“Qara qızıl” dönəmi bitdi, “Ağ qızıl” bizə “ağ gün” vəd edir?

bitmap-img6

Vahid Məhərrəmov: “Gələcəkdə Azərbaycanda torpağın keyfiyyəti ilə bağlı çox ciddi problemlər olacaq və artıq biz bu problemləri yaşayırıq”

 

“Bu gün dünya bazarında pambığa tələbat qədər ehtiyat var, həm də hər il tələbatdan artıq istehsal olunur”.
Bu sözləri bir zamanlar ölkənin əsas strateji iqtisadi sahələrindən biri olan pambıqçılıqla bağlı son vəziyyəti kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmov PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi sentyabrın 17-də Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsi keçirildi. Prezident müşavirədə qeyd edib ki: “Dünyada neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycanın gəlirləri də 3-4 dəfə azalıb. Ölkəyə valyuta axınını təmin etməkdən ötrü ixrac imkanlarını gücləndirmək lazımdır. Ona görə, ixrac yönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır, pambıq da ixrac yönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa “ağ qızıl” deyirlər”. Həmçinin dövlər başçısı 2016-cı ili pambıqçılığın bərpasının ilk ili adlandırıb.  
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis, ekspert Vahid Məhərrəmova müraciət edib. 
Vahid Məhərrəmov: “Pambıqçılıqda bir sıra problemlər var ki, yalnız növbəli əkin sistemini tətbiq etməklə onlar aradan qaldırıla bilər”.
Ekspert qeyd edib ki, Azərbaycanı aqrar ölkəyə çevirmək üçün yalnız pambıqçılığın inkişafı kifayətlənmək olmaz. Pambıqçılıqla paralel digər sahələr də inkişaf etdirilməlidir:
“Kənd təsərrüfatından məsuliyyətli olan məmurlar ölkədə pambıqçılığı bərbad hala salıblar. Çox təəssüflər olsun ki, bu sahədə elmi inkişaf etdirməyiblər. Yəni sovet dövründən qalan sənaye müəssisələri də bağlanıb və primitiv texnologiyadan istifadə olunur. Pambıqçılıq sahəsindən demək olar ki, alimlər də artıq uzaqlaşdırılıb və bu sahənin inkişafında ciddi problemlər yaranıb. Qeyd edim ki, Azərbaycanı aqrar ölkəyə çevirmək üçün yalnız pambıqçılığın inkişafı kifayətlənmək olmaz. Pambıqçılıqla paralel digər sahələr də inkişaf etdirilməlidir. Ona görə ki, burada söhbət növbəli əkin sistemin yaradılmasından gedir. 
Pambıqçılıqda bir sıra problemlər var ki, yalnız növbəli əkin sistemini tətbiq etməklə onlar aradan qaldırıla bilər. Hətta bu sahədə suvarma sisteminə olan tələbatın ödənilməsi də yetərincə deyil. Onu da qeyd edim ki, pambıqçılıq sahəsində rəqabət mühiti də yoxdur. İnzibatçılıq metodu ilə pambıqçılıq sahəsin inkişaf etdirmək istəyirlər, amma bu sahə bazar iqtisaddiyatı şəraitində inkişaf edə bilər. 

Vahid Məhərrəmov: “Dünya bazarında pambıqçılıq sahəsi üzrə elə ciddi oyunçular var ki, onlarla rəqabət aparmaq bizim üçün çox çətin olacaq və bizim bu rəqabəti yaxın vaxtlarda aparacağımız da mümükün deyil”.

