Qərbə əyilməyən, Rusiyadan çəkinməyən "Batka"
Bu ölkədə yerləşən istehsalat müəssisələrinin tam əksəriyyəti dövlətin nəzarətində olduğundan, sakinlərin çoxu üçün aylıq maaş, sosial ödənişlər, müavinətlər və məzuniyyətlər kimi ünsürlər aktualdır.
Belarusda dövlət qurumlarında və ya özəl şirkətlərdə çalışanların elə dövlətin hesabına istirahətə yollanmaları, onların övladlarının eynən Sovetlər Birliyində olduğu kimi, çox ucuz qiymətə yay düşərgələrinə göndərilmələri adi haldır.
Bu ölkənin şəhərləri xüsusi səliqəsi, yolları keyfiyyəti və təmizliyi, dükanları ucuzluğu, kəndləri isə işləyən adama dövlətin sayğısı ilə seçilir.
Belarusda olanlar burada qiymətlərə dövlət nəzarətindən tutmuş, müəssisələrin işbazların əlinə keçməsinə yol verilməməsinədək ən müxtəlif olaylardan vəcdlə danışırlar.
Belarusların özlərinin dediklərinə görə, yaşananlar prezident Aleksandr Lukaşenkonun siyasətinin nəticəsidir.
…Rusiyada rublun çökdüyü bir zamanda Belarus prezidenti Aleksandr Lukaşenko dövlət qurumları və özəl şirkətlərin rəhbərlərindən tələb edib ki, Rusiya ilə hesablaşmalarda rubl yox, dollar və avrodan istifadə etsinlər.
Rublun sürətlə ucuzlaşması nəticəsində Belarusdakı istehsalçılar böyük itkilər verdiyindən ölkə sakinlərinin "Batka" ("Ata") dedikləri Lukaşenko mövqeyini sərtləşdirməyə qərar verib.
İqtisadi məsələlərlə bağlı hökumətin toplantısında o, Avrasiya İqtisadi Birliyinə üzv olmasına rəğmən Belarusun siyasətinin müstəqil qalacağını vurğulayıb.
"Rusiya ilə hesablaşmalarda rus rublu əvəzinə dollar və avro tətbiq olunmalıdır. Rusiyadan aldığımız elektroenerjiyə, neft və qaza görə dollarla, avro ilə ödənişlər ediriksə, Rusiya da mal və məhsullarımıza görə dollar və avro ilə ödənişlər etməlidir. Belarusda istehsal olunan malları alanların əksəriyyəti bizimlə ödənişləri mövcud kursa uyğun olaraq valyuta ilə həyata keçirirlər. Belarusun mallarını ixrac edənlərin fəaliyyətinin effektivliyini artırmaq üçün də zəruri addımlar atılmalıdır. Ən əsası - istehsal etdiyimiz məhsulların maya dəyəri aşağı salınmalıdır. Hələlik pis yaşamırıq, kef çəkirik və düşünürük ki, bundan sonra belə olacaq. Hökümətdən mənə hər gün məruzələr edilir, deyilir ki, Rusiyada rublla ödəniş edən istehlakçılarla bağlı problemlər yoxdur. 1 dollar 70 rubl olub, biz də bunu nəzərə alırıq. Başqa yol yoxdur", - A.Lukaşenko deyib.
Belarus parlamentinin Nümayəndələr Palatası ölkənin Avrasiya İqtisadi Birliyinə qatılması ilə bağlı müqaviləni ratifikasiya edib.
Buna rəğmən, "Batka" Rusiya ilə münasibətlərdə ölkəsinin maraqlarını və xalqının mənafelərini Moskvanın istəklərinə qurban vermək niyyətində deyil.
Belə ki, o, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və s. qurumlarda Rusiya ilə ticari-maliyyə proseslərində rublu ön plana çıxarmaq, bütün hesablaşmaları çəkisi azalan, dəyəri düşən rublla reallaşdırmaq niyyətində deyil.
Belarus postsovet məkanında Rusiyanın ən sadiq müttəfiqlərindən biri sayılsa da, Aleksandr Lukaşenko Moskvanın göstərişlərini kor-koranə, qeyd-şərtsiz icra etməyib və davranışını bundan sonra da dəyişmək niyyətində deyil.
Ölkədə insan haqlarının pozulması, müxalifətin repressiyalara məruz qalması, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hədsiz dərəcə məhdudlaşdırılması ilə bağlı Qərbin sərt tənqidlərinə məruz qalan rəsmi Minsk sanksiyalar və blokada şəraitindədir.
Aleksandr Lukaşenko iqtidarının onlarla məmuruna Avropa Birliyi və ABŞ-a giriş yasaqlanıb, Belarusun ən məşhur şirkətlərinin məhsullarının Qərbə satışlarına faktiki yasaqlar tətbiq olunub.
