Türkmənistan prezidentinin oğlu Sərdar Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib.
Bu barədə Türkmənistan Televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkmənistan MSK-sı bazar günü üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrini açıqlayıb və Ahal vilayətindəki "Duşak" 24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədovun qələbə qazandığını elan edib.
Digər iki dairədən isə Gövhər Bayramova və Yusifqulu İşayevin deputat seçildikləri bildirilib.
Türkmənistan Televiziyasının yaydığı kadrlarda hər üç yeni deputatın görüntüləri də təqdim edilib və bildirilib ki, artıq MSK onlara deputat vəsiqələrini təqdim edib.
Xatırladaq ki, Türkmənistan prezidenti bir müddət əvvəl bu oğlunu Xarici İşlər nazirliyində mühüm vəzifəyə təyin etmişdi və o vaxt xarici mətbuat bunu Türkmənistan prezidentinin varis hazırlığına başlaması kimi qiymətləndirmişdi.
Bu ilin sentyabrında isə Türkmənistan konstitusiyasında dəyişikliklər edilərək, prezidentlik səlahiyyəti 5 ildən 7 ilə qaldırılıb, dövlət başçısı vəzifəsini yerinə yetirə bilməyəcəyi təqdirdəsə, onun səlahiyyətlərinin parlament sədrinə keçməsi təmin edilib və prezidentlik üçün tələb olunan 40-70 yaş məhdudiyyəti aradan qaldırılıb.
Belə görünür ki, prezident Berdıməhəmmədov ekstremal situaiyada gənc Sərdarın onu əvəzləyə bilməsi üçün bütün əngəlləri aradan qaldırıb.(Strateq.az )