09.09.2014- ABŞ Ukraynaya niyə hərbi dəstək vermədi?
Ukrayna böhranı yeni mərhələyə qədəm qoydu. Tərəflər silahlarını yerə qoyub ATƏT-in vasitəçiliyi ilə dialoq aparacaq, münaqişə bölgəsinə faktaraşdırıcı missiya nəzarət edəcək. Minskdə əldə olunan razılaşmanın detallarına gəldikdə, Ukraynanın ərazi bütövlüyü qorunur, silahlı birləşmələr ləğv olunur, ölkənin şərq rayonlarına iqtisadi sərbəstlik verilir, Donetsk və Luqansk bölgəsi isə müvəqqəti özünüidarəetmə hüququna malik olur. Bəzi ekspertlər proseslərin Qarabağ münaqişəsi ilə analogiyasını aparırlar. Hər iki münaqişənin yaradıcısı qismində Rusiyanın çıxış etməsi, sülhün əldə olunması missiyasının ATƏT-ə həvalə olunması müqayisə aparmağa imkan vermir. Amma proseslərin fərqli zamanda və məkanda cərəyan etməsi, böhranın az qala qlobal münaqişəyə səbəb olması gələcəkdə başqa perspektivlərdən xəbər verə bilər.
Ukrayna böhranının səbəbi aydındır - Rusiya bu ölkədə Qərbin fəal dəstəyi ilə həyata keçirilmiş hakimiyyət dəyişikliyini qəbul etmədi. Kreml Ukraynanın Avropa İttifaqının və NATO-nun yaxın müttəfiqinə çevrilməsini özünün milli təhlükəsizliyinə zidd hesab edir. Ona görə də iqtisadi, siyasi və hərbi imkanlarını işə salaraq ölkənin şərqində mərkəzi hakimiyyətə qarşı silahlı qiyam təşkil etdi. Atəşkəsə qədər real mənzərə ondan ibarət idi ki, Rusiya artilleriyası, hərbi aviasiyası və əsgəri qüvvəsi Ukrayna ordusuna qarşı açıq döyüş aparır. Hökumət qüvvələrinin nəhəng rus arsenalına qarşı döyüşmək imkanları olmadığına görə qısa müddətdə darmadağın edildi. Qərb isə Ukraynaya hərbi dəstək vermədi, əvəzində Poroşenko hakimiyyətinə taym-aut götürmək üçün atəşkəs razılaşmasını tövsiyə etdi. Atəşkəsin şərtlərini Rusiya diqtə edib, Ukrayna onu qəbul etməyə məcburdur, Qərbin isə başqa planları var.
Sentyabrın 8-də Rusiyaya qarşı Qərbin sanksiyalarının növbəti hissəsi elan olundu. Bu dəfə neft dollarını realizə edən Rusiya banklarına Avropa maliyyə sektorunda hər hansı əməliyyat aparmaq qadağan olunur. Rusiyanın Baş naziri D.Medvedev bunu ölkəsi üçün "şok!" adlandırıb. Baş nazir bəyan edib ki, artıq Rusiya sanksiyanın mənfi təsirlərini özündə hiss edir, növbəti məhdudlaşdırıcı paket iqtisadiyyata daha böyük mənfi fəsadlar gətirəcək.
Paralel olaraq dünya bazarında neftin qiyməti psixoloji həddi keçərək 99 dollara düşüb, beynəlxalq ekspertlər tendensiyanın davam edəcəyini proqnozlaşdırırlar. Rusiyanın bütün gəlirlərinin 75 faizə qədərini neft-qaz satışından əldə olunan vəsaitlər təşkil edir. Qiymətin ucuzlaşması, Rusiyadakı qərb kapitalının sürətlə iqtisadiyyatı tərk etməsi, rublun devalvasiyası böyük fəsadlar vəd edir. Qərb analitikləri bu günə qədər Rusiyanın 200 milyard dollara qədər kapital itirdiyini açıqlayıb. Ən nikbin proqnozlara görə, 2016-cı ilin əvvəlinə qədər Rusiya iqtisadiyyatı defolt ola bilər.
Ukraynada silahlar sussa da, müharibə iqtisadi sferada, yəni Rusiyanın zəif olduğu müstəvidə davam edir. Qərbdə anlayırlar ki, iqtisadi-siyasi baxımdan zəif, etnik baxımdan qarışıq Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq mənasızdır. Bölgədə Rusiya ilə açıq münaqişəyə girmək əslində Putin administrasiyasının mövqeyini gücləndirir. Həm Rusiya cəmiyyəti hakimiyyətin ətrafında səfərbər olunur, həm də münaqişədən qaynaqlanan iqtisadi böhran, əhalinin həyat şəraitinin pisləşməsi problemləri arxa plana keçir. Amma iqtisadi sanksiyalar çox hədəflidir, onlardan biri də Avropa iqtisadiyyatına inteqrasiya etmiş Rusiya biznesmenlərini Kremlə qarşı qaldırmaqdır. Neft dollarının gətirdiyi sabitliyə, gəlirli ticarətə alışmış yeni ruslar üçün sanksiyalar arzuolunmazdır. Eyni zamanda qadağalar dövlətin yaxşı qurduğu sosial təminat sisteminin iflic olmasına gətirib çıxara bilər. Beləliklə, Ukrayna böhranı Rusiya cəmiyyətinin bütün təbəqələrinin maraqlarına zidd prosesə çevrilir.
