TV yayım paketlərinin STRUKTURU dəyişdirildi
"Dünyada televziya yayımı sahəsində formatların yarışması gedir.Mövcud SD formatı əslində analoq TV yayımına mənsub olmuş formatdır. Rəqəmli TV yayımına keçməklə bir çox təhriflər aradan qalxsa da, SD-nin saxlanması ilə həlletmə qabiliyyətində dəyişiklik olmayıb. Bu zaman təsvirdəki kiçik detallar canlandırıla bilmir". AzerTaym.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib. Şöbə müdiri bildirib ki, ona görə də HD (High Definition) formatının tətbiqi ilə hər kadrda canlandırılan elementlərin sayı çox artır: "Lakin mütəxəssislər bununla kifayətlənməyərək Full HD və daha sonra UltraHD formatlarını tətbiq ediblər. UltraHD-nin həlletmə qabiliyyəti HD-nin həlletmə qabiliyyətindən 4 dəfə artıqdır. Ölkəmizdə 2016-cı ilin sonunda analoq yerüstü TV yayımının tam olaraq dayandırılması və DVB-T standartı üzrə rəqəmli TV yayımının aparılması sonradan kodlanmış yayımda həm də DVB-T2 standartının tətbiqi və bəzi ümumölkə yayımçılarının HD formatına keçməsi ilə nəticələndi. Hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində CBC sport, ATV, İdman Azərbaycan, Xəzər TV, İctimai TV proqramları HD formatında yayımlanırlar". İ. Məmmədov qeyd edib ki, fevralın 5-dən başlayaraq AzTV və Mədəniyyət TV proqramları da HD formatında yayımlanacaq: "Hazırda bununla əlaqədar olaraq test yayımına başlanılıb. Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurası TV yayım paketlərinin strukturunda dəyişikliklər aparıb. 31-ci və 37-ci TV yayım kanallarında HD formatında və 48-ci TV yayım kanalında isə bütün ümumölkə TV proqramlarının SD formatındaa yayımı həyata keçiriləcək. Tamaşaçilardan xahiş olunur ki, həmin gün aparılacaq profilaktika işlərindən sonra TV qəbuledicilərini yenidən kökləsinlər".