Həm də pambığın qiymətin 50 qəpik elan edirlər. Amma hansı sortun, yəni 1,2,3-ü sortun hansının qiymətidi 50 qəpikdir, bilən yoxdur. Bir məsələni də deyim ki, digər ölkələrlə müqayisədə pambığın alınma qiyməti bizim ölkədə çox aşağıdır. Fermerlər Türkiyədə, İranda pambığı 90 sentə, Azərbaycanda isə 33 sentə alırlar. Əlbəttə bu çür hallar da pambıqçılığa olan marağı azaldır. Yəni indiki halda hakimiyyətin gördüyü iş əsas vermir ki, onlar desinlər ki, pambıqçılıq sahəsi inkişaf edəcək. Əksinə məndə bu sahənin inkişafı etdirilməsi ilə bağlı ümid azalır, çünki bilirəm ki, inzibati yolla pambıqçılığı inkişaf etdirmək olmayacaq. Heydər Əliyevin vaxtında da inziabti yolla pambıqçılığı inkişaf etdirmək istədilər, amma bu metod o vaxtı da alınmadı. Buna görə də rəqəmləri şişirtdilər. Yəni təxmini istehsal olunan qədər də rəqəmi artırdılar. 
Pambıqçılıqla bağlı elmi mərkəz yaradılmasa, oraya çox yaxşı təcrübəsi olan, müasir dövrin tələbinə cavab verən alimlər cəlb edilməsə, yeni texnikanın, texnoloji avadanlıqların, texnologiyanın tətbiqi olmasa, bu sahəni inkişaf etdirmək olmayacaq. İndiki şəraitdə pambıqdan gəlir gələcəyinə ümid etmək olmaz. Çünki dünya bazarında pambıqçılıq sahəsi üzrə elə ciddi oyunçular var ki, onlarla rəqabət aparmaq bizim üçün çox çətin olacaq və bizim bu rəqabəti yaxın vaxtlarda aparacağımız da mümükün deyil. Bu gün dünya bazarında pambığa tələbat qədər ehtiyat var, həm də hər il tələbatdan artıq istehsal olunur. Bu da onu deməyə əsas verir ki, bu bazar stabil deyil. Dediyim kimi bu bazarda ciddi oyunçular var. Məsələn Çin, Hindistan, ABŞ, pambığı İsrail özü istehsal edir, özü də istehlak edir. Bu ölkələr pambığın istehsalı ilə yanaşı, emalını da ən yüksək səviyyədə qurublar. Buna görə də biz pambıqçılıq bazarına ümid bəsləyiriksə, indiki şəraitdə bu yersizdir. 

Vahid Məhərrəmov: “Fermerlərdən Türkiyədə, İranda pambığı 90 sentə, Azərbaycanda isə 33 sentə alırlar”.

Çox təəssüflər olsun ki, Azərbaycanda torpağın reqradasiya prosesi, şoranlaşması, erroziyası surətlə gedir. Biz 20 il ərzində demək olar ki, torpaqların münbit hala salınması, münbitliyin bərpa edilməsi, şoran torpaqlarının yuyulması, onların bərpa edilməsi istiqamətində hər hansı addım ata bilmədik. Biz torpaqlarımız üzərində xeyli işləməliyik. İndi xam torpaqlar əkilir və o torpaqlar dövriyyəyə buraxılır. Bu da yaxşı hal deyil. Çünki bir yandan 1,8 milyon hektar əkin sahəmiz olan torpağı sıradan çıxarırıq, bir yandan da hələ xam olan torpaqlar da sıradan çıxır. Yəni bu naşıların gördükləri iş ondan xəbər verir ki, gələcəkdə Azərbaycanda torpağın keyfiyyəti ilə bağlı çox ciddi problemlər olacaq və artıq biz bu problemləri yaşayırıq. Çünki məhsulldarlıq düşür, məhsulun keyfiyyəti pisləşir, kənd təsərrüfatı istahsalçıları bir çox hallarda zərərə məruz qalır. Bütün bunlar da ona görə baş verir ki, torpağın keyfiyyəti mənfi istiqamətə dəyişir. Yəni mən düşünürəm ki, bütün bu problemlərlə bağlı hökumət müəyyən işlər görməlidir”. 

 






Fikirlər