Bakıda sahibkarlara məxsus obyektlər sökülür. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (keçmiş Razin stansiyasının yaxınlığı) yerləşən bir neçə obyektin söküntüsü bu gün də davam etdirilib. Söküntü işləri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bəzi sahibkarlar isə söküntünün qanunsuz aparıldığını deyir.
Mayın 12-də saat 17 radələrində icra hakimiyyətinin əməkdaşları söküntü işlərini davam etdirmək üçün qeyd edilən ünvana yenidən gəliblər. Ərazidə olan “Yaşı ada” kafesi sökülüb.
Musavat.com-un əməkdaşı da söküntü işlərinin aparıldığı ünvanda olub. İcra hakimiyyətinin nümayəndələri ilə yanaşı rayon polis idarəsinin xeyli sayda əməkdaşı da söküntü aparılan əraziyə cəlb olunmuşdu. Sahibkarlara və onların yaxınlarına söküntüyə heç bir müdaxilə edilməməsi ilə bağlı xəbərdarlıq edilmişdi. Biz ərazidə olarkən obyektin dam örtüyü tamamilə söküldü. Sahibkar isə məhkəmənin obyektə heç bir müdaxilə etməməsi ilə bağlı qərar çıxarmasına baxmayaraq söküntü işlərinin başlamasından narazıdır.
Söküntüsü davam etdirilən “Xidmət” fərdi müəssisəsinin direktor müavini Fərhad İsmayılov söküntü işinin qanunsuz olaraq aparıldığını və onlara məxsus olan əmlakın bir neçə gün ərzində məhv edildiyini deyir.
Müəssisənin “Yaşıl ada” adlı əlavə kafe kimi fəaliyyət göstərən hissəsi də olub. Ümumi sahəsi 300 kvadratmetrdən çox olan obyektin əvvəlcə kafe olan hissəsi sökülüb. Daha sonra içərisindəki əşyalar İcra Hakimiyyətinin işçiləri tərəfindən aparılıb.
“Bir neçə gün əvvəl də obyekti sökməyə gəldilər. Həyətdə olan kabinetləri söküb apardılar. Söküntüyə etiraz edirsən, deyirlər ki, icra başçısının göstərişi var. Bütün əşyaları içəri yığmışdıq. Qapını balta ilə sındırıblar. Stol-stul, qab-qacaq və nə qədər əşyamız varsa hamısını aparıblar. Həyətdəki əşyaları da biz buda olmayanda axşam saatlarında yığışdırıblar. İndi əşyalarımızdan da xəbərsizik. Bakı Apellyasiya Məhkəməsinin qərarı var ki, razılıq əldə edilənə qədər obyektə heç bir müdaxilə edilə bilməz”- deyə F.Əhmədov qeyd edib.
Söküntü işlərinin getdiyi ərazidə icra hakimiyyəti tərəfindən park salınacaq. Artıq bununla bağlı işlərə də başlanılıb. Yeni park salınacağı haqda əvvəlcədən sahibkarlara xəbərdarlıq da edilib. Lakin o zaman sahibkarlara vəd edilib ki, onlar narazı qalmayacaq.
Obyektin bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, onlara kompensasiya verilməməsindən narazı olan F.Əhmədov əvvəlcə icra başçısı ilə görüşdüklərini və bu cür haqsızlıqla qarşılaşacaqlarını düşünmədiklərini deyir: “İcra başçısı söküntülər başlamadan bu ərazidə olan bütün sahibkarlarla görüşdü. Dedi ki, narazı qalmayacaqsınız. Bu obyekti 1999-cu ildə 780 min dollar almışıq. İndi bazar qiyməti 1 milyon 200 min manatdır. Biz heç bunu da istəmirik. Verdiyimiz pulu istəyirik”.
Son olaraq isə sökülən obyektə görə sahibkara 350 min manat təklif olunub. Obyekt sahibi isə bununla razılaşmır.
Sahibkar təklif olunan məbləğlə razılaşmadıqda isə obyekti yavaş-yavaş sökməyə başlayıblar. F.Əhmədov deyir ki, söküntünü aparan İcra Hakimiyyətinin işçilərindən tələb ediblər ki, söküntü ilə bağlı qərarı onlara təqdim etsinlər. Lakin onlara bildirilib ki, icra başçısının göstərişidir və heç bir sənədə də ehtiyac yoxdur.
“Əgər bizim obyekt qanunsuzdursa, söksünlər. Axı, bu, belə deyil. Söküntü başlayanda soruşursan ki, axı, niyə məhkəmə qərarı olmadan bu işi görürsünüz. Deyirlər ki, icra başçısı tapşırıbsa, vəssalam. Söküntüyə gələndə 20-30 polis gəlir. Xəbərdarlıq da edirlər ki, işə müdaxilə etməyin. Biz haqqımızı tələb edirik. Park salmaq üçün sökürlərsə, lap yaxşı. Axı bizim əmlakımızı dəyər-dəyməzinə niyə dağıtmalıdırlar?”- deyən F.Əhmədov narazı olduqlarını və bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklərini bildirir.
Ərazidə olan digər obyektlərin də bir hissəsi sökülüb. Növbəti günlərdə isə qalan obyektlər söküləcək. Bəzi obyektlə qeyri-qanuni olaraq tikildiyindən onların söküntüsü necə deyərlər səs-küysüz baş tutub. Ancaq həmin sahibkarlara da dəymiş ziyana görə kompensasiya veriləcəyi deyilib. Lakin söküntüdən sonra həmin obyekt sahibləri verilən vədə əməl edilmədiyi üçün narazı qalıb.
Söküntü işləri aparılarkən ərazidə olan Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndərələrinə yaxınlaşaraq, sahibkarların iddialarına münasibət öyrənmək istədik. Lakin İcra Hakimiyyətinin nümyəndələri bizə açıqlama verməkdən imtina etdilər. Polis əməkdaşları isə söküntünün icra hakimiyyəti tərəfindən aparıldığını və məlumat öyrənmək üçün İcra Hakimiyyətinə müraciət etməyimizi məsləhət gördülər.
Fikirlər