki, hazırda sifariş olunmayan 2 avtomobil qalıb. Qalan bütün avtomobillərin sahibi artıq məlumdur. Bu model maşınların qiyməti təxminən 200-250 min manatdır. Avtomobil salonlarının Bakı üçün sifariş edərək gətirdiyi və bir neçə gün öncə satışa çıxarılan “Range Rover” 483 min manata, “Mercedes S 65 AMG” 499 min manata, 2015-ci il buraxılışlı 510 at gücündə “Range Rover” 429 min manata, maşın həvəskarları arasında “Qalik” və ya “Gallenwagen” adlandırılan “Mercedes G 63 AMG”-nin 2016-cı il buraxılışı 382 min manata, “Mercedes S 500” 466 min manata təklif olunur.
“Lamborghini Azerbaijan” mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, bu il üçün sifariş olunan avtomobillərin sayı məxfi məlumat hesab olunur və açıqlanmır. Bu avtomobillərin qiyməti isə sifariş zamanı təchizatla bağlı seçilən özəl istəklərdən asılı olaraq dəyişir. Ümumi olaraq, bu brend adı altında olan avtomobillərin qiyməti yarım milyon manat ətrafında olur. *** Reportajı saytda oxuyan məlumatlı oxuculardan biri redaksiyamızla əlaqə saxlayaraq maraqlı məlumat açıqlayıb. Oxucu bildirib ki, əslində sözügedən bahalı maşınların heç də hamısı müştərilər tərəfindən alınmır. Çünki distribüterlərin avtomobil istehsal edən zavodlarla müqavilələri olur. Həmin müqaviləyə əsasən, onlar avtomobili almalı və pulunu ödəməlidirlər. Əks halda, distribüterlik ləğv olunur. Bu problemdən qorunmaq üçün bahalı avtomobillər düstribüterlərin özləri tərəfindən alınır, qarajlarda saxlanılaraq sonrakı dövrlərdə satılır. Murad Əhməd
AzerTaym.az