Çeçenistan neсə idarə edilir? - TƏHLİL

Çeçenistan neсə idarə edilir? - TƏHLİLABŞ xarici siyasətinin müəyyənləşməsində aparıcı rol oynamış siyasi ekspert Zbiqnev Bjezinski özünün məşhur “Böyük şahmat taxtası” adlı əsərində Rusiyanı Avrasiya materikində yerləşən qara dəlik adlandırır. Məsələ ondadır ki, Rusiyanın özündə də “qara dəliklər” mövcuddur.

Söhbət Çeçenistan kimi məsələlərdən gedir. Rus-Çeçen müharibəsində Kremlin ordu siyasətinə qarşı dirəniş göstərən Çeçenistanda indi bir qədər fərqli situasiya yaranıb. Tarixən və indinin özündə də Rusiyaya qarşı barışmaz olan rəsmi Qroznının Rusiyameylli siyasəti sayəsində mübarizlik mücəssəməsi bir qədər arxa plana keçib. Proseslərin aqressiya müstəvisindən rəsmi Moskvaya boyun əymək fazasına keçid etməsinin əsl baiskarı isə Çeçenistanın indiki prezidenti Ramzan Kadırovdur. Ona münasibət isə birmənalı deyil. Əksər çeçen hesab edir ki, Kadırov kimilər olmasaydə Rusiya Çeçenistanı idarə edə bilməzdi.
Ramzan Kadırov, yoxsa Hacı Murad

Sələflərindən fərqli olaraq Ramzan Kadırov çeçen xalqının mübarizlik ruhuna zərbə endirib. Buna başqa prizmadan izah edənlər də az deyil. Nədən ki, Kadırova qədər gün ərzində onlarla çeçen həyatını itirirdi. Digər göstərici isə ondan ibarətdir ki, birinci Rus-Çeçen müharibəsin ərəfəsində çeçenlərin sayı 1 milyonu adlayırdısa, hazırda bu rəqəm 300 minin üzərindədir. Bu qeyri-rəsmi statistikadır. Məsələyə bu məntiqlə yanaşdıqda, Kadırov millətinin xilaskarı, millətinin tarixdən silinməməsi üçün bu addımı atdığı nəticəsinə də gəlmək olar. Düzdür, Çeçenistanın keçmiş prezidenti Aslan Məshədov da sülh siyasəti yürüdürdü, amma görünür Kremlin diktə etdiyi ambisiyalara qarşılıq vermədiyindən onu 2005-ci ildə öldürürlər. Bunun ardından prezident seçilən Əbdülxəlil Sadullayev də ruslar tərəfindən qətlə yetirildi. Yalnız Ramzan Kadırov Moskvanı razı sala bildi. Maraqlıdır ki, birinci Rus-Çeçen müharibəsində atası Əhməd Kadırovla birgə Çeçenistanın ordusunun tərkibində ruslara qarşı döyüşmüş R. Kadırov valı 180 dərəcə dəyişdi. Rusiyanın mövqeyinin ifadəçisinə çevrildi. Məsələlərə soyuq bağla yanaşmamı, yaxud da müharibədə aldığı “travmanın şoku”mu onu 2004-cü ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən mükafatlandırılmasına gətirib çıxarır. Rusiya Federasiyasının “Qəhrəmanlıq medalı”nı alan Kadırov eyni zamanda hakim Vahid Rusiya partiyasının Ali Şurasının üzvüdür. R. Kadırovu məşhur rus yazıçısı L. N. Tolstoyun “Hacı Murad” əsərinin eyniadlı qəhrəmanı ilə eyniləşdirmək lap yerinə düşər. Həmin əsərdə də Hacı Murad ruslar tərəfə keçmiş çeçen döyüşçüsü idi...

