BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının son məlumatlarına görə qısa vaxt ərzində Makedoniyadan Serbiya sərhədini 2 minə yaxın miqrant keçib.

ANS PRESS-in məlumatına görə, miqrantlar qatarlara mindirilərək qeydiyyat üçünSerbiyanın Presevo şəhərinə gətirilib. Qeydiyyat üçün uzun növbədə gözləməli olan qaçqınların sənədlərini qaydasına saldıqdan sonra Qərbi Avropa ölkələrinə sərbəst keçidinə şərait yaradılacağı bildirilir.

ABŞ və Avropadan olan könüllülər qaçqınlara humanitar yardım məqsədilə Presovaya gəlib. Belə könüllülərdən olan Amerikalı Skip Daniels, həqiqətdə miqrantların durumunun telekanallarda göstərildiyindən daha acınacaqlı olduğunu eşitdikdən sonra Serbiyaya gəlməyi və onlara yerində yardım göstərməyi qərara aldığını deyir. 


Avropaya qaçmaq istəyən qaçqınlar

Havanın getdikcə soyumasına baxmayaraq Türkiyədən Yunanıstanın Lesbos adasına rezin qayıqla son dərəcə təhlükəli dəniz səyahətinə çıxan insanların ardı-arası kəsilmir. Dünən adaya uğurla çatan yüzlərlə miqrant və qaçqın gecəni elə sahil yaxınlığında müvəqqəti çadırlarda və yataq torbalarında gecələməli olub.

Bəzilər hələ yaş olan paltarlarını və ayaqqabılarını ocağın ətrafında qurulamağa çalışıb. Bugün yeni gələn miqrantların yerli hökümətin göstərişi əsasında qeydiyyatdan keçiriləcəyi gözlənilir.

Bu arada Almaniyanın Kansleri Angela Merkel Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün çözüm olmadığını dilə gətirib. Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib, Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onları qarşısını almaq üçün Serbiyayla sərhəddə tikanlı məftillər qurur.


Almaniya Kansleri Angela Merkel

“Başa düşməliyik ki, insanların sərhədlərimizdə əziyyət çəkdiyi bir vaxtda Avropa sərhədlərini tamamilə bağlasaq belə bu, heç bir tərəfə xeyir gətirməyəcək. İnternet erasında ölkə sərhədini tam bağlamaq və hasarlamaq illüziyadan başqa bir şey deyil. Bununla problemi çözmək mümkün olmayacaq”, deyə Merkel bildirib.

Merkel əlavə edib ki, mütləq qapanma olsa belə qaçqınlar Avropaya dolayı yolla daxil olmağın yolunu tapacaq.