FÜZULİDƏ müşavirə keçirildi
Prezident İlham Əliyevin respublikada pambıqçılığın və baramaçılığın inkişafına dair tapşırıqları, bununla bağlı Prezident Administrasiyasında keçirilmiş müşavirələrdə verilmiş tövsiyələrin yerlərdə icra vəziyyətinin öyrənilməsi ilə əlaqədar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində müşavirə keçirilib. Müşavirədə rayon rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının məsul şəxsləri də iştirak ediblər. AzerTaym.az
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı sahəsində görülən tədbirlərdən danışıb. Bildirib ki, ölkə başçısı yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsidir.
Müşavirədə aşağıdakı təkliflər irəli sürülüb:
Torpağın yemləmə rasionunu düzgün müəyyənləşdirmək üçün qabaqcadan torpaqların analizi aparılması, bitkilərin təlabatına uyğun suvarılma aparılması, üzvi gübrələrin yerlərdə hazırlanmasına diqqət yetirilməsi, pambıq əkininə görə istehsalçılara subsidiyalar verilməsi.
Qeyd edilib ki, ərazilərin işğal olunması və baramaçılığın diqqətdən kənarda qalması nəticəsində rayonda əvvəllər mövcud olmuş tut bağları 20 ildən çoxdur ki, ləğv edilib. Ona görə də yeni tut bağları salınması və ilk illərdə tut yarpaqlarının alınması üçün istehsalçılara subsidiyalar verilsin.
Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.