Kadırov-Umarov qarşıdurması

Kadırovun Rusiyaya inteqrasiya siyasətinə etiraz edən çeçenlər də az deyil. Bu mənada Aslan Məshədovun prezidentliyi dövründə yüksək vəzifələrdə çalışan D. Umarov hazırkı Çeçenistan administrasiyasını tanımır. 2000-ci ildə ruslarla döyüşdə çənəsindən yaralanan D. Umarovu sadiq, mübariz çeçen döyüşçüləri axırıncı Çeçenistan prezidenti hesab edirlər. Çeçen silahlılarının lideri, “Qafqaz Əmiri” D. Umarov zaman-zaman mətbuat vasitəsilə Rusiyanı və Kadırovu təhdid edən bəyanatlar səsləndirir. Bir müddət öncə Rusiya mediasının redaktorları ilə görüşündə Kadırov məqsədinin və arzusunun Umarovu məhv etmək olduğunu bildirib. Dəfələrlə ölüm xəbəri yayılan Doku Umarovun müqavimət əzmini, hisslərini Kreml və Çeçenistan rəhbərliyi hələ ki, ələ ala bilməyib. Umarovun bundan sonra tələblərində və iddialarında israrlı olacağını da söyləmək olar. Çünki Rusiyada terrorist qruplaşmasının rəhbəri Umarova Moskvanın və onun əlaltısı Kadırovun güzəştə gedəcəyi inanılmaz görünür. Soçi Olimpiadasını hədəfə alan “Meşələr kralı” Umarova Kadırov da sərt cavab verib. Onun sözlərinə görə Soçi qış olimpiadası başlayana qədər Umarov öldürülməlidir. Çeçenistanın radikal dini ideoloji cizgiləri də Umarovla Kadırovu bir yerdə olmağa yasaq edir. Suriyada üsyançılara yardım etməkdə şübhəli bilinən Umarov və onun dəstəsinə qarşı aparılan əməliyyatlar hələik öz bəhrəsini verməyib. Çeçenistanın gələcək taleyi haqqında isə birmənalı ehtimallar belə səsləndirmək, optimist fikirlər söyləmək düzgün olmazdı. Çünki Rusiya indiki siyasi durumda Qafqaz regionunda faktiki olaraq mövqelərini möhkəmləndirir ki, bu da Kadırova əlavə siyasi xallar qazandırır.

“Rusiyada hakimiyyət dəyişsə, Kadırov Kremlə düşmən kəsiləcək”

Konfliktoloq Arif Yunus bu məsələ ilə bağlı fikirlərini Modern.az-a şərh edərkən bildirib ki, ruslara qarşı əvvəldən cəbhə tutanların bir çoxu indi də döyüşür. Münaqişələr üzrə ekspertin sözlərinə görə məsələ ilə bağlı yanaşmada bütün çeçenləri birləşdirmək lazım deyil. A. Yunus həmçinin Kadırov-Putin sövdələşməsinin şəxsi münasibətlərə söykəndiyini qeyd edib. “Vaxtilə Rusiya rəsmilərinin yürütdüyü ağıllı siyasət nəticəsində çeçenlər arasında parçalanma oldu. Hazırda münasibətlər Rusiya-Çeçenistan səviyyəsində deyil və Kadırov-Putin şəxsi əlaqələrinə söykənir. Kadırov özünü Putinin adamı kimi aparır. Əgər Rusiyada hakimiyyət dəyişsə, Kremllə Kadırov arasında da münasibətlər pisləşəcək”-deyə A. Yunus fikirlərini bölüşüb.

AST Telmanla Kadırovu nə birləşdirir?

Konfliktoloq Putinin Kadırovu özünə tabe etməsinin səbəbləri barədə də danışıb: “Putin Kadırova icazə verib ki, Çeçenistanda Kremlə tabe olmaq şərti ilə istədiyi hərəkəti etsin. Üstəlik Putin Kadırova maliyə yardımları da etdi. Çoxları bilmir ki, Qroznı aeroportu beynəlxalq status alıb. Əvvəllər xaricdən hansısa biznesmen malları Moskvaya, Vladivastok və ya Peterburq hava limanlarına gətirirdisə, indi bu səlahiyyətləri Qroznı aeroportuna veriblər. Hətta azərbaycanlı biznesmenlərdən Telman İsmayılov da elə belə yerə Çeçenistana getmir. Çünki orada biznes maraqları var. Putin Kadırova şərait yaradıb ki, bu yollarla pul qazana bilsin. Putin Çeçenistanın daxili məsələlərinə qarışmayacağını da öhdəsinə götürüb. Çeçenistan indi də şəriət qaydaları ilə idarə olunur. Halbuki Rusiya dünyəvi dövlətdir. Rusiyanın qanunları Çeçenistanda heç bir rol oynamır. Deməli, burda bir daha Kadırov-Putin anlaşmasının təfərrüatları üzə çıxır. Belə vəziyyətin nə qədər davam edəcəyi, Çeçenistanın taleyinin necə olacağı isə sual altındadır”-deyə A. Yunus şərh edib.

Siyasi proseslərin fərqli mərhələlərə qədəm qoymasından sonra Kadırovun taleyi haqqında sadəcə ehtimallara söykənən mülahizələr söyləmək olar. Vay o günə ki, Kadırovu “Hacı Murad”-ın taleyi gözləyər. Xatırladaq ki, “Hacı Murad” ruslar tərəfə keçdiyi üçün başı kəsilmişdi...






Fikirlər