Rusiya-Ukrayna müharibəsində 100 gün - Kim nə qazandı, kim nə itirdi? - VİDEO
Bu gün Rusiya ilə Ukrayna arasında başlayan müharibədən 100 gün ötür. Bu qanlı müharibənin nə zaman və necə bitəcəyi məlum olmasa da, gerçəklik budur ki, 100 gün ərzində hər iki tərəf ciddi itkilər verib. “AzPolitika.info” fevralın 24-ü səhər saatlarında Rusiyanın Ukraynaya hücumuyla başlayan müharibənin nəticələrini oxuculara təqdim edir: - Ukrayna rəsmilərinin məlumatlarına əsasən, indiyə qədər təkcə Mariupolda 21 mindən artıq mülki şəxs öldürürlüb. Luqanskın şərq bölgəsində Severodonetsk şəhərində təxminən 1500 nəfərin həlak olduğu bildirilir; - Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, döyüşlərdə hər gün 60-100 Ukrayna hərbçisi həlak olur. Ukraynanın 100 gün ərzində 6-7 min hərbçi itirdiyi təxmin olunur; - Rusiya hökumətinin martın 25-də açıqladığı rəsmi məlumata əsasən, o vaxta qədər 1351 rus hərbçisi həlak olub, 3825 hərbçi yaralanıb. Rusiya MN bundan sonrakı itkilərlə bağlı açıqlama verməyib; - Ukrayna və Qərb müşahidəçilərinin açıqladıqları məlumatlara əsasən, indiyə qədər 30 mindən çox rus hərbçisi həlak olub. Britaniya hökuməti isə Rusiyanın itkilərinin 15 minə çatdığını bildirir; - Rusiyanın Ukraynanın şəqrindəki Donetsk vilayətində 1300-dən çox döyüşçüsünü itirdiyi qeyd olunur; - Ukrayna Parlamentinin İnsan Haqları Komissiyasının verdiyi məlumata görə, Rusiya ordusu 28 minə yaxın yaşayış binasını dağıdıb. 220 minə yaxın insan evsiz qalıb. 1900-ə yaxın təhsil obyekti zədələnib, 180-i tamamilə dağıdılıb. 50 dəmir yolu körpüsü, 500 zavod, 500 xəstəxana dağıntılara məruz qalıb; - Ümundünya Səhiyyə Təşkilatı müharibə dövründə Rusiya hərbçiləri tərəfindən təcili yardım maşınlarına və tibb işçilərinə qarşı 296 hücumun olduğunu bildirib; - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, münaqişə zamanı təxminən 6,8 milyon insan Ukraynanı tərk edib; - Zelenskinin açıqlamalarına görə, Rusiya Ukraynanın ümumi ərazisinin 20 faizini işğal edib. Hazırda Rusiyanın nəzarəti altında olan ərazi təxminən 58 min kvadrat kilometrdir; - İndiyə qədər Rusiyaya 5 mindən artıq sanksiya tətbiq olunub. Rusiyanın Qərbdəki 300 milyard dollarlıq qızıl-valyuta ehtiyatı dondurulub; - Müharibə nəticəsində Ukraynan Ümumi Daxili Məhsulunun 35 faizi məhv olub. Ukrayna iqtisadiyyatına 600 milyard dollardan çox ziyan dəyib.