Özbaşınalıq? Yox! SÖZBAŞINALIQ!!!
Bir sıra saytlar vasitəsilə əslində ayrı-ayrı məmurlar bir-biri ilə haqq hesab çəkir.
Şayiələrin yaranma mexanizmi çox sadədir. Vacib bir xəbəri dəqiqləşdirmək üçün nazirliyə, komitəyə zəng vurursan, ordan sənə başdansovducasına cavab verirlər ki, tutalım beynəlxalq konfransdadırlar. Və zavallı müxbir məlumatsız qalır. Mən bilmirəm onlar üçün vacib olan nədir: beynəlxalq konfranslar, yoxsa kütləvi informasiya vasitəsi ilə əhaliyə, sadə camaata verməli olduqları qanuni hesabat. O sadə camaatın ki, verdiyi vergilər hesabına məvacib alırlar.
Onlara maaşı beynəlxalq konfrans-filan vermir axı. Doğrudur, Eldar Mahmudovrüsvayçılığından sonra bu sahədə bir balaca canlanma var, elə bil ki, öz vəzifələrinin həm də məlumat, xalqa hesabat verməkdən ibarət olduğunu anlamağa başlayıblar. Amma yenə də alınmaz qalalar, keçilməz sədlər var. Və bu sədlərin qalaların o tayında isə şayiələr cövlan edir.
Məmur özü və xalq arasında çəkdiyi barının arxasında gizlənir. Xalq məlumatdan korluq çəkir. Korluq sözün əsl mənasında. Görünür, cəmiyyətin kor olması kimlərəsə sərfəlidir. Şaiyələr isə nə qədər qəribə, hətta inanılmaz səslənsə də, elə bu qalalar özündən qaynaqlanır. Necə? Gəlin təsnifatlanldırmağa çalışaq. Beləliklə, qərəzli məlumatların yayılma səbəbləri hansılardır?
Birincisi. Jurnalistin qeyri-peşəkarlığı. Aydın məsələdir ki, kimsə sensasiya vermək istəyir. Amma gərək sensasiyanın da arxasında faktlar olsun. Faktları tapmaq isə ya çətindir, ya da əksər hallarda da heç mümkün deyil. Bir yandan tez tanınmaq, məşhurlaşmaq lazımdır, digər tərəfdən isə savad, təcrübə və məsuliyyət hissi çatışmır. Ona görə də mirzənin biri oturub ağzına gələni yazır və dövriyyəyə buraxır.
İkinci səbəb. Saytı hansısa xarici qüvvələr maliyyələşdirməsidir və o bununla ölkədə çaxnaşma yaratmaq istəyir.
Üçüncü səbəb daha maraqlıdır. Cəmiyyətdə belə fikirləşənlər də var ki, ilk baxışdan guya söz azadlığının bəhrələri kimi cücərən bir sıra saytlar vasitəsilə əslində ayrı-ayrı məmurlar bir-biri ilə haqq hesab çəkir. Və belə düşünənlərə də inanmaq üçün əsaslar var. Yəni vurulmaq üçün seçilən hakimiyyət təmsilçilərinə qarşı informasiya hücumları təşkil olunur. Hakimiyyət daxili qüvvələr hərəkətə keçməzdən əvvəl hansısa məmur və ya qurum ətrafında artilleriya işləməsi yapırlar. Hədəf ətrafında kütləvi qara fon yaradılır. Bu və ya digər mətbu-mediya orqanında seçilmiş obyektin gözdən salınması prosesi başlayır.
Bu proses qanunauyğun sonluğa, yəni şəxs vəzifədən kənarlaşdırılmasına qədər aparılır. Çox vaxt zavallı hədəflər öz sonlarını, elə özləri yaxınlaşdırırlar. Susmaqla. Haqlarında deylən, yazılan iftira və yalanlarla razılaşmaqla. Adam haqqında yazırlar, yazırlar, az qala ölənlərini gordan çıxarırlar, bu bədbəxt isə oturub gözləyir ki, bəlkə susum, birdən axırı yaxşı olmaz. Unudur ki, bu şəxsin ən azı cavab vermək hüququ var, mətbuat xidməti var və bu xidmət heç də ona görə mövcud deyil ki, mövzunu bağlamağı rica etsin və jurnalistlərə, elə biri mənə zəng vurub, sən Allah bu xəbəri hələ verməyin görək, bəlkə ötdü keçdi deyə rica etsin.
