19.08.2014- Kadırovun telefonu itdi, Çeçenistan ayağa qaldırıldı
Bu barədə “Memorial” hüquq müdafiəsi mərkəzindən məlumat verilib.
Məlumata görə, avqustun 16-da Çeçenistanın Şalin rayonundakı aulların birində Şira-Yurt etnoqrafik kompleksin açılışında Kadırov da iştirak edib. Mərasimdən əvvəl Kadırovun mühafizəsi gələn qonaqları ciddi şəkildə üstünü yoxlayıb, nəqliyyat vasitələri isə prezidentin olduğu yerdən 1 kilometr məsafədə saxlanılıb. Tədbirdən sonra məlum olub ki, Kadırovun mobil telefonu itib.
“Bu barədə gələn qonaqlara səsgücləndiricilər vasitəsilə məlumat verilib. Daha sonra gələnlərdən Kadırovun telefonunu görüb-görmədikləri soruşulub. Bu da heç bir nəticə verməyib. Qonaqlar evlərinə getdikdən sonra mərasim təşkilatçılarının evlərinə zəng olunub və onlardan iştirakçılar haqda məlumat vermələri tələb olunub”, – məlumatda bildirilib.
Yerli sakinlər isə bildiriblər ki, avqustun 17-si gecəsi isə polis və rayon administrasiya rəhbərliyi minlərlə insanı istintaqa çağıraraq, onlardan Kadırovun telefonunun yerini soruşublar. Hətta çağırılanlar arasında azyaşlılar da olub. Çağırılanların əksəriyyəti səhərə yaxın evlərinə qayıda bilib.