Xalq artisti ağır müalicədən Vətənə qayıdan həyat yoldaşı barədə: “Onu itirəcəyimi düşündüm” - VİDEO

Xalq artisti ağır müalicədən Vətənə qayıdan həyat yoldaşı barədə: “Onu itirəcəyimi düşündüm” - VİDEO

Həyat yoldaşım başımın tacıdır, onsuz həyatım solğun, dörd balam boynubükük idi. Övladlarım da atalarına bağlıdırlar, onu həddən artıq çox sevirlər. Mən də evimi həyat yoldaşımsız təsəvvür edə bilmirdim. Şükür ki, gəldi və evimizə sevinc gətirdi. Müalicələrə iki-üç aydan bir davam ediləcək”.

Bunu Xalq artisti Gülyanaq Məmmədova Türkiyədə xərçəng xəstəliyindən səkkiz ay boyunca müalicə alaraq Vətənə qayıdan həyat yoldaşı Ziya bəyin səhhəti ilə bağlı Oxu.Az-a danışarkən deyib.

İfaçı qeyd edib ki, həyat yoldaşına xərçəng diaqnozu qoyulduğu anda onu itirəcəyini düşünüb:

“Yoldaşımın xəstəliyinin aşkarlandığı anlarda artıq mən məhv olmuşdum. Çox qorxduq və əziyyət çəkdik. Bu elə bir xəstəlikdir ki, adı gələndə belə, insan özünü itirir. Əvvəl bu haqda danışmaq istəmirdim. Çünki hamının xəstəliyi, problemi, dərdi var, şəhid anaları var. Allah heç kimə xəstəlik verməsin, insan xəstəliyin haradan və nə vaxt gələcəyini bilmir. Şükür ki, hazırda yoldaşım yaxşıdır, müalicələri davam edir. 

Bunu danışıram ki, eyni xəstəlikdən əziyyət çəkən insanlar özlərində inam tapsınlar, inam böyük rol oynayır. Mən istər burada, istər Türkiyədə onkoloji xəstəxanaya girəndə orada nə qədər insanın bu xəstəlikdən əziyyət çəkdiyini gördüm. Vaxt tapdıqca yoldaşımın yanına gedirdim, onun hava limanında müalicədən qayıtdığını görüb o qədər şükür edirdim ki...”

Xalq artisti yaşadığı çətin günlərdən danışarkən daxilən əziyyət çəksə də, tamaşaçılara bunu bildirməməyə çalışdığını vurğulayıb:

“Bu xəstəliyin müalicəsində maddiyyat da rol oynayır, pulu olmasa, insan məhv olur. O cəhətdən də insan çox əziyyət çəkir. Yaşadıqlarımı tamaşaçıya büruzə verməməyə çalışırdım, ekranda üzüm gülürdü. Çünki insanları öz problemimlə yükləmək istəmirdim, daxili kədərimi mahnılarımda yaşayırdım. Amma onu efirdə danışıb tamaşaçını yükləmək olmaz. Tamaşaçı bizdən xoş ovqat gözləyir, efiri açanda istəyir ki, ruhu musiqi ilə dincəlsin”.

Daha sonra bir il öncə yaşadığı panik atak xəstəliyindən söz açan G.Məmmədova insanları xəstəlik qarşısında qorxuya düşməməyə çağırıb:

“Panik atak xəstəliyi keçirəndə efirdən dedim ki, bu hamının başına gələ bilər, qorxmamaq, inamlı olmaq lazımdır. Mən də nə baş verdiyini bimirdim, altı-yeddi ay dünyam dağıldı. Axır ki, həkimlər dadıma çatdılar, məlum oldu ki, məndə panik atak var. Mən bu xəstəliyin öhdəsindən gəldikdən sonra çıxdım efirə, dedim ki, bu hallar sizdə də baş verirsə, qorxmayın. Adam xəstələnəndə başını itirir, çıxış yolu axtarır, Allah hamıya kömək olsun”. 

 

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər