SƏRKİSYAN: “İlham Əliyev mənə və həmsədrlərə göz gəzdirib dedi ki...”

Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri Serj Sərkisyanın Vyanadan dönərkən təyyarədə jurnalistlərlə söhbətinin yeni detallarını yayır.

Ermənistan prezidenti Vyana görüşünün detalları haqda danışarkən deyib ki, Azərbaycan prezidenti aprelin əvvəllərində baş vermiş toqquşmalara görə Ermənistan tərəfini günahlandırıb.

“Əliyevlə 20 görüşümüz olub, razılaşmalar əldə edilib, ancaq Bakıya qayıdanda tamam başqa bəyanatlar verib. Bundan əlavə, Əliyev görüşdə mənə və həmsədrlərə göz gəzdirib əmin etməyə çalışdı ki, aprel təxribatının təşəbbüskarı Ermənistan olub. Ancaq bu bizim nəyimizə lazım idi? Bizim hədəfimiz odur ki, həmsdərlər əmin olsunlar-biz nə status-kvonu saxlamaq istəyirik, nə əbədi müharibə”-Sərkisyan bildirib.

Ermənistan prezidentinin sözlərinə görə, Azərbaycan təmas xəttində monitorinq vasitələrinin yerləşdirilməsinə razılıq verərkən erməni qoşunlarının çıxarılması şərtini irəli sürməyib. Sərkisyan deyib ki, çox qısa zamanda ATƏT-in monitorinq missiyasının tərkibi genişləndiriləcək. Avadanlıqlara gəldiksə isə onun sözlərinə görə, bu, növbəti görüşə qədər quraşdırılmaldıdır.

Xatırladaq ki, təmas xəttində atəşkəsə nəzarət etmək üçün videomüşahidə kameralarının yerləşdirilməsini əvvəlcə ermənipərəst amerikalı konqresmenlər irəli sürüb. Amerikadakı erməni lobbisi bu ideyanın Dövlət Departamenti tərəfindən rəsmən ortaya qoyulmasına nail olub . Azərbaycan indiyədək təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etmirdi və bildirirdi ki, belə mexanizm ancaq status-kvonu saxlamağa xidmət edir.

Serj Sərkisyan təyyarədə jurnalistlərlə söhbətində Vyana görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı oturmasına da münasibət bildirib. O deyib ki, görüşün keçirildiyi zalda yerlər əvvəlcədən müəyyən olunmamışdı. “Əvvəlcədən belə razılaşma olmayıb...Hesab etmirəm ki, buna xüsusi əhəmiyyət vermək lazımdır, xüsusən də indiki reallıqlar şəraitində”-Sərkisyan əlavə edib.

*   *   *12:15

Xəbər verildiyi kimi Ermənistan prezidenti Serj Sərkisyan Vyanadan qayıdarkən təyyarədə onu müşaiyət edən jurnalistlərə Avstriya paytaxtında keçirilən Qarabağ müzakirələri barədə bəzi açıqlamalar verib.

“Hər bir tərəf görüşə yollananda öz marağını güdür. Aydındır ki, Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz”-Sərkisyan bildirib.

“Bizim məqsədimiz ondan ibarət idi ki, bunu aydınlaşdıraq: doğrudanmı danışıqlar dalana dirənib və döyüşməkdən başqa yol yoxdur, yaxud biz problemləri daha az itkilərlə həll edə bilərik?”-Sərkisyan əlavə edib. Ermənistan prezidenti deyib ki, o və həmkarları əsasən görüşün nəticələrindən razı qalıb.

“Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərbi yolla həllini qarşıya məqsəd qoymayıb”-Sərkisyan bildirib.

“Siz gözəl başa düşürsünüz və hesab edirəm ki, mənim reaksiyamı hiss edə bilirsiniz. Və bu reaksiya belədir ki, bu əlbətdə, yaxşıdır, ancaq az inandırıcıdır. Çünki belə söhbətlər dəfələrlə səslənib, reallıqda isə onlara əməl olunmur. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmaq haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbətdə, istərdik ki, bu sülh variantı olsun”-Sərkisyan deyib.

Azərbaycan tərəfi hələlik Vyana görüşünün yekunlarını geniş şərh etmir.

Sərkisyanın sözlərinə görə, erməni tərəfi prezidentlərin növbəti görüşünün ATƏT həmsədrlərinin  təmas xəttində monitorinqi təmin etməsindən sonra keçirilməsini təklif edib. "Söhbət ondan getdi ki, müəyyən müddət sonra yeni görüşün keçirilməsi düzgün olardı. Və biz konstruktiv təkliflə çıxış etdik: söhbət həmsədrlər tərəfindən təmas xəttində atəşkəs rejiminə riayət edilməsini təmin edən monitorinqin tətbiq edilməsindən gedir. Biz təklif etdik ki, bu monitorinq bizim növbəti görüşümüzə qədər təmin edilsin. Bu, tərəflərin konstruktiv yanaşması olardı"-Sərkisyan jurnalistlərə deyib.

 

 






Fikirlər