Yeni dünya SAVAŞININ silahları – ''dron''lar

Yeni dünya savaşının silahları – ''dron''lar

Gizli savaşçılar - pilotsuz uçan aparatlar savaş meydanlarında əsgərləri əvəz etməkdə iddialıdırlar

 

Onlar haqda artıq filmlər də çəkilib. Gizli “ovçular” – ABŞ pilotsuz təyyarələri dünyanın fərqli nöqtələrində Amerikanın düşmənlərini “ovlayır”. Ən son olaraq mayın 21-də Taliban lideri Molla Mansur ABŞ pilotsuz aparatlarının endirdiyi zərbələr nəticəsində öldürüldü.
Hələ 2013-cü ildə BMT-nin rəsmi hesabatlarında ABŞ pilotsuz uçan aparatlarının (PUA və ya "Dron") zərbələri nəticəsində 400-ü Pakistanda olmaqla dünya üzrə 500-dən artıq dinc insanın öldüyünü açıqlamışdı. Aradan 3 il keçib və yəqin ki, rəqəmlər daha da artıb. Amma dəqiq çalışan silah olaraq PUA-ların öldürdüyü cinayətkar, terrorçu sayı dəfələrlə çoxdur. Təkcə Pakistanda Barak Obama ABŞ prezidenti olduqdan sonra aktiv fəaliyyət göstərən PUA-lar əl-Qaidə və Taliban liderləri də daxil olmaqla yüzlərlə terrorçu öldürüb.
Dağların əvəzolunmaz “ovçuları”
İlk pilotsuz təyyarənin 100 il əvvəl planlandığı bilinsə də, bu gün haqqında bəhs edəcəyimiz silahlı və terrorçu ovlayan uçan pilotsuz aparatlar ilk dəfə 2001-ci ildən fəaliyyətə başlayıb. Ona qədər daha çox kəşfiyyat, təhqiqat, araşdırma kimi fərqli sahələrdə istifadə olunan PUA-ların ilk silahlı versiyası olan “MQ-1 Predator” 2001-ci ildə Pakistan və Özbəkistandakı bazalarda uçuşlara başlayıb. Hədəf isə məlum idi: Əfqanıstanda "əl-Qaidə" və Taliban silahlılarını məhv etmək. ABŞ ordusu dağlarda Taliban silahlıları ilə savaşda faktiki olaraq uğur qazana bilmirdilər. Çünki ərazinin relyefi döyüş texnikaları üçün uyğunsuz idi, üstəlik, talibançılar bölgəni çox yaxşı tanıyır və daha əvvəl sovetlərə qarşı tətbiq edilən taktikanı indi amerikalılara qarşı tətbiq edirdilər. Hətta helikopterlər belə canlı qüvvə itkisi baxımından dağlarda gözlənilən effekti vermirdi. 
Ancaq bunun əvəzinə pilotsuz uçan aparatlar uzun müddət havada qalır və dağların arxasında, ən uzaq kəndlərdə belə talibançıları izləyir, daha sonra isə effektiv zərbə ilə məhv edir. Getdikcə PUA-ların fəaliyyət əraziləri genişləndi. İndi onlar Əfqanıstanla yanaşı, Pakistan, Yəmən, İraq, Afrika ölkələrində (Somali) və nəhayət, Suriya ərazilərində istifadə olunur.
Nevadada otur, Əfqanıstanda vur 
PUA-lar savaşlara 2002-ci ildə daxil olsalar da sürətlə artırlar. 2002-ci ildə, yəni fəaliyyətə başladığı zaman ABŞ ordusu və kəşfiyyat (CİA) 167 PUA-ya sahib olduğu halda hazırda planetin “qaynar nöqtələrində” 12 mindən çox “hava ovçuları” dolaşır. Ancaq hələlik ABŞ ordusunda silahlı PUA-lar ümumi pilotsuz aparatların 1 faizini təşkil edir. Və təbii ki, bu rəqəm ildən-ilə böyüyür. 
Son illərin sürətli inkişafı nəticəsində hazırda dünya silah bazarında PUA-ların çəkisi ümumu bazarın 5 faizini təşkil etsə də, bu rəqəm sürətlə artır. Qərb silah ekspertlərinə görə, 2023-cü ilə qədər 90 milyard dollara çatacaq. Xüsusən də silahlı "dron"lar bahalı olduğu üçün məsrəflərin daha da artacağı gözlənilir.
ABŞ pilotsuzlarının 90 faizi Nevada ştatında yerləşən bazalardan idarə olunur. Burda “pilotlar” Pakistandakı, Yaxın Şərqdəki hərbi bazalardan qalxan qurğuları idarə edir, kəşfiyyat, araşdırma uçuşları həyata keçirir və ələ keçən yaraqlıları raket zərbələri ilə məhv edir. Bu zaman hərbçilərin işi yalnız bu aparatların havaya qalxması və enməsini təmin etmək, eləcə də endikdən sonra yenidən silahlandırıb, yeni uçuşa hazırlamaqdan ibarət olur. Bununla da faktiki olaraq yeni savaşlarda “əsgər izi” olmur. 
