ƏT niyə bahalaşdı - İqtisadçı Rusiya amilini önə çəkir



 

“Son günlərdə mal ətinininin qiyməti 1 manat bahalaşıb”. 
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, paytaxtda mal ətinin 1 kiloqramı 8 manat 50 qəpiyə satılır: “Gözləntilərə görə, bu son hədd deyil, qiymət bahalaşması davam edəcək. Əslində iqtisadi məntiqlə mövsumi amillərə görə yay fəslində mal ətinin qiyməti sabit qalmalı idi. Çünki, yay aylarında yaşıl yem və qüvvətli yemin qiyməti digər mövsümlərlə müqayisədə ucuz olur. Belə olan halda ət istehsalında əsas xərc maddəsi olan yemin qiymətinin nisbətən ucuz olması məhsulun maya dəyərini aşağı salır. Digər tərəfdən də yay aylarında kabab mövsümünə görə qoyun ətinə tələbat mal ətinə nisbətən yüksək olur”.
Q.İbadoğlunun fikrincə, yayda mal ətinə olan tələbatın azalması onun qiymətində sabitliyi qorumalı idi: Amma bütün bunlar ət bazarında təklifin yerli istehsal hesabına təmin olunduğu halda özünü doğruldur. Təsüflər olsun ki, hələ də daxili mal əti bazarında idxal olunan diri heyvanların payı kifayət qədər yüksəkdir. Müşahidələr göstərir ki, Rusiyadan ucuz qiymətə alınaraq gətirilən iri buynuzlu heyvanlar bir neçə aylıq bəsləmədən sonra bazarlarda alıcılara təklif olunur. Hazırda isə ölkədə davamlı devalvasiya və rus rublunun dəyərinin son zamanlar möhkəmlənməsi idxal olunan diri heyvanların manatla qiymətini artırır”.
Ekspert hazırkı qiymətlərlə diri heyvanların ölkəyə gətirilməsi getdikcə sərfəsiz biznesə çevrildiyini vurğulayıb: “Bunu xarici ticarət statistikasında həmin mal mövqeyi üzrə azalan tendensiya da təsdiq edir. Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə idxal olunan diri heayvanların dəyəri 57,1 faiz azalaraq 28,9 milyon dollardan 12,4 milyon dollara düşüb. 
Mal ətinin qiymətinin bahalaşması digər ət bazarlarında, o sıradan qoyun əti, quş əti, həmçinin balığın qiymətində də artırıcı təsirə malik olacaq. Xüsusilə də nəzərə alsaq təxminən ay yarımdan sonra Qurban bayramı gəlir, o halda da qoyun ətinə artan tələbatın onun qiymətini də bahalaşdıracağına şübhə qalmır”. 
Q.İbadoğlu sonda əlavə edib ki, ət bazarında qiymət bahalaşması ilk növbədə restoran və kafelərdə ətli yeməklərin də qiymətini bahalaşdıracaq.
 AzNews.az 
 

 






Fikirlər