Azərbaycanda satılan ən bahalı və ən ucuz avtomobillər - SİYAHI

- SİYAHIÖlkəmizə yarım milyonluq avtomobillər də gətirilir, amma bu kütləvi idxal deyil

Ekspert Ramil Osmanlı yaxın gələcəkdə Azərbaycanın avtomobil bazarında vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümidli deyil. Avtosfer.az xəbər verir ki, ekspert modern.az saytına avtomobil bazarında hər hansı irəliləyiş olmadığını bildirib: “Qəbul edilən son qərarların maşın bazarına tez təsir edəcəyini düşünmürəm. Avtomobil bazarının spesifikliyi həm də ondadır ki, burda əmlak subyektlərinin qiyməti kifayət qədər yüksəkdir. Alınacaq əmlak subyektləri üçün maliyyə resurslarını tez toplamaq mümkün deyil. Təbii ki, burada kənar maliyyə qaynaqlarından, kreditlərdən istifadə zəruridir. İndiki halda isə kreditdən istifadə mümkün deyil. Hazırda makroiqtisadi göstəricilərin kəskin azalması prosesi baş verir. Hətta bunun fonunda Azərbaycan hökuməti büdcə müzakirələri zamanı gəlir və xərclərdə xeyli azalmalar etdi. Son 9 ayın nəticələri idxalın 2 dəfəyə qədər azaldığını göstərir. Azərbaycanda hökumət tərəfindən avtomobilləşməyə inzibati qarşı qərarların qəbulu iqtisadi proseslərin fonunda avtomobil bazarında müsbətə doğru dəyişiklik vəd etmir”.

Ramil Osmanlı qeyd edir ki, hökumətin atdığı addımlar əslində, ölkədə avtomobilləşmə və bunun fonunda tıxacların qarşısının alınmasına yönəlib: “Ölkə başçısının gömrüklə bağlı son fərmanının avtomobil bazarına hər hansı təsiri olmayacaq. Çünki avtomobillərin gətirilməsi qadağan olunan məhsullar içərisindədir. Təəssüf ki, hökumət Azərbaycanda tıxac və nəqliyyat infrastrukturunun bərpa olunması, normal vəziyyətə salınmasını ölkəyə gətirilən avtomobillərin sayının azaldılmasında, nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı tətbiq olunan inzibati qadağalarda görür. Son 10 ilin hesabatlarında nəqliyyat infrastrukturuna 10 milyard manatdan artıq vəsait sərf olunduğu qeyd edilir. Bu qədər vəsaitin sərf olunduğu ölkədə nəqliyyatın hərəkətinə mənfi təsir göstərəcək inzibati qaydaların qəbulu absurddur. Bu baxımdan hesab edirəm ki, hökumət qəbul etdiyi qərarın ölkə iqtisadiyyatına mənfi təsirlərini düşünmür. Çünki dövlət büdcəsinə avtomobil idxalından kifayət qədər vəsait daxil olurdu. İdxalın azalması bu vəsaitlərin də qarşısını alır”.

Bahalı avtomobil markalarına gəlincə, ekspert deyib ki, hazırda bazarda kəskin ucuzlaşma var: “Yeni avtomobillərin qiymətinin azalmasını isə rəsmi nümayəndəliklər kampaniya adı altında həyata keçirirlər. Bütövlükdə, hələ də təkrar bazar üzrə “Mercedes Benz” markasına tələb çoxdur. Nəzərinizə çatdırım ki, Azərbaycanda yeni avtomobillərə maraq kifayət qədər artıb. Cənubi Koreyanın “Hunday”, “KİA” , Yaponiyanın “Toyota”, “Nissan” markaları tələb olunanlar siyahısında ilk yerləri bölüşür.

Azərbaycana yarım milyonluq avtomobillər də gətirilir, amma bu kütləvi idxal deyil. Kütləvi şəkildə gətirilən, açıq şəkildə alqı-satqıya cəlb olunan nəqliyyat vasitələri arasında qiyməti ən baha olan “Mercedes benz”in təqdim etdiyi “S Class Long”un qiyməti 230-236 min manat, 7-ci seriyadan olan “BMW Alpina”nın qiyməti  201-205 min manat civarında dəyişir. Ən ucuz avtomobillər isə İranın 6-7 min manata təklif edilən “SAİPA” avtomobilləridir. Rusiyadan qiyməti 7500-8500 min manat arasında dəyişən avtomobillər də gətirilir”.






Fikirlər