Türkiyədə yaşayan azərbaycanlılar: “Aldığımız maaş əriyir“
Türkiyədə ABŞ dolları atlı olub, lirə piyada. Artıq məzənnə 1$=17TL-dir. Əhalinin dolanışığına ciddi təsir edən mövcud kurs Türkiyədə daimi yaşayan Azərbaycan əsilli vətəndaşlardan da yan keçməyib. Yenisabah.az bu mövzuda mini sorğu keçirib. Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli: “Hamı kimi bizim də aldığımız maaş əriyir. Dünən südün litrini 5 lirəyə alırdım, bu gün 10 lirə ödədim. Marketlərdə çox bahalıqdır. Mətbəx xərclərimizdən hələ ki qısmasaq da, geyim və s.-də qənaət edirik, buna məcburuq. İnflyasiyadan əvvəl bir az “arxaya” pul atırdıq, indi onu edə bilmirik. Oğluma özəl riyaziyyat müəllimi tutmuşdum, pulu ödəməkdə çətinlik çəkirəm. Səhhətimə görə neçə ildir hər həftə evə xadimə gəlirdi, bu il ancaq 2-3 ayda bir gələ bilir. Oğluma ingilis dili müəllimi tutmalıyam, tuta bilmirəm. Allaha şükür çörəyi az alırıq. Çörək, un çox bahalaşıb. Keçən il aldığım tomat, bal, ədviyyat və zeytun yağını hələ ki istifadə edirəm. Bitəndə neçəyə alacağımı düşünürəm. Vəziyytimiz çox da pis deyil, şikayətçi deyiləm. Vay minimum maaşla yaşayanların halına! Türkiyədə lirə öldü sadəcə. Hər gün bir az da ölür. Aldığımız pulun heç bir dəyəri yoxdur”. Türkiyədə yaşayan Azərbaycan əsilli jurnalist İlhamə Qasımlı: “Məzənnə atlı olub, biz piyada. Qiymətlər kosmik sürətlə artır. Əvvəl aylıq əti kənd qəssabından alırdıq - 6-7 kilo. Amma artıq bu cür bazarlıq etmirik. Nə yalan söyləyim, aylıq yemək menyumuzda qırmızı ətin yeri xeyli azalıb. Hələ bizim ailə orta təminat səviyyəsindədir - ailəyə minimum əmək haqqından yuxarı, sabit maaş gələi ki, bu da Türkiyədə sosial təminatın əsas faktorlarındandır. Kənarda əyləncə xərclərimizi də azaltmışıq. Keçən həftə kolosu 70 lirədən başlayan quzu-dana ətinin qiyməti bu həftə 85 TL-yə qalxıb. Ona görə də, əti ehtiyac olduğunda bir yeməklik miqdarda alıram. Durum çox vahiməlidir. Hətta 2 çörəyi belə kredit kartı ilə, yəni banka borclanaraq alanlar var. “Vahiməli” dedim, bu mənə belə görünür. Amma nəhəng Türkiyə belə şeyləri çox görüb. Hər böhrandan güclü Türkiyə kimi çıxmağı bacarıb. Digər tərəfdən, budəfəki böhra sadəcə Türkiyə ilə bağlı deyil. Pandemiyadan sonra bütün dünyada inflyasiya ən yüksək həddə çatıb”.