ÇİNƏ MƏĞLUB VƏ ZƏİF RUSİYA LAZIMDIR – Moskva Pekinin müttəfiqinə yox, əlaltısına çevrilir

Vladimir Putinin Çin rəhbəri Si Cinpinlə keçirdiyi dörd saatlıq görüşdən sonra bəlli oldu ki, Rusiya Prezidenti gözlədiyi nəticəni əldə edə bilməyib. İlk növbədə Putin Çindən Rusiyaya iri miqyaslı hərbi yardım gələcəyinə inanırdı. Lakin belə görünür ki, Si Cinpin görüş zamanı Putinə anladıb ki, Rusiyanın avantürist siyasətinə şərik olmaq istəmir və Kremlə görə Qərbin ağır sanksiyalarına məruz qalmaq fikrində deyil.

Amerika dəfələrlə Çinə xəbərdarlıq edib ki, əgər Rusiyaya silah yollasa, özünü böyük riskə atacaq və bunun cavabı dərhal veriləcək. Əlbəttə, Çin öz iqtisadiyyatını riskə atmaq istəməz.

Digər yandan, Si Cinpinin ritorikasından və davranışlarından belə nəticə çıxarmaq olar ki, böyük ehtimalla, Çin lideri Putinə bildirib ki, əgər onun söylədiklərinə qulaq asmasa, vəziyyəti daha da pisləşəcək. Beynəlxalq Cinayət Məhkəməsinin ittiham irəli sürməsi fonunda Rusiya Prezidentinin artıq geriyə yolu yoxdur və hakimiyyətdə duruş gətirməsi üçün o, yalnız Çinə ümid bəsləyə bilər.

 

 

Hərbi yolla Ukraynada istədiyinə nail ola bilməyən Vladimir Putin indi dilemma qarşısındadır. O, müharibəni dayandırmaq və vaxt qazanmaq istəsə də, buna nail ola bilmir, çünki Ukrayna ciddi şəkildə əks hücuma hazırlaşır. Rusların birbaşa mülki əhaliyə qarşı artan raket hücumlarının səbəbi isə ukraynalıları müharibədən usandırmağa və onları sülhə vadar etməyə hesablanıb.

Hazırda Rusiyanın döyüş meydanındakı ən böyük problemi mərmi çatışmazlığıdır. Artilleriya atəşi olmadan bu müharibədə nəinki qələbə qazanmaq, hətta müdafiə olunmaq mümkün deyil. Müharibə göstərdi ki, Rusiya ordusu mərmilərdən səmərəli istifadə etmir və üstəlik mərmilərin sayı barəsindəki rəsmi statistika yalan imiş. Korrupsiyanın tüğyan etdiyi Rusiyada mərmi istehsalına yönəlmiş pulların böyük hissəsi oğurlanıb. Ona görə də Çin lideri Si Cinpinin Vladimir Putinə göstərə biləcəyi ən təxirəsalınmaz kömək Çinin Rusiyaya böyük sayda mərmi verməsi olardı. Rusiyadakı artilleriya qurğularının çapı 152 millimetrlik mərmilərə hesablanıb. Çində də eyni mərmilərdən istifadə edilir. Lakin Çin 2030-cu ilə kimi tam şəkildə 155 millimetr çaplı artilleriya sistemlərinə keçəcək.

İndi artıq hamı Ukraynanın gözlənilən əks hücumundan danışır. Kreml təbliğatçıları da bu sıraya daxildir. Digər tərəfdən, indi ekranlarda demək olar ki, tez-tez Krımın rəhbəri Aksyonovu göstərirlər. O isə Krımda güclü müdafiə istehkamları qurduqlarını bildirərək , əhalinin həyəcanını azalatmağa, onları sakitləşdirməyə çalışır.

 

 

Xatırladaq ki, Ukraynanın əks hücum əməliyyatını Qərb xeyli müddətdir ki, hazırlayır. Hələ yanvar-fevral aylarında Almaniyanın Visbaden şəhərində ABŞ və Ukrayna hərbçiləri “qərargah oyunları” keçiriblər...

