UKRAYNA ÜÇÜN YENİ GİZLİ PLAN – “Onlar Ukraynanı danışıqlar masasına sürükləyirlər”
Ukrayna müharibəsinin gedişini diqqətlə izləyən beynəlxalq siyasi icmalçılar belə qənaətə gəlirlər ki, ABŞ başda olmaqla Qərb ölkələri hələ də Kiyevi lazımi miqdarda silahla təchiz etməkdən yayınırlar. Görünən odur ki, Qərb bu mübarizədə Ukraynanın tam mənada qalib gəlməsini istəmir. Əvəzində, belə qənaət yaranır ki, Avropa və ABŞ Ukrayna rəhbərliyini Rusiya ilə danışıqlara getməyə sövq edir. Son zamanlar dünya mətbuatında bu məsələ ətrafında ciddi müzakirələr aparılır. “AzPolitika.info” xəbər verir ki, belə yanaşmalardan biri də Almaniyanın “Bild” qəzetində dərc olunan “Ukrayna üçün yeni gizli plan” başlıqlı məqalədə öz əksini tapıb. Qəzetin iddiasına görə, Ukraynanı Rusiya ilə sülh danışıqlarına razı salmaqdan ötrü Almaniya və ABŞ silah tədarükünü məhdudlaşdıran “gizli plan”ı işə salmağa hazırlaşırlar. Amma Almaniya və ABŞ rəsmi nümayəndələri həmin məqalədə gedən fikirləri təkzib ediblər və bildiriblər ki, orada yazılanların heç bir ciddi əsası yoxdur və onlar hər zaman ukraynalıların yanında olacaqlar. Sözügedən məqaləni təqdim edirik: ”Silahlı münaqişənin başlanmasından 21 ay keçdikdən sonra Ukraynanın vəziyyəti yaxşı görünmür. Ölkə ərazisinin 17%-i Rusiyanın nəzarətindədir, Rusiya ordusu ləng də olsa, şərqdən qərbə doğru irəliləyə bilir. Ancaq buna baxmayaraq, Kiyevdəki siyasi rəhbərlik gücünə və resursuna görə Ukraynadan açıq-aşkar üstün olan Rusiya üzərində qələbə çalacağına əmindir. Əgər onlara inansaq, qələbə üçün Ukraynaya qeyri-adi heç nə lazım deyil. Sadəcə, Qərbin daha çox silah verməsi kifayətdir. Amma ukraynalıların gözlədiyinin əksinə olaraq, Qərbdəki tərəfdaşlar onlar üçün tamamilə başqa bir plan hazırlayırlar. Şolts və Bayden nə düşünüblər? ABŞ-nin NATO-dakı rəsmi nümayəndəsi deyib: ”Biz vaxtı gələndə danışqları ən güclü mövqedən apara bilmək üçün Ukraynanı dəstəkləməkdə davam edəcəyik”. Ukraynayönlü ictimai fəalların qəzəbindən sonra ABŞ hökuməti öz nümayəndəsinin fikirlərinə əlavə izah vermək məcburiyyətində qalıb. “Bild” aydınlaşdırıb ki, nəinki ABŞ, həm də Almaniya hökuməti ”Ukrayna cəbhəsindəki mövcud vəziyyəti nəzərə almaq şərti ilə strateji cəhətdən əlverişli mövqeyə çıxmağı” öz qarşısına vəzifə qoyub. Bu mövqeyə söykənməklə Kiyev “suverenlik və ərazi inteqrasiyası”- yəni, mübahisəli ərazilərdə idarəetmə rejimi yaratmaq və dövlət sərhədlərində yeni konfiqurasiya qurulması məsələləri ilə bağlı Vladimir Putinlə danışıqlar apara bilər. Hakimiyyətə yaxın dairələrdəki mənbələr “Bild”-ə məlumat veriblər ki, Ağ Ev və Almaniya Kansler Ofisi bu məsələdə təxminən eyni fikirdədirlər. Başa düşmək lazımdır ki, nə Federal Kansler Olaf Şolts, nə də ABŞ Prezidenti Co Bayden Volodimir Zelenskiyə “Rusiya nəzarətində olan ərazilərin hüquqi statusunu müzakirə etmək üçün dərhal Rusiya ilə masaya otur” deməyəcəklər. Bunun əvəzində ABŞ və Almaniya daha hiyləgər davranmaq qərarına gəliblər. Onlar Ukraynaya yollanılan silahların həcmini azaltmaqla Kiyevi Moskva ilə danışıqlara sövq etmək strategiyasına baş vuracaqlar. “Bild”-ə məlumat verən həmin mənbənin sözlərinə görə, Almaniya hökumətindəki bir insayder deyib: ”Zelenski bunun belə davam etməyəcəyini anlamalıdır. Bu, ona kənardan məcbur