“120”lik yolu SÜPÜRGƏÇİ NİYƏ təmizləməlidir? - “Ora PİYADA GİRƏ bilməz”
Dünəndən etibarən aeroport yolunda süpürgəçi qadının yol süpürərkən sürücü tərəfindən “Kamaz”la vurularaq öldürülməsi yenidən yüksək sürətli yollarda insan əməyindən istifadə məsələsini gündəmə gətirib. Belə ki, sürücülər hərəkətin intensiv vaxtında yol təmizləmə işlərinin aparılmasına etiraz edir. Xüsusilə də hərəkət sürəti yüksək olan yerlərdə təmizləmə işlərinin texnika vasitəsilə həyata keçirilməli olduğunu vurğulayırlar. Bildiyimiz kimi, yollarda təmizləmə işlərini Mənzil Kommunal Təsərrüfat Birliklərinin və “Azəravtoyol” un işçiləri həyata keçirir. Həmin şəxsləri də hərəkətin intensiv olduğu vaxtlarda yəni, səhər saatlarında yolları təmizləyərkən görmək mümkündür. Ancaq bu zaman əksərən təhlükəsizlik qaydalarına əməl edilmir, işarələr qoyulmur. Bu arada qeyd edək ki, bir müddət əvvəl sözügedən məsələ gündəmə gəldikdə qadın süpürgəçilər səhər saat 5 və 6 radələrində təmizləmə işlərinin çətin olduğunu və yollarda işıqların yandırılmadığını da qeyd etmişdilər. “Qafqazinfo” hadisə ilə bağlı yol məsələləri üzrə ekspert Ərşad Hüseynova müraciət edib. O qeyd edib ki, yol hərəkəti qaydalarının 43- cü maddəsinə əsasən avtomagistrallarda piyadanın olması və onların yol keçməsi birmənalı olaraq qadağandır: “Yəni, piyadanın ayağı avtomagistrala dəyməməlidir. Çünki magistrallarda icazə verilən sürət 110 km saatdır. Məntiq də budur ki, yüksək sürət varsa, orada piyada adam olmamalıdır. Düzdür, hava limanı yolu avtomagistral deyil. Amma çox təəssüf ki, orada avtomagistraldan da yüksək sürət (120 km saat) var. Deməli, 120 km saat olduğuna görə həmin yolda piyada olmamalıdır. O cümlədən kommunal təsərrüfat işlərini görən adamlar da yolda olmamalıdır. Həmin yollar texnika ilə yığışdırılmalıdır. Dünyanın hər yerində belə təcrübə var. Yüksək sürət olan küçələri insan əməyi ilə yox, texnikanın köməyi ilə təmizləyirlər”. Bu cür hadisələrdə sürücünün məsuliyyətə cəlb edilməsinə gəlincə isə, ekspert qeyd edib ki, burada maraqlı yanaşma var: “Məsələn, aeroport yolu olmasın, olsun lap Bakının hər hansı küçəsi. Həmin şəxsin paltarının üzərində işıq qaytarıcı elementi olan paltar olmalıdır. Əmək təhlükəziliyi qaydalarına əməl edilməli idi.
Yolda olan həmin qadını və yaxud piyada avtomobillə vurulubsa və nəticədə ölüm hadisəsi baş veribsə burada kimin günahkar olmasına dair standart cavab yoxdur. Bu cür hadisələrə fərdi qiymət verilir. Əgər sürücü həmin hadisənin qarşısını almaq üçün öz nəqliyyat vasitəsini dayandırmayıbsa, sürətini azalda bilərdisə və bunu etməyibsə, o zaman sürücünün təqsiri var. Yox, həmin şəraitdə qadını görməyibsə, gördükdən sonra sürəti azaltsa belə hadisədən yan keçmək texniki olaraq mümkün deyildisə, onda o sürücünün təqsiri yoxdur. Əgər körpülərin üzərində texnikanın yolu təmizləməsinə imkan yoxdursa, o zaman mövcud qanunvericiliyin tələblərinə əməl edilməlidir. Həmin ərazidə hərəkət məhdudlaşdırılmalıdır. Lap tutaq ki, yol təmizlənilmir, məsələn, işıq dirəyinin lampası xarab olub və onu dəyişdirmək lazımdır. Bu zaman 150 metr arxada xüsusi xəbərdarlıq nişanları qoyulmalıdır, dirəklərdən istifadə olunmalıdır. Həmin işlər hərəkətin ən sakit vaxtlarında razılaşdırılmış qrafik əsasında görülməlidir. Əgər görünmə ilə bağlı problem yoxdursa səhər saatlarında da bu edilə bilər. Yanaşmalar isə ondan ibarətdir ki, yolun təmizlənməsinə texnikaları cəlb etmək lazımdır. Yolda insan əməyindən istifadə zəruri olduğu halda isə mütləq təhlükəsizlik qaydalarına əməl edilməlidir”. “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə “Qafqazinfo”ya açıqlamasında bu cür hadisələrdən heç kimin sığortalanmadığını qeyd edib: “Bizim də yol kənarında iş aparan işçilərimiz var. Hər bir qurumun başına belə bədbəxt hadisələr gələ bilər. Başqa ölkələrdə də belə hallardan heç kim sığortalanmayıb. Bizim yol kənarındakı dəmirləri təmizləyən, yolların süpürülməsi işlərini həyata keçirən texnikamız var. Amma burada bir məqam var. Xüsusən də körpülərin üzərində təmizləmə işlərini texnika həyata keçirə bilmir. Texnika ancaq yolun kənarını süpürə bilər. Zibil toplananda onun süpürülməsi qeyri-mümkündür. Bu zaman insan qüvvəsindən istifadə olunur. Bilirsiniz ki, Bakı küləklər şəhəridir. Tozlu-dumanlıdır. Hər gün eyni ərazi süpürülsə də səhəri gün yenidən çirklənir. Burada nəqliyyat vasitəsini idarə edən sürücülərin də üzərinə bir növ məsuliyyət düşür. Sürücülər su qablarını, enerji içkilərini, salfetkaları yerə atırlar. Xüsusi texnika da onları yoldan götürməyə qadir deyil. Texnika ancaq süpürə bilər. Bu zaman insan əməyindən istifadə olunur.
Ancaq bu zaman təhlükəsizlik tədbirləri görülməlidir. Əraziyə çatmamış xüsusi konuslar düzülməlidir. Ya da adamlar dayanıb avtonəqliyyat vasitələrinə işarə verməlidirlər. Ancaq bu tədbirlərin görülməsi belə yüz faiz həmin insanın təhlükəsizliyinin təmin olunması demək deyil. Sürücülər 60 sürətlə maşını idarə etməli olduğu halda daha yüksək sürətlə 80-120 ilə maşını idarə edirlər. Həm də bilmək lazımdır ki, 120-lik yolun heç də bütün hissələri 120-lik deyil. Sol kənar hissə 120-likdir. Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən də işlər aparılırsa təhlükəsizlik məsələlərini onlar etməlidir. Yaxud da biz təmizlik aparırıqsa bizim işçilər tərəfindən bu məsələlərə riayət edilməlidir. Bizim qurum təhlükəsizlik qaydalarına əməl edir. Bu da 100 faiz təhlükəsizliyin təmin olunması demək deyil. Bu məsələdə hər birimizin üzərinə məsuliyyət düşür. Həmin əraziyə çatdıqda istənilən halda sürətimizi azaltmalıyıq”. A. Nəcəfli qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən hər bir əraziyə ayrılmış maşın, mexanizm və insan qüvvəsi var: “ Onlar həmin ərazilərin təmizliyinə cavabdehdirlər. Çalışırıq ki, əməkdaşlar səhər erkən saatlarında təmizlik işlərinə başlasınlar. Çünki hərəkətdə intensivlik saat 7-dən sonra başlayır. Bu saata kimi işlər həyata keçirilir. Təsəvvür edin ki, hərəkət aktivliyi vaxtı texnika iş görsə həmin ərazidə nə boyda tıxac yarana bilər. İntensivlik artmamış texnikalar yola çıxarılır. Düzdür, bəzən hansısa hadisə baş verə bilər, bu artıq fövqəladə haldır. Hava limanı, Ziya Bünyadov prospektlərində yəni 120-lik sürəti olan prospektlərdə texnikalar da istifadə olunur. Xüsusilə tunellərdə texnikalardan bu işlər görülür. Çünki tunellər alaqaranlıq ərazidir. Orada texnika işləməlidir. İnsan işləyərsə, sürücünün görmə qabiliyyəti də aşağı düşür. Xüsusən magistral yollar və əsas prospektlərin təmizlənməsi məsələsi bizim qurum tərəfindən həyata keçirilir. Ancaq küçələrin səki hissəsi, kənarları Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir.
Sonda isə maraqlı sual ortaya çıxır. Yüksək sürətli yollar “Azəravtoyol”un texnikaları vasitəsilə təmizlənirsə, ölən qadın Cəmilə Salahova 120 km saatlıq aeroport yolunda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçisi olaraq nə iş görürmüş? Əgər iş görülməsinə insan əməyinin cəlb olunması zərurəti yaranmışdısa, təhlükəsizlik qaydalarına niyə əməl olunmayıb? Bu suala cavab tapmaq üçün isə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsək də zənglərimizə cavab verən olmayıb.