«Bu ölkədə anasını dəlixanaya saldıranlara yüksək vəzifə verirlər!…» – Bir ananın harayı…
Bir neçə ay bundan əvvəl Bakı şəhər sakini – Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17, mənzil 22 ünvanında yaşayan Təmrazova Aliyə Həsən qızı «AzPolitika.info» qəzetinin redaksiyasına müraciət etmişdi. Müraciətdə o, doğma oğlu tərəfindən başına açılan biabırçı oyunlardan, ölkənin hüquq-mühafizə orqanlarının isə bu olaylara məqsədli-laqeyd münasibətindən söhbət açaraq, problemi ictimailəşdirməyi bizdən xahiş etmişdi. Biz də ananın bu xahişini nəzərə alıb, onun təqdim etdiyi sənədlər əsasında «Nankor oğul cənnəti dağıdır!» başlıqlı məqalə dərc etmişdik… Budur, Aliyə xanım yenidən redaksiyamıza üz tutub. Bu dəfə o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı «Açıq məktub»u dərc etməyimizi istəyib. Məktubun məzmunundan görünür ki, ötən müddət ərzində Aliyə xanımın pozulmuş hüquqlarının bərpası istinamətində irəliyə doğru heç bir dəyişiklik baş verməyib və əksinə, onun hüquqi durumu bir qədər «laxlayıb». Odur ki, xanımın xahişini yerə salmayıb, onun «Açıq məktub»unu zəruri redaktə və kiçik ixtisarla dərc edirik. «Möhtərəm cənab Prezident! Bu gün respublikada gerçək bir mafiya tüğyan edir. Polis, prokurorluq və məhkəmə sistemlərində rüşvətxorluq və korrupsiya halları baş alıb gedir. Polis adam oğurluğu edib cinayət törədir, sağlam vətədaş məhkəmənin qərarı olmadan «dəlixana»ya yerləşdirilir, prokuror rüşvət alır – gizli qərar çıxararaq, özünün rüşvətxorluğunu ört-basdır etmək məqsədilə adam oğurlatdırır. Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev gizli məhkəmə iclası keçirir – gizli qərar qəbul edir ki, vətəndaşın və onun vəkilinin bunlardan xəbəri olmur… Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov 14 aprel 2016-cı il tanixində vətəndaşın sübutları, faktları qarşısında aciz qaldıqda, qəbuluna gələn vətəndaşların gözləri qarşısında onu «köpək oğlunun qızı…» - deyə, söyüb təhqir edir… Yasamal rayon məhkəməsinin hakimi Zəfər Quliyev tərəfindən Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim İsa oğlu Abbasovun öz hərəkətləri ilə vətəndaşın şərəf və layaqətini alçaltması, ona mənəvi zərbənin vurulmasının təsdiq edilməsi, mənəvi zərərin ödənilməsi barədə vətəndaşın iddiasının rədd edilməsi barədə Qətnamə çıxarılır. Nazim Abbasovun, ya da onun nümayəndəsinin məhkəmə iclasında bir dəfə də olsun iştirak etməməklə, məhkəməyə hörmətsizlik və saymazlıq nümayiş etdirməsi onun səlahiyyətlərini aşmasından və vəzifəsindən sui-istifadə etməsindən – özbaşınalığından xəbər vermirmi? Məhkəmə Ekspertiza Mərkəzinin direktoru Fuad Cavadov vətəndaşın ona təqdim etdiyi faktlara, imzalara, sübutlara məhəl qoymayaraq prokurorluğun göstərişi əsasında saxta imzalarla, akt tərtib edir. Qəbulunda olarkən o, utanmadan mənə deyir ki, guya ekspertiza mənim iştirakımla keçirilib. Axı, belə olsaydı həmin aktda mənim də imzam olardı. Fuad Cavadov isə mənim etirazıma susmaqla cavab verir… Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı Həsən Sultanzadə(Aliyə xanımın doğmaca oğludur – red.) anasının mənzillərini, şəxsi əşyalarını, pullarını ələ keçirmək məqsədilə məhkəmənin qərarı olmadan, polis və həkimlərlə əlbir olub, anasını küçədən oğurlatdıraraq «dəlixana»ya yerləşdirir. «Dəlixana əməliyyatı» baş tutmadıqdan sonra «dəli» adlandırdığı anasını 36 dəfə məhkəməyə çəkib, süründürür. Ananın şikayəti əsasında Həsəni əvvəlcə İstintaq idarəsinin müstəntiqi təyin edirlər. 