Bu gözlənilən əks hücumun fonunda Çinin öz maraqları daha qabarıq şəkildə özünü göstərir. Pekinin öz qarşısına qoyduğu başlıca məqsəd fövqəldövlət statusuna yiyələnməkdir. Çində anlayırlar ki, bu, olduqca çətin işdir və qlobal səviyyədə, ABŞ başda olmaqla, Qərb dünyası ilə rəqabət aparmalı olacaqlar. Pekin indiyə kimi öz ambisiyalarını açıq formada ifadə etməyib, uzun illər ərzində səbrlə dünyada baş verən hadisələri izləyib və onlara ciddi reaksiya göstərməyib. Bütün imkanlarını yalnız iqtisadi sahəyə yönəldib və bir çox ölkələrə investisiya yatırmaqla məşğul olub. İndi isə artıq Çin siyasi iddia ilə çıxış etməyə başlayır. Bu yolda onun müttəfiqlərə ehtiyacı var.

Əslində, Çin Rusiyanı özünün müttəfiqi yox, əlaltısı hesab edir. Bundan sonra Çin-Rusiya münasibətlərinə bu kontekstdən yanaşmaq lazımdır. Çünki Qərb dünyası ilə bütün əlaqələri qıran Rusiya, ancaq Çinə sığına bilər. Öz növbəsində Çin də yaranmış fürsətdən məharətlə istifadə edərək, Rusiyanı tam cənginə alacaq.

Putin artıq Rusiyanın Uzaq Şərqdəki bütün iqtisadi və siyasi maraqlarını Çinə təslim etməyə hazırlaşır. Bundan sonra bu böyük zonanın yalnız adı Rusiyaya məxsus olacaq, yerdə qalan hər şey - təbii resurslar, işçi qüvvəsi, biznes strukturları və ictimai həyatın bütün sahələri Çinin nəzərətinə buraxılacaq. Çin Rusiyanı bütövlüklə həzm etmək istəyir, lakin bunu özünə ziyan gəlmədən həyata keçirməyi planaşdırır. Görün, Putin nə dərəcədə “dahi” siyasət yürüdüb ki, indi Çinin ümidinə qalıb və Rusiyanın maraqlarını və resurslarını sağa-sola xərcləmək məcburiyyətindədir...

Rusiya müharibədə məğlub olarsa, Putinin hakimiyyətdə qalması mürəkkəb və çox çətin məsələ olacaq. Ona görə yox ki seçkidə səs verməyəcəklər. Xeyr! Rusiyada bir çox avtokratik ölkələrdəki kimi seçki yoxdur, hər şey saxtalaşdırılır. Həmçinin, 2024-cü ilin prezident seçkilərinə hələ xeyli vaxt var. Rusiyanın məğlubiyyəti seçkidən bir o qədər də asılı olmayaraq, bir neçə ssenari üzrə gedə bilər. Ancaq hər halda, bir şey aydındır ki, məğlub Prezidenti hakimiyyətdən öz ətrafı uzaqlaşdıra bilər, çünki onunla artıq uzağa getmək mümkün olmayacaq.

Si Cinpinin Putinin hakimiyyətdə qalmasını arzulamasına gəlincə, bu, onun Rusiya Prezidentinə rəğbətindən irəli gəlmir. O, ilk növbədə məsələyə öz ölkəsinin geostrateji maraqları çəriçivəsindən baxır. Çin üçün ən yaxşı variant məğlubiyyətə uğramış, iqtisadi tənəzzülə qərq olmuş, hərbi potensialı çökmüş və Qərb dünyası ilə bütün əlaqələri tam kəsilmiş, zavallı və depressiv Rusiyadır. Si Cinpin istəyir ki, belə bir Rusiyanın başında məhz məğlubiyyətin və sınmışlığın rəmzi halına çevrilmiş və müharibədə rüsvay olmuş Putin dayansın. Çünki Putinin Çindən başqa gedə biləcək yeri, döyə biləcək qapısı qalmayacaq. Belə olan təqdirdə Putin Pekinin bütün tapşırıqlarını yerinə yetirməyə məcbur qalacaq.

