Saxta yuyucu tozlar, şampunlar dükan-bazarı bürüyüb - Bu şəbəkəni kim himayə EDİR?

Son vaxtlar digər gündəlik tələbat malları kimi yuyucu tozların, digər təmizləyici vasitələrin də qiyməti manatın devalvasiyasının təsiri ilə kəskin qalxıb. Lakin məsələnin paradoksal tərəfi budur ki, bu  bahalaşma ilə paralel saxta və keyfiyyətsiz yuyucu vasitələr də artıb.

Əvvəllər daha çox tanınmamış markalardan olan yuyucu vasitələr keyfiyyətsiz olurdusa, indi tanınmış markaların da məsulları arasında saxtaları geniş yayılıb. İstehlakçılar deyirlər ki, əvvəllər saxta yuyucu vasitələrə daha çox bazarlarda, kiçik dükanlarda rast gəlmək olardı. İndi isə belə mallar şəhərin iri supermarket şəbəkələrinə də ayaq açıb.
 Yuyucu tozun saldığı ləkə...
"Neçə ildir paltarlar təmiz yuyulsun deyə tanınmış və bahalı brend yuyucu vasitələr alırıq. Demək olar ki, hamısından istifadə eləmişik, hamısı eyni dərəcədə keyfiyyətsizdir. Yuyucu toz suda ərimir, paltaryuyan maşının içərisində daşlaşıb qalır.  Bir neçə gün əvvəl ağ köynəkləri yuyucu toz tökülmüş suda islatdım, yuyucu tozun rəngi paltarlara çıxdı. İndi o ləkəni çıxarmaq üçün köynəkləri xlorla yumalıyam. Yuyucu toz ləkə çıxarmaq üçündür, amma biz onun saldığı ləkəni çıxarmaq üçün vasitə axtarırıq”, - Bakının mağazalarından birində söhbətləşdiyimiz alıcı deyir.
Şikayətçilər deyirlər ki, dəfələrlə yuyucu vasitələri aldıqları mağazaya məhsulların saxta və keyfiyyətsiz olması ilə bağlı irad bildiriblər. Lakin supermarketlər satdıqları məhsulun keyfiyyətindən xəbərsiz olduqlarını və onlara məhsulların firmalar tərəfindən gətirildiyini deyirlər. Bəs ola bilərmi ki, həmin saxta, yaxud olduqca aşağı keyfiyyətli yuyucu vasitələrin bazara çıxarılması elə distributor firmalarının özləri tərəfindən təşkil edilir? Bəlkə həmin firmalar malları xaricdən idxal etmir, hansısa zirzəmidə açdıqları gizli sexlərdə qablaşdırır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqləyir ki, ölkədə kifayət qədər sertifikatlaşdırılmamış yuyucu vasitəyə rast gəlmək mümkündür. Sumqayıt şəhəri isə saxta yuyucu toz istehsalına görə ön yeri tutur. Bir çox məhsullar xarici brend adı altında məhz burada istehsal olunur.
"Yuyucu vasitəyə duz qatıb qablaşdırırlar”
Ekspertin sözlərinə görə, saxta yuyucu  vasitələr arasında "Tide”, "Ariel”, "Calgon”, "Alafran” və digər məhsullara rast gəlinir. Belə məhsullar yuyucu vasitə bazarının təxminən 30%-ni təşkil edir.
"Hazırda bazarın 30-i saxta yuyucu vasitələrlə zəbt olunub. Bazarın qorunması üçün nə "Procter and Gamble” şirkəti, nə də malları Azərbaycana idxal edən "Henkel” şirkəti heç bir iş aparmır. Yuyucu vasitələrin keyfiyyətsizliyi ilə bağlı hər gün AİB-ə zənglər olunur. Bizdə olan məlumata görə, saxta yuyucu vasitələrin "Sədərək” bazarında açıq şəkildə satışı həyata keçirilir. Onlar xaricdən yuyucu vasitələri alır, 3 pay duz qatır, bir pay isə həmin vasitəni qatırlar. Sonra adını çəkdiyim şirkətlərin qablarına doldurub əhaliyə satırlar”, - deyə E. Hüseynov bildirir.
Ekspert hesab edir ki, saxta və keyfiyyətsiz məhsullarla mübarizə aparmaq üçün onları "baykot” etmək lazımdır. Onun sözlərinə görə, şirkətlər saxta məhsullarını satışa çıxarmaq üçün müxtəlif məmurlara rüşvət verərək onlarla iş birliyinə girirlər:
 "İstehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir”
"Məndə olan məlumatlara görə, şirkətlər bu işləri həll etmək üçün dövlət məmurlarına yaxınlaşır, rüşvət verirlər. Həm özləri, həm də məmurlar cinayətə girişirlər. Sakinlər saxta yuyucu vasitələrilə mübarizə aparmaq üçün boykot metodundan istifadə etməlidirlər. İstehlakçı hüquqlarının pozulmasının əsas problem qanunlardadaır. İstehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir və bunu həyata keçirən dövlət orqanıları fəaliyyətsizdirlər”, - deyə E. Hüseynov vurğulayır.
 Yoxlamalar dayandırılıb, işbazlar qol-qanad açıb...
Qeyd edək ki, bir neçə ay öncə Vergilər Nazirliyinin əməkdaşları saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar etmişdilər. 
Fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində "FRESH” və "ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması məlum olmuşdu.
Mütəxəssislər deyirlər ki, onsuz da zərərli olan bu yuyucu vasitələrin saxtası daha təhlükəlidir. Bir sıra dəri xəstəlikləri, allergiyalar, hətta xərçəngə qədər gətirib çıxarır.
"Procter and Gamble” saxta məhsullardan xəbərdardır
Respublikanın yuyucu vasitə bazarında böyük çəkisi olan "Procter and Gamble” şirkətinə zəng edərək məhsullarının saxtalaşdırıldığından xəbərdar olub-olmadıqlarını və adlarını qorumaq üçün hansı işlər gördüklərini soruşduq. Şirkətin supervayzeri Rəfiqə Ağasıyeva bildirdi ki, yuyucu vasitələrin saxtalaşdırılması təkcə onların məhsullarında deyil, bütün firmaların məhsullarda rast gəlinir. 
"Biz bacardığımız qədər mübarizə aparırıq. Amma bu işlə aidiyyatı dövlət orqanları mübarziə aparmalıdırlar. Hər hansı şikayətlər olduqda İstehlakçıların Hüquqlarını Müdafiə Komitəsi onları araşdırır. Şikayət edənlər bizimlə əlaqə saxlayırlar, biz şikayətlərə fərdi yanaşırıq və həll etməyə çalışırıq”, -deyə R. Ağasıyeva bildirdi.
Lakin şirkət rəsmisi nədənsə bu açıqlamanı dərc etmək üçün aldığımızı biləndə danışmaqdan vaz keçdi və digər suallarımızı cavabsız qoydu. Məlum oldu ki, əgər hər hansı rəsmi məlumat almaq istəyiriksə, şirkətə rəsmi məktubla müraciət etməliyik. Yəni, məktuba baxılacaq, məsləhət olsa, cavablandırılacaq...

 






Fikirlər