edilmədən aydın olmalıdır. O, öz iradəsi ilə xalqına üz tutmalı və danışıqların vacibliyini izah etməldir”. Almaniya-Amerika planının mahiyyəti belədir: Ukrayna Silahlı Qüvvələrinə elə sayda silah yollamaq lazımdır ki, cəbhədəki mövcud status-kvonu saxlaya bilsinlər, lakin həmin silahların miqdarı Ukraynanın itirdiyi əraziləri geri qaytarmaq üçün yetərli olmamlıdır. ”ECFR”(European Concil on Foreign Relation) araşdırma mərkəzinin əməkadaşı və hərbi ekspert Qustav Qresselin fikrinə görə, bu plan işə yarayan deyil. Qressel “Bild”ə izahında deyib: ”Qərbdə belə bir yanlış fikir dolaşır ki, əgər Zelenskini danışıqlara məcbur etmək üçün ona təzyiqləri artırsanız, bu işə yarayacaq. Amma Vladimir Putin danışıqlar aparmaq istəmir, o, bu münaqişədə qalib gəlmək niyyətindədir. Ukraynanı elə dəstəkləyirik ki, o, zəif qalsın və bununla da biz öz qələbəsinə inanması və bunun naminə bütün gücü ilə səy göstərməsi üçün Putinə səbəb veririk. Tədarükün gecikdirilməsi, az miqdarda olması və ya heç olmaması problemin yalnız bir hissəsidir”. “B planı” da elə həmin şeydir... Qərb siyasətçilərinin danışıqlar üçün “B planı” da var. Almaniya hökumətinə yaxın mənbələrdən biri “Bild”ə deyib: ”Berlin və Vaşinqton münaqişə edən tərəflərin öz aralarında heç bir razılığa gəlmədən münaqişəni dayandırmalarını danışıqlara alternativ kimi görürülər...” Bu, o anlama gəlir ki, əgər hətta Zelenski və Putin bir-biri ilə danışmasalar da, hərbi təmas xəttindəki döyüşlər səngiyəcək və nəticədə Ukrayna və Rusiya arasında yalançı (kvazi) sərhəd meydana gələcək. ”Bild”ə məlumat verən mənbə kinayə ilə deyib: ”Bu, görüş keçirilmədən yeni Minsk razılaşması olacaq”. Almaniya Müdafiə naziri Boris Pistorius Ukraynaya silah tədarükünü əngəlləməyib. Əksinə, Pistorius daha çox iş görməyə çalışırdı və hətta o, Ukraynaya Almaniya istehsalı olan “Taurus” qanadlı raketləri yollamağa hazır idi. Ancaq Boris Pistoriusun əlləri bağlıdır. Hökumət üzvlərindən biri “Bild”ə söyləyib: ”Şolts kansler olandan bəri Müdafiə Nazirliyi federal kanslerliyin nəzarəti altındadır. Əksər qərarlar orada verilir”. Almaniyanın CDU/CSU (Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı) koalisiyasının müdafiə məsələləri üzrə eksperti Roderix Kizevetter bu fikirlə razıdır. O, bu barədə deyib: ”Getdikcə aydın olmağa başlayır ki, kanslerlik Ukraynanın qalib gəlmək imkanına inanmır. Bəli, ümumiyyətlə, onlar bunu heç istəmirlər. Onlar Ukraynanı danışıqlar masasına oturmağa, yəni onu hansısa “Minsk-3”-ə doğru sürükləyirlər”. Hökumətin mətbuat katibi vəziyyəti belə izah edib: ”Federal hökumət hesab edir ki, Ukrayna öz ordusunun hərbi və siyasi hədəflərini müstəqil şəkildə özü müəyyənləşdirməlidir. Almaniya qətiyyətlə Ukraynanın tərəfində dayanıb. Biz Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyik. Burada söhbət suverenliyin və ərazi bütövlüyünün müdafiə olunmasından, yəni, Ukraynanın həyatda qalmasından gedir. Biz beynəlxalq tərəfdaşlarımızla bu məsələ ilə bağlı daim məsləhətləşmələr aparırıq”. Almaniya Xristian Demokrat İttifaqı partiyasının üzvü vəziyyətə başqa cür baxır. O, ”Bild”ə deyib: ”Biz Ukraynanın irəliləməsi üçün onu lazım olan silahlarla təmin etmirik. Məsələn, “Taurus” qanadlı raketləri və ya əlavə “Leopard 2” tankları vermirik.”