Bir sözlə, Qərb Belarusu "Avropanın Şimali Koreyası", Lukaşenkonu isə "Avropanın son diktatoru" sayır.
Buna rəğmən, "Batka" siyasətini dəyişmir, Qərb qarşısında əyilmir, onunla diktat və göstərişlər metodu ilə danışmaq istəyənləri eyninə almır.
"Avropa məni öz ərazisinə buraxmır?! Lap yaxşı. Lazım olanda özləri gələcəklər", - deyən Lukaşenko ilk baxışdan emosional təsir bağışlayan bu açıqlaması ilə əslində Avropa Birliyinin siyasətinin kuluar məqamlarını faş edir.
Gerçəkdən də, Avropa Birliyinin demokratiya, insan haqları və s. ilə bağlı açıqlamaları, tələbləri, əmrləri, sankisyaları, təzyiqləri - bir sözlə, bütün pressinq cəbbəxanası Brüsselin iqtisadi, maliyyə maraqları ön planda çıxanda unudulur.
Belarus isə Türkmənistan və ya Qırğızıstan, xüsusilə də zəlil Ermənistan deyil - bu ölkə çox güclü sənaye potensialına, maliyyə imkanlarına və istehsal qüvvəsinə malik olduğundan Minskə onillərdən bəri tətbiq edilən sanksiyalar gözlənilən, planlaşdırılan nəticələri verməyib.
Qərbin "diktator", Rusiyanın "çox çətin müttəfiq" adlandırdığı Aleksandr Lukaşenko isə haqqında deyilən, yazılan və göstərilənlərin əksinə olaraq, Belarusda xalqın tam əksəriyyətinin dəstəklədiyi, inandığı dövlət başçısıdır. O, ilk baxışdan sərt, bəzən aqressiv təsir bağışlayan çıxışları zamanı həmişə başçılıq etdiyi dövlətin mənafeyini düşünüb.
"Batka" Belarusu ev, özünü də bu evin sahibi sayır və belə da davranır. O, evinin əsl sahibi, ötkəm, amma işini bilən və maraqlarını təmin etmək üçün gərəkli bildiyi vasitələrin hamısını işə salan bir şəxsdir.
Avrasiya İqtisadi Birliyinə qatılmaqla bağlı müqaviləni imzalasa da, Lukaşenko Rusiya ilə əməliyyatların rubl yox, avro və dollarla aparılmasına göstəriş verməklə Vladimir Putinə meydan oxuduğunu anlamamış deyil.
Bu azmış kimi A.Lukaşenko dünən Kiyevə yollanaraq Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Yəni "Batka" Rusiyanın bu səfərə reaksiyasından əsla çəkinmədi, Vladimir Putinin "dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş adam" adlandırdığı Poroşenko ilə görüşdü, Moskvadakı medianın "faşistlər, banderaçılar, cinayətkarlar, terrorçular" adlandırdığı insanları qardaş və müttəfiq adlandırdı.
Kiyevdə P.Poroşenko ilə aparılan danışıqlardan sonra A.Lukaşenko deyib: "Ukrayna prezidentinin dediklərini həmişə etmişik, onun xahişlərini yerinə yetirmişik. Bundan sonra da belə olacaq. Poroşenko ilə qonşuyuq, doğma insanlarıq. Ukraynada hər şeyin yaxşı olmasını istəyirəm. Çoxları bunu oyun sayır və s. Bilirəm ki, Poroşenko, ukraynalılar o deyilən sözlərə inanmırlar. Poroşenko prezidentdir, ölkədəki vəziyyət onu ağrıdır. Mən də ağrı çəkirəm və bu hissə əsaslanaraq hərəkət edirəm".
Ukraynanın dövlət başçısı isə söyləyib: "Ümid edirəm ki, Ukraynadakı münaqişə tərəfləri Minskin vasitəçiliyi ilə danışıqların intensivliyini artıra biləcəklər. Məhz Belarusla əməkdaşlığın sayəsində diplomatiya tarixinə "Minsk formatı", "Minsk memorandumu", "Minsk protokolu" və "Minsk anlaşmaları" terminləri düşüb".
Təbii ki, "Batka"nın son vaxtlardakı qərarları və siyasəti Qərbin nəzərindən yayınmayıb.
ABŞ-ın hakimiyyət dairələri Belarusun ən böyük bankı sayılan "Trastbank"a qarşı tətbiq olunan məhdudiyyətləri aradan qaldırmağa başlayıblar.
Belarusun bir çox şirkətlərinə, zavod və fabriklərinə, səhmdar cəmiyyətlərinə tətbiq olunan sanksiyalara da "yenidən baxış" prosesinə start verilib.
"Batka" növbəti dəfə Qərbin oyunlarını pozmaqla yanaşı, Rusiya rəhbərliyinə də yerini göstərdi.
Belaruslar öz prezidentlərinə inanırlar.
O da inamdan sui-istifadə etmir.
Elçin Alıoğlu