Hərənin öz bazarı var: nazirliyin də, kəmfürsət alverçilərin də... - (Fotolar)
Bakının müxtəlif yerlərində qurbanlıq heyvanların satışı təşkil olunur.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda 8 yerdə qurbanlıq heyvanların satış məntəqələri təşkil olunub. Satış məntəqələrinə 12-15 min arasında irili-xırdalı heyvan gətirilib. Lakin bu 8 satış məntəqəsindən başqa Bakının müxtəlif yerlərində də qurbanlıq heyvanlar satılır.
Hər il olduğu kimi bu ildə qurbanlıq heyvanların küçələrdə səliqəsiz və natəmiz şəraitdə kəsilməsi müşahidə olunur. Heyvanların haradan gətirilməsi ilə bağlı alıcılara dəqiq məlumat verilmir. Hər satıcı öz heyvanını satdığını iddia edir.
Nazirlik tərəfindən təşkil olunan satış məntəqələrində isə kəsim zamanı sanitar qaydalara əməl olunur.
Kənd təsərrüfatı naziri Heydər Əsədov əhalinin tələbatını nəzərə alaraq bir baş heyvanın satış qiymətini 90 manat civarında nəzərdə tutduqlarını deyib.
Amma bu heyvanların kəsildikdən sonra təmiz çəkisi 7-8 kiloqram arasında ancaq dəyişir. Bu zaman da ətin çəkisi 11-13 manata düşür. Yəni normal günlərdə bazarda satılan quzu ətinin satış qiymətindən heç də fərqlənmir.
Nazirliyin nəzarətində olmayan satış məntəqələrində də isə vəziyyət daha pisdir. Bu satış məntəqələrinə Sabunçuda, Qaraçuxurda, Suraxanıda, Zabratda, Əhmədlidə, Günəşlidə və demək olar ki, şəhərin istənilən digər yerində rast gəlmək olar. Burada işbazlar alıcıları çəkidə rahatlıqla aldadır. Çünki Qurban kəsmək üçün heyvan alanlar qurbanlığı çəkdirmir - qurbanlıq heyvanı çəkdirmək günahdır deyə. Alıcılar satıcının dediyi qiymət və çəki ilə o dəqiqə razılaşır. Bu satış məntəqələrində də bir baş heyvan (təmiz çəkisi 10 kiloqram olan) 130-140 manata təklif olunur.
Nazirlik sadəcə olaraq öz satış məntəqələrinə nəzarət edir. Digər satış məntəqələrində isə nə heyvanların satış qiymətinə, nə haradan gətirilməsinə, nə də kəsim yerlərində olan təmizliyə nəzarət edən yoxdur.
Yəni hər il olduğu kimi bu ildə nazirlik öz heyvanlarını, kəndçilər və işbazlar isə öz heyvanlarını satır...
İlkin Muradov
Fotolar: Vüsalə Abdullayeva