“DƏRİN” TEHRANdan rəsmi Tehrana mesaj: “Suriya gedərsə, İran da mövcud olmaz”
“Suriyaya kömək etməsəydik, indi onunla bərabər, İraq, Livan və İran da mövcud olmayacaqdı”. Strateq.az xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xamaneyinin İnqilab Keşikçiləri Korpusundakı təmsilçisi Əli Səidi deyib. Təmsilçi Fars xəbər agentliyinə verdiyi açıqlamada onu da vurğulayıb ki, dini rəhbər Suriyanı İranın müqavimət xətti olduğunu elan edib. Zənnimizcə, İranın “dərin adamı”nın bu etirafları indi dilə gətirməsi təsadüfi deyil. Məlum olduğu kimi, 19 ölkənin Vyanada konfransında qəbul etdiyi yekun razılaşmaya görə, Suriyada müvəqqəti keçid hakimiyyəti qurulacaq və 6 ay müddətində Bəşər Əsəd iqtidardan çəkiləcək. İranın da imza atdığı bu razılaşma prinsip etibarilə Əli Xamaneyinin rəhbərlik etdiyi Vəlayəti-Faqehqurumunun prinsiplərinə ziddir. Müsəlman dünyasına, xüsusilə də şiə dövlətlərinə islam inqilabı prinsiplərini yaymağı hədəfləyən İranin “dərin dövləti” Bəşər Əsədin müxaliflərlə əvəz edilməsini qətiyyən arzulaya bilməz. Görünən budur ki, “dərin Tehran” rəsmi Tehranın imza atdığı məlum razılaşmaya bu şəkildə etiraz edir, Suriya probleminin təkcə qonşuya aid məsələ deyil, həm də İranın təhlükəsizlik hədəflərindən olduğunu xatırladır. Maraqlıdır, bundan bir müddət əvvəl İranın sabiq xarici işlər nazirinin müavini Hüseyn Əmir Əbdullahiyan da Suriya məsələsiylə bağlı açıqlama vermiş və İranın ən seçilmiş əsgərlərinin bu ölkədə həyatını itirdiklərini xatırlatmışdı. Diplomat sanki bu sözləriylə böyük itkilər bahasına yürüdülən siyasətin bir heçin uğruna qurban verilməsinin doğru olmayacağına eyham vurmuşdu. Rəsmi məlumatlara görə, Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsində İran 8-i general olmaqla, 400-dən artıq yüksək rütbəli hərbçisini itirib. “Dərin Tehran”ın bu cür bəyanatla çıxış etməsi Vyana konfransında əldə olunan razılaşmanın taleyini şübhə altına salır. Nədən ki, Əli Xamaneyi rəsmi olaraq da İranın əsl rəhbəridir. Onun səlahiyyətləri arasında İran İslam Respublikasının xarici siyasətini müəyyənləşdirmək, imzalanan beynəlxalq sazişlərə veto qoymaq hüququ var. Dini rəhbər həm də İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsini icra edir. Yəni təhlükəsizliklə bağlı bütün səlahiyətlər, o cümlədən müharibə elan etmək və ya sülh sazişi bağlamaq hüququ yalnız ona aiddir. Xamaneyinin təmsilçisinin dilə gətirdiyi bu fikirlər İranın Vyana konfransında qəbul olunan razılaşmalara uymayacağından xəbər verir. Maraqlıdır ki, Suriya diktatoru Bəşər Əsəd də iki gün öncə ölkəsinin terrorçuların işğalından azad edilməyənə qədər hakimiyyətdən çəkilməyəcəyini elan etmişdi. (AzerTaym.az)