MOLDOVADA DRAMATİK SEÇKİ – Nəticələr son anda necə dəyişdi?

Avropanın və dünyanın ən kiçik dövlətlərindən biri olan, ərazisinin bir hissəsi faktiki olaraq Rusiyanın dəstəklədiyi “Pridnestrovye” adlı qondarma separatçı qurum tərəfindən işğal edilən Moldovada keçirilən son prezident seçkisi və referendum təkcə bu dövlətin gələcək taleyinə deyil, Rusiyanın regiondakı aqressiv işğalçılıq siyasətinə də təsir göstərə bilər. Çünki Moldova əhalisinin qərbpərəst Maya Sanduya və ölkənin Avropa İttifaqına üzvlüyünə səs verməsi Rusiyanın siyasətinin, hədə-qorxu və təhdilərinin fiaskoya uğramasının növbəti təzahürü olacaq… 

Xatırladaq ki, bu il Moldovada prezidentlik uğrunda 11 namizəd mübarizə aparıb. Seçkidən əvvəlki rəy sorğularında hazırkı Prezident Maya Sandunun seçki yarışında favorit olacağı açıq görünürdü. Onun əsas rəqibi Rusiya ilə əlaqələrin bərpasının tərəfdarı olan keçmiş baş prokuror Aleksandr Stoyanoqlodur. Rusiyanın təsirinin böyük olduğu, hətta keçmiş baş qərargah rəisinin belə Rusiya agenti olması sübut və dəlillərlə üzə çıxan Moldovada ikinci yerdə rusiyapərəst namizədin qərarlaşması təbiidir…

Beləliklə, açıqlanan son məlumata görə, bülletenlərin 98,51 %-nin işlənməsindən sonra ən çox səs toplayan ilk 5 namizəd aşağıdakılardır: hazırkı prezident Maya Sandu - 42,07 %, Aleksandr Stoyanoqlo - 26,27 %, Renato Usatıy - 13,72 % İrina Vlax – 5,44 %, Viktoriya Furtune - 4,50 %. Beləliklə, ölkədə prezident seçkisinin ikinci turunun keçirilməsi qaçılmazdır və əksər ekspertlərin fikrincə, nəticədə Maya Sandu ikinci dəfə prezident seçiləcək.

Məlum oduğu kimi, seçki ilə bərabər keçirilən referendumda Moldova Konstitusiyasına Avropa kursunun dönməzliyi ilə bağlı müddəaların əlavə edilməsi məsələsi də səsverməyə çıxarılıb. Seçkiləri 2 mindən çox müşahidəçi, o cümlədən ATƏT və bəzi digər təşkilatların nümayəndələri, xarici diplomatlar izləyib. Lakin seçkiyə MDB strukturlarının nümayəndələri dəvət olunmayıb.

Əgər seçkidən əvvəl Maya Sandunun liderliyi şübhə doğurmurdusa, Avropa İttifaqına üzvlük referendumunun taleyi kifayət qədər mübahisəli görünürdü. Elə bu cür də oldu. Əvvəlcə gecə ərzində açıqlanan referendumun ilkin nəticələri belə təəssürat yaratdı ki, hazırkı hakimiyyətin Avropaya inteqrasiya konsepsiyası iflasa uğradı. Səslərin hətta 85 faizi hesablanandan sonra seçicilərin yalnız 45,35%-i Avropaya inteqrasiyanın lehinə, 54,65%-i isə əleyhinə səs vermişdi. Sandunun əsas rəqiblərindən olan Renato Usatıy Kişinyovun mərkəzindəki seçki məntəqəsindən çıxaraq jurnalistlərə deyib ki, o, konstitusiya referendumunda iştirak etməyib və onun fikrincə, bu referendumda yeganə məqsəd “kiminsə hakimiyyəti daha dörd il uzada bilməsidir”. Maya Sandu isə şəxsən seçiciləri seçki məntəqələrinə gedib Avropa Birliyinə üzv olmağa səs verməyə çağırıb.

Lakin prezidentin çağırışlarına baxmayaraq, ilkin nəticələr Avropa İttifaqı mövzusunun fiaskoya uğrayacağından xəbər verirdi. Bu zaman təxminən gecə saat 1-də Maya Sandu mətbuat konfransı keçirərək, səsvermədə saxtakarlıq edən müəyyən cinayətkar qrupun hücumu ilə bağlı qısa açıqlama verib. Sonradan məlum olub ki, söhbət rusiyapərəst qaçaq siyasətçi və milyonçu İlan Şordan və onun tərəfdarlarından gedir. Sandu bununla bağlı deyib: “Bizdə cinayətkar qrupun məqsədinin 300 min səsi almaq olduğuna dair dəlil və sübutlar var. Fırıldaqların miqyası görünməmiş dərəcədədir".

Buna baxmayaraq, səhərə yaxın protokolların 90%-dən çoxu işləndikdən sonra Aİ tərəfdarları ilə əleyhdarları arasında fərq hələ də 5%-dən çox idi. Əleyhdarlar üstün idilər. Daha sonra MSK məlumat verdi ki, 96% protokollara baxılıb, seçicilərin 48,20 faizi Aİ üzvlüyünə “bəli”, 51,80 faizi “xeyr” cavabı verib.

 

 

Yalnız son anda nəticələr tədricən əks istiqamətdə dəyişməyə başlayıb. Bu da onunla izah edilir ki, ən sonda növbə xarici ölkələrdən daxil olan protokollara çatıb. Belə çıxır ki, xaricdə, xüsusilə də Avropada yaşayan moldovalılar kütləvi şəkildə məntəqələrə gələrək Aİ-nin lehinə səs veriblər və bu da həlledici rol oynayıb.

Belə ki, Moldovadan kənarda 37 ölkədə 231 məntəqə açılıb. İsrail, Ukrayna və Rusiyada təhlükəsizlik baxımından daha az məntəqə fəaliyyət göstərib. Moskvada cəmi iki seçki məntəqəsi olub. Xaricdən gələn səslərin ümumi sayının təxminən 300 min olduğu təxmin edilir və bunların da əksəriyyəti Avropa ölkələrində yaşayan moldovalılara aiddir. Müvafiq olaraq, onların səsləri həlledici olub. Belə ki, MSK-nın son rəsmi məlumatlarına görə, protokolların 98,51%-i işləndikdən sonra mənzərə dəyişib və seçicilərin 50,12%-i Aİ-yə daxil olmağa, 49,88 faizi isə bunun əleyhinə səs verib. Təbii ki, bundan sonra yaxın günlərdə saxtakarlıqların aşkarlanması və ya hər hansı seçki məntəqəsində səsvermənin ləğvi ilə bağlı qəfil toqquşmalar baş verməsə, Moldovada Avropa İttifaqına keçidin dönməzliyilə bağlı konstitusiya dəyişikliyi baş verəcək. Ancaq bu halda səsvermənin nəticələrinə etiraz da edilə bilər. Rusiyayönlü müxalifət artıq hökuməti nəticələri saxtalaşdırmaqda ittiham edir. Hər halda, yaxın zamanda vəziyyətin aydınlaşacağı gözlənilir.

Beləliklə, bu nəticə Moldova cəmiyyətində xarici siyasət vektoru ilə bağlı ciddi parçalanmanın olduğunu göstərir. Lakin buna baxmayaraq, rəsmən Moldova Aİ-yə “hə” demiş hesab olunur.

 






Fikirlər