Rusiyanın atəşkəsə həvəslə razılaşmasının əsas səbəblərindən biri sanksiyaların dayandırılmasıdır. Məlum oldu ki, hökumətin proqnozlarına və bəyanatlarına rəğmən ölkə iqtisadiyyatının sanksiyalara dayanıqlığı çox zəifdir. Kremldə ümid edirlər ki, Ukraynada hərbi əməliyyatların dayandırılması Qərbdə Rusiyaya qarşı məhdudlaşdırıcı qadağa əleyhdarlarının mövqelərini gücləndirəcək. Kremlə prosesin təcili dayandırılması lazımdır, amma bu addıma Ukraynada təşəbbüs açıq hərbi müdaxilə ilə ələ alındıqdan sonra gedildi. Həm Rusiya cəmiyyətini Ukraynada qələbə xəbəri ilə ovundurmaq, həm də ölkənin şərq vilayətlərində möhkəmlənmək üçün hərbi üstünlük vacib idi. İndi Rusiya Ukraynanın bir hissəsinə nəzarət etmək üçün bütün imkanlarından istifadə edəcək. Ölkənin şərqində de-fakto Rusiya hökmranlığı Kiyevin xarici siyasətinə müstəsna təsir edən faktora çevriləcək. Amma nə vaxta qədər? Şübhəsiz ki, Poroşenko hökuməti bu vacib sualı Qərb müttəfiqlərinin qarşısında tez-tez səsləndirir. NATO-nun açıq dəstək verməməsi, sülh prosesinin heç bir real təsir imkanları olmayan ATƏT-ə həvalə olunması Kiyevin narahatlığını artırır. Təbii ki, Ukrayna hökumətinə Rusiya iqtisadiyyatının sanksiyalardan tezliklə sarsılıb regiondakı siyasi ambisiyalarından əl çəkəcəyi izah olunur. Amma siyasətdə maraqlar tez-tez dəyişir, Rusiya ilə sanksiyalar dilində danışmaqdan çəkinən Avropa ölkələri daha uca səslə danışmağa başlayıblar. Poroşenko ehtiyat edir ki, Gürcüstanda olduğu kimi atəşkəs razılaşması ilə Rusiyaya qarşı təzyiqlər arxa plana keçsin. Bu, Ukrayna üçün böyük fəlakət olardı.
Onu da nəzərə almaq lazımdır ki, Qərblə-Rusiya arasında açıq qarşıdurmaya çevrilmiş münaqişə təkcə Ukraynaya nəzarət uğrunda deyil. Bu beynəlxalq güclərin toqquşan maraqlarının açıq təzahürüdür, ortada daha böyük hədəflər var. Avropanı enerji asılılığında saxlayıb, buradan gələn külli miqdarda vəsaitlə iqtisadi, siyasi və hərbi cəhətdən güclənən Rusiya faktoru Qərbi ciddi narahat edir. Konkret olaraq ABŞ Avropa və Rusiyanın müəyyənləşdirdiyi birgəyaşayış qaydalarından məmnun deyil. Böyük pullar Rusiyadan dövr edib yenidən Avropa iqtisadiyyatına qayıdır, müttəfiqlər sabit enerji təminatı mənbəyini itirmək istəməyib Vaşinqtonun qlobal planlarında bəzi hallarda rol almaqdan imtina etməyə başlayıblar. Rusiya isə Mərkəzi Asiyanı nəzarətdə saxlayır, Çinin sərhədlərinə dirənən vahid iqtisadi məkan layihəsi irəli sürür. Enerji ehtiyatlarının bir hissəsini Cənub Şərqi Asiya bazarlarına hədəfləyib, Çinin enerji təminatında müstəsna rol oynayacaq "Sibirin gücü" layihəsini gerçəkləşdirir. Beynəlxalq ticarətdə artıq ABŞ üstələyən Çinin Rusiya ilə bir-birinə möhkəm iplərlə bağlanması Vaşinqtonu əndişələndirir. ABŞ-ı Avropa müttəfiqlərini Rusiya təhlükəsinə inandırmağa çalışır, yaxın keçmişdə imperialist Rusiyanın Avropadakı jandarm rolunu xatırladır.
Rusiya öz neftinin sahibidir, ölkənin neft sənayesini milli şirkətlər idarə edir, bu da Qərb maliyyə institutlarına, transmilli şirkətlərinə güclü rəqabət yaradan "Qazprom", "Sibneft" və s. nəhənglərin, iri bankların meydana gəlməsinə rəvac verib.
Ukraynada açıq müstəviyə keçən qlobal münaqişənin əsas səbəbi dünyada hegemonluq uğrunda mübarizədir. ABŞ SSRİ-nin çöküşündən sonra əldə etdiyi üstünlüyü saxlamağa, Avropanı özü ilə bir cəbhəyə qoşmağa çalışır. Rusiya isə postsovet məkanında sərhədlər cızmaqla Qərbə müqavimət göstərir.
Elçin Rüstəmli
Bizimyol.info