Əksinə obyekt, onun mətbuat nümayəndəsi, rəsmi orqan çıxıb açıqlama verməlidir. Deməlidir ki, haqqında yazılanlar doğrudur ya yalan, naziri işdən çıxarırlar yoxsa yox. Hansısa nazirin işdən çıxarıldığı barədə şayilər yaranan kimi niyə dərhal həmin nazirliyin mətbuat xidməti bu şayiəni təkzib etmədi? Özü də çox sürüşkən bir cavab forması tapılıb. Nazir öz iş yerindədir - bir az əvvəl gözümlə görmüşəm.
Bu gözü ilə görmüş qardaşımızın cavabından axı bəlli olmur nazir iş yerində neynir, işləyir, yoxsa şələ-küləsini yığmağa gəlib? Yalnız prezidentin köməkçisi Əli Həsənovun tənbehvari çıxışından sonra cəsarətə gəlmək və açıqlama vermək ki, yox, həzərat nazir işdən çıxarılmayıb - məncə, doğru yanaşma deyil. Və bir də axı nə vaxta qədər hamının yerinə Əli Həsənov danışmalıdır.
Şəxsən mən özüm belə nazirliklərdən birinə müraciət etdim ki, ay cənablar, bu şayiələrin qarşısını almaq üçün nazir müsahibə versin. Alınmadı ki, alınmadı… Atası-anası anonim saytları kimlərsə söyə bilər. Amma heç bir halda hamı yox. Çünki bu saytların quyruğunun kimin qapısı arasında olduğu çoxdan sirr deyil. Bu teatrı qurtarmaq lazımdır.
Sayt, qəzet və ya televiziya olmasından asılı olmayaraq bu qurumların maliyyə mənbələri bəllidir. Onların arxasında kimlər durub onu da gözəl bilirlər. Şəxsən mən artıq çoxdan saytlara baxanda onların hər birinin arxasında bir nəhəng kölgə görürəm. Məmur kölgəsi. Dovşanı araba, Eldar Mahmudovu “Range Roveris”lə tutan dövlətimiz onu on beşcə dəqiqəyə aşkar edə bilər. Bəs onda niyə tədbi görmürlər, bax mənə bu müəmmalıdır.
Özü də bu saytlar da elə belə deyil a. Onu yaradanlar onun avadanlığı və abadanlığı barədə də tədbir görüblər. Əla yaşıyırlar, yaxşı məvacib alırlar. Hamı da gözəl başa düşür ki, bu saytlar pul qazanmır, onlar reklam vasitəsilə gün-güzəran qurmurlar, özləri-özlərini təmin edə bilməzər. Təbii ki, onların saxlayanları var. Yəni mən sənin haqqını veriərəm və sən də mənim haqqıma yazacaqsan.
Bu öz azadlığı deyil, bu əsl özbaşınalıqdır. Ən qəribəsi də budur ki, Əli Həsənovun barmaq silkələməsi də beli bağlı saytları ayıltmır. Onun “Azərtaca” verdiyi müsahbənin ertəsi günü eyni saytlar bu dəfə Arif Alışanovu işdən çıxarırlar. Məncə, bu artıq Prezidentin köməkçisinə meydan oxumaqdır. Bundan o yanası yoxdur! Yeri bəlli yurdu bəlli, yiyəsi bəlli, hətta bəzən dövlətin yuxarı başına bizi basıb keçirlər…
Balaca ölkədir burası. Çəkmək olar adamı məhşər ayağına və birdəfəlik tapşırmaq olar ki, a bala yazma yalan! Yaxma qara! Nə çətin iş ar ki, burda. Amma hər halda son hadisələrdən sonra məndə bir ümid yaranıb ki, dövlət qətiyyətinin miqyası kölgə mətbuatına da çatacaq və bu sahədəki antisanitariyaya da son qoyulacaq və məmurların oğrun əlləri KİV-dən kəsiləcək.
Yadınızdadırsa, prezident hələ 2005-ci ildə məmurlara xəbərdarlıq eləmişdi: “Kim siyasətlə məşğul olmaq istəyirsə qoy istefa versin, gedib siyasətlə məşğul oslun!” Daha adama bundan artıq nə demək olar? Siyasi məqsədlə sayt yaratmaq elə siyasətlə məşğul olmaqdır. Ya bəlkə jurnalistika ilə məşğul olmaq istəyirsə, onda buyurub, məşğul olsun, amma yalnız jurnalistika ilə.
Mən şəxsən öz təcrübəmdən, bir peşəkar kimi deyə bilərəm ki, bizim sahə də çox maraqlıdır. Doğrudur onların gördüyü qədər artıq-urtuq qazanc yoxdur burda, amma inandırım sizi ki, bizdə də çoooox maraqlıdır, keşməkeşlidir. Burda da almaq mümkündür. Təbii ki, mən müsahibə almağı nəzərdə tuturam….