Təbii ki, hələlik döyüşçülərin birbaşa əməliyyatlarından imtina etməkdən söhbət gedə bilməz. Ancaq hətta bu zaman belə dəqiq hədəf müəyyən edilməsi, əməliyyat zamanı hərbçilərə bilgi və kəşfiyyat dəstəyi məhz PUA-lardan gəlir.
Artıq ABŞ-la yanaşı, İsrail, Britaniya, Fransa, Almaniya, Rusiya kimi ölkələrdə də silah daşıya bilən böyük həcmli pilotsuz uçan aparatlar istehsal edir. Kiçik model insansız uçan aparatları isə artıq kiçik texnologiya şirkətləri də istehsal edir və sərbəst bazarda satılır.
Artıq silahlı uçan aparatların da siyahısı böyüyüb. Daha əvvəl əsas silah hesab olunan “Predator”un ölçüsü 500 kiloqram ağırlığında idi və maksimum 1080 km uça bilirdisə, ABŞ istehsalı olan son model X-47B PUA-ları 6,3 ton ağırlığındadır və 12,5 min metr yüksəkliyə, 3380 km uzağa uça bilir. Ancaq hələlik X-47B aparatları döyüş əməliyyatlarına buraxılmayıb.
Pilotsuz uşan aparatların ''əl işi''
Qeyd edək ki, pilotsuz uçan aparatlardan savaş məqsədilə ABŞ Müdafiə Nazirliyi ilə yanaşı Mərkəzi Kəşfiyyat İdarəsi (ingiliscə CİA) da istifadə edir. Amerika kəşfiyyatı izlədiyi, çox axtarılan terrorçuları məhz bu aparatlar vasitəsilə məhv edir. 2011-ci ildə əl-Qaidə liderlərindən olan Ənvər əl-Əvlaki Yəməndə CİA-ya məxsus PUA-ların atdığı “Cruise” raketləri vasitəsilə məhv edilmişdi. ABŞ-ın Yaxın Şərqdə, xüsusən də Yəməndə pilotsuz aparatlarla həyata keçirdiyi əməliyyatların əsas bazası Səudiyyə Ərəbistanı ərazisində yerləşən hərbi bazadır. 1991-ci ildə Körfəz müharibəsi zamanı qurulan bu bazada hazırda 5-10 min arası hərbçinin olduğu ehtimal edilir. ABŞ pilotsuz aparatları bu bazadan qalxaraq qonşu Yəməndə kəşfiyyat və antiterror əməliyyatları həyata keçirir.
Ancaq hələlik rəsmən açıqlanmasa da, Suriya və İraq ərazilərində ABŞ pilotsuzlarının fəaliyyət göstərdiyi ehtimal olunur. Çünki hazırda bu bölgələrdə qanlı savaş gedir və İŞİD, "əl-Qaidə" kimi terror qrupları bu ərazilərdə yayılıb. Mümkün deyil ki, amerikalılar İraq və Suriya ən çox axtarılan terrorçuları izləməsin. Eyni sözləri İsrail haqda da demək olar. Keçən aylarda Suriyada "Hizbullah" komandirlərinin öldürülməsi ssenariləri PUA “əl işinə” daha çox bənzəyirdi, nəinki silahlıların atdığı top atəşlərinə.
Gələcəyin silahı
Bir çox ekspertlərə görə, gələcəyin savaş maşınları məhz PUA-lar olacaq. Artıq məşhur F-16 qırıcılarının da pilotsuz şəkli hazırlanıb. QF-16 adlandırılan qırıcılar saatda 2414 km sürət yığmaq və 15 min metr yüksəyə qalxmaq imkanına malikdir. Yeni nəsil qırıcıların əsas üstünlüyü pilotların təyyarədə deyil, kənarda olmasıdır. Məhz bu imkanları ilə pilotsuz aparatlar daha az yanacaq sərf etmək, daha yüngül olması (pilot üçün nəzərdə tutulan konstruksiyaların olmaması nəticəsində - K.R) səbəbi ilə daha çox silahlanma, nəhayət, canlı itki riskindən qorunması ilə daha üstün bir texnologiya olaraq dünya ölkələrinin diqqətini çəkir. 
Savaş vəziyyətində olan Azərbaycan ordusu da bir neçə ildir hərbi arsenalında PUA-lar əlavə edib. Azərbaycan əsasən İsraillə bu sahədə əməkdaşlıq edir. Sonuncu savaş zamanı Azərbaycanın İsraildən aldığı "dron"lar vasitəsilə erməni birliklərinə zərbələr endirmişdi. Erməni tərəfində isə əsasən kəşfiyyat məqsədli "dron"lar mövcuddur. Görünən odur ki, olası yeni savaşda da hər iki tərəf PUA-lardan geniş şəkildə istifadə edəcək.
 












Fikirlər