Sentyabr ayının 15-dən etibarən paytaxt bazarlarında ətin qiymətində artım müşahidə olunsa da, dünəndən qiymətlər əvvəlki qiymətinə qaytarılıb.
Musavat.com-un müxbiri son bir həftədə ət bazarında olan vəziyyəti müşahidə edib. Məlum olub ki, ötən həftənin sonlarından başlayaraq, qəssabxanalarda 8 manat 50 qəpiyə satılan mal ətinin kiloqramı 9 manat 50 qəpiyə olub. Sümüksüz mal əti 10 manat 50 qəpiyə, qoyun əti isə 11 manata satılıb.
Bu gün isə paytaxt bazarlarında apardığımız müşahidələr göstərdi ki, ətin qiyməti ayın əvvəlindəki həddə enib. Hazırda mal ətinin bir kiloqramı 8.5 manata, sümüksüz ət 9.50-10 manata, qoyun əti isə10 manata satılır.
“Neapol” dairəsi yaxınlığında onlarla ət dükanında mal və qoyun əti satışı həyata keçirilir. Burada apardığımız müşahidələr də göstərdi ki, son bir həftə ərzində ətin qiymətində 1.50-2 manat civarında artım olub. Lakin sonradan satıcılar alıcılığın azalmasını müşahidə edərək qiymət artımını dayandırıblar.
Qəssablarla söhbətləşib, ətin bahalaşmasının səbəblərini öyrəndik. Ələmdar adlı satıcı bildirdi ki, qiymət artımının səbəbi ölkənin heyvan bazarlarında yaranan qıtlıqdan irəli gəlir. Artıq qəssablar əvvəlki kimi istədikləri qədər heyvan ala bilmirlər: “1 həftədir ki, bazarlarda heyvan qıtlığı yaşanır. Bu səbəbdən də quzu və mal ətinin qiymətlərində kəskin artım var. Ölkəmizdə bir neçə heyvan bazarı var ki, həmin bazarlarda iri və xırdabuynuzlu heyvanların qıtlığı yaşanmaqdadır. Ötən bazar cəmi iki heyvan ala bildik. Gördüyünüz kimi, piştaxtalarda ət azdır. Soyuducular boş qalıb. Ancaq qiyməti qaldırmaq istəsək də, əhali buna hazır deyil. İnsanların maddi durumu zəif olduğundan bahalaşma da tələbatı azaldır”.
Digər satıcı isə ət bazarında yaranan böhranın səbəbi kimi Gürcüstandan gətirilən heyvanların ölkəyə girişinə qadağa qoyulmasını göstərdi: “Ölkəmizdə heyvandarlıq inkişaf etsə də, bu, daxili tələbatı ödəmir. Bazarlara çıxarılan heyvanların çox hissəsi qonşu Gürcüstandan gətirilirdi. Eşitdiyimizə görə, hansısa səbəbdən buna qadağa qoyulub. Ona görə də, bu gündən ətin bahalaşması qaçılmazdır. Bu gün olmasa belə, qış aylarında qiymət artacaq”.
Heyvan bazarında qıtlıq yaranması ilə bağlı iddialara aydınlıq gətirmək üçün Bərdə rayonunda təşkil olunan ölkənin ən iri heyvan bazarındakı satıcılarla əlaqə saxladıq.
Heyvan alveri ilə məşğul olan Nicat Xəlilzadə bildirdi ki, son günlər Bərdə bazarında da diri heyvanların qiymətləri qalxıb. O da bahalaşmanın səbəbini Gürcüstandan mal-qara idxalının dayandırılması ilə əlaqələndirdi: “Bir neçə gündür ki, rayonda ətin qiymətində bahalaşma müşahidə olunur. Əvvəlkindən fərqli olaraq, bazara çıxarılan heyvanların sayı azalıb. Burada Gürcüstan amili də rol oynayır. Bazarların çox hissəsini Gürcüstandan gətirilmə heyvanlar təşkil edirdi. İndi demək olar ki, yoxdur. Əvvəllər 5 min heyvan satışa çıxarılırdısa, indi 1500-2000 heyvan gətirilir. Bunun nəticəsində də qiymətlər bir qədər bahalaşdı. Bərdədə hazırda mal əti 8 manat, qoyun əti isə 9 manat 50 qəpiyə satılır. Paytaxtda qiymətlərin bundan baha olması normal haldır. Çünki Bakı alverçiləri hər aldığı heyvanın üstünə yol xərcini və gəlirlərini əlavə edərək, satışa çıxarırlar. Bu da qiymətlərin rayonlara nisbətən baha olması ilə nəticələnir”.
Qəssabxanalardan fərqli olaraq, marketlərdə qiymətlər bahadır. Quzu ətinin kiloqramı 12 manata, mal ətinin kiloqramı isə 10-11 manata satılır.
Fikirlər