ADI XALQIN, DADI İSƏ məmurların olan Xəzər – FOTOLAR

Xəzər dənizi əslində bizim – xalqın təbii sərvətidir. Nefti, qazı, kürüsü ilə birlikdə… Amma bu sadaladıqlarımız xalq olaraq, heç vaxt görmədiklərimizdir. Bizə göstərilməyənlərdir. Bəs, suyu, sahili..? Niyə Xəzər sahillərinə əlimiz çatmır? Və ya çatanda da niyə ödənişli olmalıdır? Axı, Xəzər bizim, yəni hamımızındır…

Xəzərin insan əli çata biləcək hər yeri ya hasarlıdır, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri…
Xəzərin çox ciddi “hasar dərdi” var.  Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Sanki, Xəzərin hasarlanmasından xəbərləri yoxmuş kimi, hələ bir bunu edənlərə öz iradlarını bildirənlər də var. Amma nəticə yoxdur. Bəzən isə hasarlarla bağlı “ən məntiqli” izah belə verilir: “Bu hasarlar insanların təhlükəsizliyini təmin etmək üçün çəkilir…”
Hasar sevgisi olanların seçimi də təbii ki, zövqlü olur. Onlar Xəzərin ən gözəl, ən təmiz sahillərini boyhaboy hasarlayırlar. Bizə – xalqa qalan isə zibilli, çirkab suları ilə dolu olan və ya hansısa sahibkar tərəfindən zəbt edilmiş ödənişli sahillərdir. Bəzən ödənişsiz yer axtaran insanlar Xəzərin təhlükəli ərazilərinə üz tuturlar. Hansı ki, o sahillər “xalqın təhlükəsizliyi” üçün hələ hasarlanmayıb…
Sözü dolayı yolla deməyə ehtiyac yoxdur. Təbii ki, Xəzərin sahillərinin məmurlar arasında səliqəli şəkildə bölüşdürüldüyü hər kəsə aydındır. Məmurlar böldüklərini bölüblər, qalanını da satıblar. Axı hansısa bir məmurun xəbəri olmadan Bakıda daş üstünə daş qoymaq olar? Əlbəttə, yox…
Azərbaycanda məmurlarla vətəndaşlar arasında fərqli həyat olduğu kimi, məmurlarla Xəzər arasında da fərqli bir həyat var. Hansı ki, o həyatı bizim – xalqın görməsini istəmirlər. İstəyirlər ki, onların Xəzər sahilindəki həyatları elə hasarla dəniz arasında qalsın. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün. Amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar.
Yəqin ki, yolu Bakının cənub girişindən düşən hər kəs sahilboyu uzanan istirahət mərkəzlərini, saysız-hesabsız möhtəşəm villaları görüb. Villalar, istirahət mərkəzləri olmayan sahillər isə hasarlanıb. Yəqin ki, daha sonra lazım olar deyə, ehtiyatda saxlayıblar və yaxud da “qaygıkeşcəsinə xalqın təhlükəsizliyini düşünüblər”.
“Bibiheybət” məscidindən sonra başlayan istirahət mərkəzləri, otellər boyhaboy düzülüb. Xəzərin sahilləri insan əli çata və yay fəslində çimərlik kimi istifadə edilə biləcək yerlərində bir qarış belə, boşluq saxlamamaq şərti ilə hasarlanıb. Davamında isə bir-birinin yanında sıralanan uzun və hündür hasarlı, nəzarət kameralı, mühafizəçiləri olan villalar…
O hasarların arxasında çox şey var. Yaxtalar, möhtəşəm malikanələr, dənizin ortasına aparan sonradan salınan yollar və daha nələr, nələr… Bir sözlə , xəyalını qura biləcəyimiz çox şey…
“Bu villalar kimlərindir, necə tikiblər, hansı pulla tikiblər” deyə sual etmirik. Bəlkə də “Bu, bizi maraqlandırmır” deyə düşünənlər var.
Amma tək gerçək olan budur ki, Xəzər bizimdir – Azərbacan xalqınındır. Xəzərin bizə çatan yalnız sahilləridir, ancaq aramızda hündür hasarlar var. Aşa bilməyəcəyimiz hasarlar…
Yaxşı ki, heç olmasa, Bulvar var. Amma bizə haqqımız olan lazımdır. Xəzər lazımdır. Hasarsız, özgür Xəzər…(musavat.com)

 

 






Fikirlər