Bütün dünyada noyabrın 23-dən başlayan "Qara cümə” ("Black Friday”) bu ayın 29-na qədər davam edəcək.
yenicag.az xəbər verir ki, "Qara cümə” – ABŞ-da ənənəvi olaraq, ildə bir dəfə təşkil olunan maksimal endirim kampaniyasıdır. Həmin gün ticarət obyektlərində satışda olan məhsullar alıcılara 80% güzəştlə təqdim edirlər. Başlanğıcını 1966-cı ildə ABŞ-dan götürən "Qara cümə” kampaniyası tədricən dünyanın bütün ölkələrinə yayılıb.
Əlbəttə, 80 faizlik gerçək endirim alıcılar üçün böyük fürsətdir və o baxımdan, noyabrın 23-dən etibarən, ticarət mərkəzlərinin qarşısında sonsuz izdihamların yaranması təəccüb doğurmur.
Sərhəd tanımayan "Qara cümə” kampaniyası artıq bir neçə ildir ki, ölkəmizdə də keçirilir… Daha doğrusu, yola verilir. Burada başqa ifadə seçimi mümkün deyil. Çünki "Qara cümə” ilə əlaqədar digər ölkələrdə tətbiq edilən real endirimləri Azərbaycan alıcıları hələ çox arzulamalı olacaqlar.
Sizə təqdim etdiyimiz süjet dünəndən başlayan "Qara cümə” kampaniyasının Bakının ticarət
mərkəzlərində yaratdığı real mənzərə və alıcıların "axın”ı barəsində tam təsəvvür yaradır.
Materialı hazırlamaq üçün elə bu günü gözlədik. Düşündük ki, paytaxtın təmtəraqlı ticarət mərkəzləri heç olmasa, bəlkə bu il alıcılara gerçək endirimlər təklif etdilər. Amma ilk addımımızdan əmin olduq ki, ticarət mərkəzləri "yalançı endirim” fəlsəfələrini dəyişmək niyyətindən çox uzaqdırlar.
Əslində, ticarət mərkəzlərində "endirim” adına dəyişikliklər vardı. Ancaq necə? Sizlərin bildiyi və ya təxmin etdiyi kimi… Ticarət mərkəzlərinin ənənəvi "endirim fintləri” yenə "göz oxşayırdı”. Konkret desək, Bakının ticarət mərkəzlərində alıcıların təklif olunan "endirim”lə aldıqları mallar onlara endirimsiz şərtlərdən daha başa gəlir.
Yəni dünyada alıcıların üzlərini və ciblərini güldürən "Qara cümə” Azərbaycan alıcısının qanını qaraltmaqdan başqa heç nəyə yaramır. Sərfəli alış-veriş və müəyyən məbləğdə pula qənaət ümidi ilə ticarət mərkəzlərinə üz tutan vətəndaşlarımızın oranı kor-peşman və əliboş tərk etmələrini görmək heç də məmnunluq hissi yaratmır.
Təbii sual yaranır, alıcıya heç bir xeyri dəyməyən "Qara cümə” kampaniyasının Azərbaycanda bu qaydada keçirilməsi kimə və nəyə lazımdır? Sadəcə, "Biz də varıq” demək üçün? Olmur, axı…
İndi isə Bakının ticarət mərkəzlərində "Qara cümə” kampaniyası çərçivəsində müəyyən etdikləri qiymətlərə nəzər salaq. Müşahidə apardığımız ticarət mərkəzlərinin mütləq əksəriyyətində geyimdən tutmuş məişət avadanlıqlarına qədər tətbiq olunan "endirim” 40 faiz civarındadır və o güzəştlərin həqiqiliyi ciddi şübhə doğurur. Hətta bu rəqəm gerçək olsa belə, dünya ölkələrində tətbiq olunan 80-90 faizlik endirimlə müqayisədə, heç nədir.
Ticarət mərkəzlərinin yalançı endirim siyasəti haqlı narazılıq doğurmaqla yanaşı, ortaya bəzi suallar da çıxarır. Bizdə alıcıya qarşı bu sayğısızlıq nədən qaynaqlanır?
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz PR və kommunikasiya üzrə mütəxəssis Samir Əfətli saytımıza açıqlamasında bildirdi ki, Azərbaycanın bəzi ticaət obyektlərində tətbiq edilən "endirimlər” alıcılar üçün tələdən başqa bir şey deyil:
"Qara cümə ("Black friday”) endirim kampaniyası noyabr ayının 23-dən başlayacaq. Məşhur markalar bu çərçivədə öz məhsullarına 80 faiz, hətta bəzən bundan da çox endirimlər tətbiq edirlər. Artıq Azərbaycanda da analoji endirimlərin tətbiq olunduğunu söyləyə bilərik.
Bundan bir neçə il əvvələ qədər sadəcə, "Amazon” və başqa elektron ticarət saytlarında həmin endirimləri görüb-həyəcanlanarkən, eyni endirimləri artıq bizim ticarət obyektərində də müşahidə etməkdəyik. Ancaq təəssüflər olsun ki, həmin endirimlər heç də bütün mağazalarda eyni uğurla tətbiq edilmir.
Azərbaycanda 365 gün "endirim” var. Bu, real deyil, şişirdilmiş qiymətlər üzərindən endirim edərək, alıcıları aldadırlar. Beləliklə, real endirim edən korporativ firmaların kampanyalarına inam itir. Aşağı keyfiyyətli məhsullara endirimlərin tətbiq olunması isə alıcılara hörmətsizlikdir.
Məhsulun real dəyəri onsuz da ona tətbiq olunan qiymətdir. Lakin buna baxmayaraq, bəzi obyektlər özlərindən 30-80 faiz nisbətində "endirimlli satış” metodu "kəşf” ediblər. Bir məhsul üçün nəzərdə tutulan endirimi bütün məhsullara aid olduğu təsəvvürü yaradaraq, xalqı aldatmağa çalışırlar. Bu metod vətəndaş üçün qurulmuş tələdən başqa bir şey deyil”.
Fikirlər