Amma digər tərəfdən, vəziyyət Çinin istədiyi kimi getməyə də bilər və bunu şübhəsiz ki, Si Cinpin də anlayır və yəqin ki, onun ehtiyat variantları da var. Əgər Putini saxlamaq mümkün olmayacaqsa, onda gərək Rusiyada elə bir yeni hakimiyyət elitası formalaşsın ki, o, Qərbə tərəf yaxınlaşmasın. Əks təqdirdə Pekin arzuladığını əldə edə bilməyəcək. Müharibənin uzanması Çinin planına uyğun gəlmir. Onlar istəyirlər ki, müharibə müəyyən bir vaxta kimi dondurulsun.

Hazırda bir çox analitiklər deyirlər ki, müharibənin dondurulmasından Rusiya istifadə edərək hərbi imkanlarını gücləndirməyə və sonradan yenidən Ukraynaya qarşı təcavüzə başlayacaq. Ancaq belə olmaya da bilər, çünki məntiqlə baxsaq, Çinə güclənmiş Rusiya gərək deyil və Si Cinpin buna şərait yaratmayacaq, əksinə, maneə törədəcək. Ona sadəcə, Putinin və onun komandasının hakimiyyətdə qalması ilə yanaşı, müəyyən vaxt da lazımdır ki, Rusiyanı bir dövlət kimi tam öz nəzarətinə salsın.

Bütün bunlarla yanaşı, bir məsələ də aydındır ki, Çinin sülh planı Ukrayna tərəfindən qəbul olunmayacaq. Si Cinpin də bilir ki, onun 12 bənddən ibarət təkliflərini Ukrayna qəbul etməyəcək. Amma Çin özünü ciddi söz sahibi və sülhpərvər kimi göstərmək üçün nəsə bir təklif verməli idi...

Sovet İttifaqı çökəndən sonra dünyada yeganə fövqəldövlət kimi yalnız ABŞ qaldı və demək olar ki, onun bu statusu indiyədək yerindədir. Lakin təxminən son on ildir ki, anqlo-sakson mərkəzli Qərb hegemoniyasına qarşı çıxan və bu yöndə ən çox canfəşanlıq edən ölkənin Rusiya olduğunu görürük. Rusiyanın Qərb önündə duruş gətirə biməyəcəyi aydın məsələdir, onun əlində nüvə silahından başqa heç bir ciddi resursu yoxdur. Deməli, Rusiya Çinə arxalanaraq belə dikbaşlıq edib. Rusiya Prezidenti həmişə çoxqütblü dünyanın qurulmasının vacibliyindən danışıb. Çin analitikləri ruslardan fərqli olaraq, çoxqütblü dünyadan danışmırlar və görünür ki, onların məqsədi çoxqütblü yox, iki qütblü dünyanın meydana gəlməsidir. Çin yeni dünya nizamında Rusiyaya bərabər hüquqlu tərəfdaş rolu vermək niyyətində deyil. Yadımıza SSRİ-ABŞ qarşıdurmasını, yəni Soyuq müharibəni salaq. Sovet İttifaqı da öz ətrafına müttəfiqlər toplamışdı. Məsələn, Bolqarıstan, Polşa, Vyetnam, Laos, Kuba hansı rolu oynayırdısa, indi də Rusiya Çin üçün təxminən elə bir rol oynayacaq. Ancaq tələsməyək, Ukraynaya təcavüz etməmişdən öncə dünyanın ikinci ordusu hesab edilən Rusiya ordusunun real vəziyyəti artıq göz önündədir və bundan sonra o, özünü Çin qarşısında daha aşağı ranqda hiss edəcək və ona tam tabe olacaq. Əlbəttə, hər şey indiki istiqamətdə gedərsə.  /“AzPolitika.info”

 

 






Fikirlər