Yay fəsli uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması üçün ideal dövr hesab edilir. Xüsusən, bəzi çimərliklərdə çimmək, günəş şüaları altında uzun müddət qalmaq, qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur. Nəticədə uşaqlar mövsümi xəstəliklərə yoluxurlar. Bəs yayda uşaqları xəstəliklərdən necə qoruya bilərik?
Həkim Yazgül Abdiyeva qeyd edib ki, yayda uşaqlar arasında allergik xəstəliklər, mədə-bağırsaq pozuntuları və günvurma ilə bağlı xəstəliklərə daha çox rast gəlinir.
Yay mövsümündə uşaqlar üzərində nəzarətin daha güclü olmasını vacib sayan həkim qeyd edib ki, uşaqlar çimərliyə gedərkən valideyn nəzarəti altında olmalı, valideyn onun neçə saat dənizdə və qumda qalmasına diqqət yetirməlidir.
Y.Abdiyevanın sözlərinə görə, uşaqlara səhər saat 11:00-dan 16:00-dək isti qumda qalmaq olmaz. Çünki bu zaman onların dərisində termik yanıq baş verəcək, ya da günvurmadan qusma, beyin ödemi əmələ gələcək: "Amma bu, o demək deyil ki, dənizə getmək olmaz. Dəniz uşaqların sümüklərinin möhkəmlənməsi üçün son dərəcə vacibdir”.
Y.Abdiyeva qeyd edib ki, digər aylara nisbətdə yay aylarında mədə-bağırsaq xəstəliklərinin aktivləşməsinə daha çox təsadüf olunur. Qəbul edilən qarışıq qidalar, yayda ərzaqların daha tez xarab olması və onların da çox zaman əhəmiyyət verilmədən qəbul edilməsi uşaq orqanizmində bakteriyaların çoxalması və inkişafı üçün münbit şərait yaradır.
Həkim hesab edir ki, yay mövsümündə əsasən kəskin mədə-bağırsaq xəstəliklərinin profilaktikası məqsədi ilə çimərliklərdə sanitar-gigiyenik vəziyyətlə bağlı təhqiqatlar aparılmalıdır:
"Bəzi çimərlik ərazilərində mikrobioloji baxımdan çirklənmə qeydə alınır. Həmin ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən olunur. Uşaqlarda kəskin bağırsaq infeksiyaları Salmonella, Shigella kimi patogen, Proteus, Klebsiella kimi şərti-patogen bakteriyalar, rotaviruslar, həmçinin Entamoeba histolytica, Balantidia coli kimi ibtidailər tərəfindən törədilir və fekal-oral yolla yayılır. Kəskin bağırsaq infeksiyaları uşaq infeksion patologiyası arasında mühüm yer tutur”.
Y.Abdiyeva qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 1 milyarda yaxın diareya (qarıngetmə) halı qeydə alınır və 5 milyon uşaq hər il bağırsaq infeksiyası nəticəsində həyatını itirir.
Xəstə insan və ya heyvanın infeksiya mənbəyi hesab edildiyini deyən Y.Abdiyeva əlavə edib ki, kəskin bağırsaq infeksiyaları sporadik, epidemik, hətta pandemik xarakter daşıya bilər. Bakterial etiologiyalı infeksiyalar yay-payız mövsümündə, virus mənşəli diareyalar isə payız-qış aylarında daha geniş yayılır. Kəskin bağırsaq infeksiyaları klinik olaraq intoksikasiya simptomları - əzginlik, anoreksiya, hipertermiya, ishal, ağır hallarda infeksion toksikoz sindromu - eksikoz, neyrotoksikoz, hipovolemik və ya infeksion-toksik şokla müşahidə olunur. Xəstəlik hallarda uşağın yaşından, müxtəlif yanaşı patologiyalardan (diatezlər, hipotrofiya) və infeksiyanın hansı etioloji faktor tərəfindən törədilməsindən asılıdır. Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsiplər düzgün pəhriz, fermentoterapiya, etiotrop və simptomatik müalicənin kombinasiyasıdır:
"Müalicəvi pəhriz bağırsaq peristaltikasının və həzmin normallaşması, müsbət kliniki dinamikanın əldə olunmasında mühüm rol oynayır. Sıyıqlar yalnız suda hazırlanır, bişmiş halda yalnız alma yeyilir, kəsmikdən başqa digər süd məhsulları rasiondan çıxarılır, uşağa süd qarışıqları əvəzinə müalicəvi hidrolizə olunmuş qarışıqlar məsləhət görülür. Oral rehidratasiyanın (su itkisinin ağız ilə bərpası) ilk saatlardan və düzgün aparılması eksikozun (susuzlaşma) inkişafının qarşısını alır. Ona görə də duz məhlulları, müalicəvi Qastren çayı, iltihab əleyhinə, antimikrob və spazmolitik təsirli bitkilərdən kompleks şəkildə istifadə olunur. Etiotrop müalicə antibiotiklər və bağırsaq antiseptiklərinin tətbiqindən ibarətdir. Spesifik bakteriofaqların istifadə edilməsi də müalicənin səmərəsini yüksəldir. Ferment preparatları müalicənin 3-4-cü günü təyin olunur. Probiotiklər infeksion proses nəticəsində pozulmuş bağırsaq mikroflorasını bərpa edir, eyni zamanda patogen floranın çoxalmasının qarşısını alır. Ağır hallarda infusion məhlulların təyin olunması eksikozun qarşısını almaqla yanaşı, pozulmuş maddələr mübadiləsini bərpa edir, baş verən ağırlaşmaların qarşısını alır”.
Y.Abdiyeva qeyd edib ki, bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün uşaqlar sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqların şəxsi gigiyena qaydalarının öyrədilməsi vacibdir:
"Uşaqların immunitetinin gücləndirilməsi üçün yayın ən ideal dövr olduğu bildirilir. Qışda uşaqların yoluxucu xəstəliklərə daha dözümlü olmasını istəyirsinizsə, mütləq yay fəslində çimərlik prosedurları qəbul edilməlidir. Uşaqlar müəyyən edilmiş vaxtda dənizdə olmalı, mütəmadi gəzməyə çıxarılmalıdır. Uşaqları imkan daxilində maraqlı ekskursiyalara aparmaq lazımdır. Mövsümi meyvələr çoxlu qəbul edilməlidir, çünki təzə qidanın tərkibində vitaminlər çox olur. Uşağın iştahsızlığından şikayətlənən valideynlər mütəmadi olaraq onları gəzintiyə çıxarmalıdır. Uşaq xəstə deyilsə, iştahsızlığın səbəbi hərəkətsizlikdir. Ən əsası uşaqların yuxu rejiminə diqqət yetirilməlidir. Tətil olduğundan uşaqlar istədikləri vaxt yuxudan oyana bilərlər. Çünki hər bir uşağın öz bədən bioritmi var. Yuxusu normal olmayan uşaq əsəbi, iştahsız və yorğun olur”.