Türkiyəyə müharibə elanının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI
“CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib. Publika.az xəbər verir ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək. “Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, - analizdə qeyd edilir. Bildirilir ki, Türkiyə böhranın dərinləşməsi ilə bir sıra radikal addımlar ata bilər. Məsələn, Türkiyənin fövqəladə vəziyyətdə NATO-dan çəkiləcəyi və Avropa İttifaqı ilə gömrük razılaşmasına son qoya biləcəyi proqnozlaşdırılır. Türkiyənin NATO-nu tərk edə biləcəyi ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda da göstərilib. Hesabatda prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini möhkəmləndirməyə davam edəcəyi, Türkiyənin getdikcə dünyəvilikdən uzaqlaşaraq Rusiya ilə müttəfiq olacağı bildirilir. Qeyd edilir ki, Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil. Generallar həmçinin ilin sonuna kimi Türkiyənin alyansı tərk edəcəyini proqnozlaşdırırlar. Türkiyənin NATO-dan mümkün ayrılmasının səbəblərindən biri kimi Rusiya ilə səmimi münasibətlər göstərilir. Qeyd edilir ki, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı "S-400" hava hücumundan müdafiə sisteminin NATO sistemi ilə uyğun olmaması narahatlıqların başında gəlir. "Türkiyənin daha müstəqil hala gəlməsi, Rusiya və İranla daha da yaxınlaşmasının nələri təhlükəyə atacağını anlamaq çox əhəmiyyətlidir", - generallar bildirirlər. Hesabatda həmçinin NATO üzvü olan Türkiyənin Suriyada Rusiya və İranla əməkdaşlığından narahatlıq ifadə edilir.