18 seniyabr 2014-cü il tarixində Sultanzadə aidiyyatı olmayan qurumun rəhbərinə – AR Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yazdığı məktubda sağlam anasının 3-cü dəfə «dəlixana»ya yerləşdirilməsinə köməklik göstərməsini xahiş edir. Bu məsələ ilə bağlı Baş prokuror Zakir Qaralov 02.03.2016- il tarixində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə məktub yazaraq, etik normalara zidd hərəkətləri ilə əlaqədar Həsən Sultanzadənin tutduğu vəzifədə saxlanıb-saxlanmaması məsələsini qaldırdıqdan sonra Həsənin vəzifəsini böyüdərək, istintaq idarəsinin rəis müavini təyin edirlər. Beləliklə, bu ölkədə anasını «dəlixanaya» saldıranlara yüksək vəzifələr verirlər… Ötən müddət ərzində mənim şikayətlərim əsasında 8 dəfə prokurorluq orqanlarının qeyri-obyektiv, qərəzli, qanunsuz qərarı ləğv edilib. Yeddinci ildir ki, bu iş üzrə heç bir istintaq hərəkəti aparılmır – süründürməçilik və saxtakarlığa meydan verilir. Bu günə kimi iş üzrə adları keçən Məlahət Ağayevanın, Murad Sultanzadənin imza-xətt nümunələri götürülməyib, əksinə istindaq tərəfindən bütün sənədlər saxtalaşdırılıb. Bu günə qədər istintaqın məni zərərçəkmiş şəxs qismində tanımamsı nələrdən xəbər verir? Sual olunur: Baş prokuror Zakir Qaralov bu işi 5 ildir ki, şəxsi nəzarəti altında saxladığını dediyinə baxmayaraq, nə üçün yeddi ildir ki, bu iş öz qanuni-ədalətli həllini tapmır? Zakir Qaralov tərəfindən 6 dəfə, Rüstəm Usubov tərəfindən 8 dəfə qəbul olunsam da sübutlarıma, faktlarıma məhəl qoyulmayıb. Bakı şəhər prokurorluğunun qərəzli-qanunsuz qərarları 3 dəfə Rüstəm Usubov tərəfindən ləğv edilsə də, mənim etirazlarıma baxmayaraq bu işin dördücü dəfə təkrar olaraq baxılmaq üçün Bakı şəhər prokurorluğuna göndərilməsi növbəti «oyun» deyilmi? Möhtərəm cənab Prezident! Yeddinci ildir ki, AR Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Baş nazir Artur Rəsizadənin, Prezident aparatı HMOİŞ-nin müdiri Fuad Ələsgərovun, AR Milli Məclisinin sədri Oqtay Əsədovun, onun müavinləri Ziyafət Əsgərovun, Bahar Muradovanın, Əli Hüseynlinin, AR DTX-nin rəisi Mədət Quliyevin, Ədliyyə naziri Fikrət Məmmədovun, onun müavini Azər Səfərovun, Daxili işlər naziri Ramil Usubovun, Ombudsman Elmira Süleymanovanın və digərlərinin qəbulunda olmağıma və onlara sənədlər-sübutlar təqdim etməyinə baxmayaraq, onlar da bu məsələnin müsbət həllinə nail olmaqda acizlik göstəriblər. Nə üçün həmin yüksək ranqlı məmurlar bunca qanunsuzluqlara, özbaşınalıqlara, haqsızlığa göz yumurlar?! Bu dərəbəylik nə vaxta qədər davam edəcək?.. Möhtərəm cənab Prezident! Adları çəkilən məmurların belə özbaşınalıqlara göz yummasına son qoylmasını, Həsən Sultanzadə və digərləri tərəfindən bu illər ərzində mənə vurulmuş mənəvi zərərin ödənilməsini, bu cinayət işinin Bakı şəhər prokurorluğundan alınaraq, Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə verilməsini… və bu işi öz şəxsi nəzarətinizə götürməyinizi Sizdən bir daha xahiş edirəm». Bu da belə… İndi görün necə bir «orijinal» mühitdə ömür sürürük – oxuduqca, özünü orta əsrlər ölkəsində hiss edirsən. Bir də ki, bu «oğul»un genetik doğmalığına şübhə etməmək olmur.