Onurğanın ən hərəkətli yeri boyun və bel fəqərələrindədir. Döş və omba hissələri isə stabildir. Bel fəqərələrində yaranan ostexandroz, bel fəqərələrinin sürüşməsi, yırtığı və s. ən çox rast gəlinən xəstəliklərdir.
Medicina.az-a açıqlama verən neyrocərrah Rövşən Bağırov günümüzdə əksər adamların fəqərə sürüşməsindən əziyyət çəkdiyini bildirib:
"Bir fəqərənin digər fəqərəyə görə, önə və ya arxaya sürüşməsi nəticəsində onurğa kanalı və ya sinir dəliyi daralır. Bu zaman həmin hissədən keçən dural kisə və sinir kökcüklərinin sıxılması baş verir. Eyni zamanda əgər sürüşən fəqərələr bir-biri üzərində qeyri-stabildirsə bu zaman ayaq üstə çətin dayanma, hərəkət zamanı bel yorğunluğu, bel ağrısı, bel üzülməsi və həmin xəstənin oturub dincəlməyə yer axtarması şikayətləri olur”.
Mütəxəssis bel fəqərələrinin sürüşməsinin ani hərəkətlər zamanı daha çox baş verdiyini deyib: "Bu travmatik adlanır. Məsələn, ağır əşya götürmək və ya götürən zaman dərhal əlindəkinin düşməsi beldə ani hərəkət sayılır. Bu zaman fəqərələri bir-birinə bağlayan bağlarda dartılma olur. Bu ağrılı prosesdir. Bel ağrılarına səbəb olur. Bu adətən 20-30 yaş arası insanlarda baş verir. Yaşlı insanlarda da belə hal yarana bilər. Buna səbəb yaş artdıqca onurğa diskində dəyişikliklər baş verir. Bir fəqərənin digərinin üzərinə çökməsi hesabına sürüşmələr olur”. Travmatik təsirlər zamanı da fəqərələrin sürüşməsi qaçınılmazdır. Mütəxəssisin sözlərinə görə, qəza zamanı onurğa çıxığı yarana bilər və buna bağlı olaraq da sürüşmələr baş verir.
O, xəstəliyin müalicəsində daha çox toklardan istifadə olunduğunu bildirib.
"Fizioterapevtik müalicələr bağların cırılması nəticəsində yaranan ağrıları, ödəmi bir az azaldır. Lakin fəqərələrin sürüşməsi hesabına başa gələn kanal daralması zamanı fizioterapiyanın elə də effekti olmur. Yeganə müalicə cərrahi əməliyyatdır. Yəni onurğanın stabilizasiyanından ibarət olur. Fiksasion əməliyyat həmin sürüşən fəqərələrdən onurğanın vəziyyətindən asılı olaraq ya sürüşmüş fəqərələrə vidalar qoyula bilər, yaxud bir fəqərə üst, bir fəqərə alta qoyulmaqla bağlanılır. Bu, neyrocərrahi dildə fiksasiya əməliyyatı adlanır. Bel fəqərələrinin bir-birinə fiksasiyası deyilir. Burada əsas məqsəd daralmış kanalın keçiriciliyini bərpa etməkdir”,-deyə cərrah vurğulayıb.
Ən çox maraq doğuran mövzulardan biri isə əməliyyatdan sonra xəstənin hansı rejimdə olmasıdır. Bu məsələyə də aydınlıq gətirən Rövşən Bağırov əməliyyatdan sonra adətən pasiyenlərdən şikayətin gəlmədiyini bildirib:
"Sinirlər çox sıxılıbsa, o zaman bunun bərpası bir az çətin olur. Bir ay müddətində xəstələr yataq rejimini qorumalıdır. Aktiv hərəkətlərdən qaçınmalıdır. Onurğaya güc düşməməlidir”.
Fəqərə sürüşməsindən əziyyət çəkən xanımları isə narahat edən əsas məsələlərdən biri normal doğuş zamanı sürüşmənin yırtığa çevrilib-çevrilmədiyidir.
Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq Ruziya Hüseynovanın sözlərinə görə, heç vaxt doğuş zamanı fəqərə yırtıla bilməz: "Sadəcə, hamiləlik zamanı onurğa sütunu önə doğru ayrılır. Bu normal bir prosesdir. Bütün hamilələrdə bu normal sayılır. Amma onurğasında patologiya olan qadınlarda hamiləliyin 20-ci həftəsindən sonra, sinirlər sıxıla və ağrı hissi arta bilər”. Ginekoloq doğuşa yaxın vertebroloq həkiminin konsultasiyasının vacib olduğunu bildirib.
Fikirlər