Şiddətli döyüşlərin getdiyi rayonun başçısı: “Əks-hücumlarımız rusiyalıları şoka salıb”
“Vəziyyət dəyişir, vəziyyətə heç kim yüz faiz nəzarət etmir. Döyüşlər davam edir, bəzi uğurlar var. Bildiririk ki, rusiyalılar artıq ehtiyatları Severodonetskə köçürməyə məcburdurlar. Əks-hücumlarımız onlar üçün şok oldu”. Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu “Current Time”a müsahibəsində Donetsk vilayətinin Severodonetsk rayonunun administrasiya başçısı Roman Vlasenko söyləyib. “Yenə ağır texnikalar, canlı qüvvələr gətirilir. Severodonetsk ətrafında hücum hərəkətləri davam edir: Lisiçansk istiqamətində, Baxmut istiqamətində rusiyalıların aviasiyası və artilleriyası ciddi şəkildə işləyir. Severodonetskdə vəziyyət mürəkkəbdir. Bizim uşaqlar dəstək aldılar: xarici legion daxil olub, əlavə olaraq orada hələ də bir neçə hissə var”. O həmçinin Ukrayna qüvvələrinin həftəsonu uğurlu əks-hücumlarının səbəbini də açıqlayıb: “Düşünürəm ki, bu, Rusiyanın üstünlüyünün yalnız yaşayış məntəqələrindən kənarda hiss olunması ilə bağlıdır, burada onlar aviasiya və artilleriya sahəsində bizim resurslarımızı ciddi şəkildə üstələyir. Şəhər döyüşləri şəraitində bütün bu üstünlüklər itirilir və Ukrayna Silahlı Qüvvələrinin peşəkarlığı rusiyalılara qarşı effektiv əks-hücum etmək, eyni zamanda səmərəli müdafiə qurmaq üçün yetərlidir”. “Onların ordularına zərər verən siyasi məqsədləri var. Düşünürəm ki, bu, bir daha rusiyalılara baha başa gələcək. İyunun 12-si Rusiya Günüdür və rusiyalıların vəzifəsi Putinə xoş xəbərlər çatdırmaqdır. Ümid edirəm, bu “xoş xəbər” gəlməz. Baş verənlərə baxsaq, rusiyalılar nə iyunun 10-na, nə də 12-nə kimi uğur qazana bilməyəcəklər. Söhbət Luqansk vilayətinin inzibati sərhədlərinə çıxışdan gedir”. Xatırladaq ki, Donetsk vilayəti hərbi administrasiyasının başçısı Sergey Qaydayın sözlərinə görə, həftəsonu Severodonetskdəki Ukrayna qoşunları əks-hücuma keçib, nəticədə onlar şəhərin təxminən yarısına nəzarəti ələ keçirə biliblər. S.Qayday Ukraynanın İctimai Televiziyasına müsahibəsində onu da bildirib ki, Rusiya qoşunlarını Severodonetskdən çıxarmaq mümkündür, lakin yüksəklikdə yerləşən qonşu Lisiçanskı qorumaq strateji baxımdan daha vacibdir. Bununla belə, hazırda Donbassda işləyən ukraynalı jurnalist Yuri Butusov yazıb ki, Ukrayna bölmələri yalnız Severodonetskin qərbindəki sənaye zonasını və ətraf əraziləri müdafiə edir. Eyni zamanda şəhərdə döyüşlərin getməsinə baxmayaraq, Rusiyanın müxtəlif mənbələrində artıq bir neçə gündür ki, Severodonetsk üzərində tam və ya demək olar, tam nəzarətdən danışılır. ABŞ-ın Müharibə Araşdırma İnstitutu yazır ki, Ukrayna Ordusunun Severodonetskdə əks-hücum etməsi rusiyalıları cəbhənin digər həssas bölgələrini tərk etməyə məcbur edəcək. İnstitutun analitikləri hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələri digər istiqamətlərdə əks-hücum etmək üçün Rusiya ordusunun Severodonetsk yaxınlığında cəmləşməsindən istifadə edə bilər. Söhbət Xarkov vilayətində və Ukraynanın cənubundakı cəbhədən gedir. Eyni zamanda təhlilçilər Ukrayna Silahlı Qüvvələrinin Severodonetsk rayonunda əks-hücumlarını uğurlu hesab edir, qeyd edirlər ki, bu, bir daha Ukraynada Rusiya qoşunlarının döyüş gücünün azalmasından xəbər verir. İnstitutun məlumatına görə, son 48 saat ərzində Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərini şəhərin şərq kənarına sıxışdırıb.
Rayon rəhbərinin sözlərinə görə, Severodonetskin qısa zamanda işğalı siyasi məqsəd daşıyır: