Kiyevdə bir azərbaycanlı öldürüldü
Ukraynanın paytaxtı Kiyevdəki “Troyanşina” topdansatış bazarında azərbaycanlılarla gürcülərdən və ukraynalılardan ibarət ticarətçi dəstə arasında kütləvi dava baş verib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, davada iştirak edən azərbaycanlılardan biri bazarın yaxınlığında vəhşicəsinə qətlə yetirilib.
Həmin şəxs əslən Yevlax rayonundan olan Gəncə şəhər sakini 37 yaşlı İlham Hüseynovdur. O, daş kərpiclə döyüldüyündən, meyiti baş hissəsi tamamilə parçalanmış, əzilmiş halda tapılıb.
Bazarda çalışan və adının çəkilməsini istəməyən azərbaycanlıların APA-ya verdiyi məlumata görə, dava ticarət maraqları üstündə baş verib: “Hadisəyə səbəb İlham Hüseynovla gürcülər arasında olan konflikt səbəb olub. Aralarında biznes mübahisəsi yaranıb, nəticədə gürcülərə qoşulan ukraynalılardan ibarət bir dəstə ilə bazarda çalışan azərbaycanlılar arasında dekabrın 6-da kütləvi dava düşüb. Səhəri gün isə İlham Hüseynovun meyiti bazarın yaxınlığındakı kərpic qalağının yanında tapılıb. Meyit aşkar olunan zaman davada iştirak edən gürcü və ukraynalılar aşkar formada qətli törətdiklərini bazarda elan edərək, azərbaycanlıların hamısını eyni aqibət gözləyəcəyini bildirərək kütləvi formada hədələyiblər”.
Hadisə ilə bağlı yerli milis tərəfindən cinayət işi qaldırılıb, qətli törədənlərin müəyyənləşdirilməsinə çalışılır.
Azərbaycanın Ukraynadakı səfirliyindən isə APA-ya bildiriblər ki, hadisə barədə yenicə məlumat alıblar və araşdırma aparılaraq tədbir görüləcək.