"Rusiya Avropa İttifaqı üçün əsla təhlükə deyil" — POLİTOLOQ rəyi
Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Rusiyadan gələn təhlükəyə görə biz Avropa İttifaqında qalmalıyıq. Onun sözlərinə görə, Avropa İttifaqından çıxmaq həm də İngiltərə iqtisadiyyatına ağır zərbə endirə bilər. Bununla bağlı politoloq Zərdüşt Əlizadə fikirlərini Ölkə.Az-la bölüşüb: "Rusiya Avropa İttifaqı üçün əsla təhlükə deyil. Bunu süni şəkildə qızışdırırlar, şişirdirlər ki, camaatın diqqətini yayındırıb səs yığsınlar. Rusiya Avropa ilə müqayisədə xeyli zəif ölkədir. Rusiyanın təsir imkanları da güclü deyil. İngiltərə ilə Avropa İttifaqı arasındakı problemin çox qədim kökləri var. Əsas məsələ Böyük Britaniyanın paytaxtı London şəhərinin maliyyə mərkəzi olaraq qalmaq istəyi ilə bağlıdır. Böyük Britaniya istəmir ki, Avropa Mərkəzi bankı, Brüssel öz qaydalarını tətbiq etsin. İngiltərə həmişə böyük imperiya olub. Ona görə də, onlar istəmir ki, avropalı məmurlar öz qərarları ilə onları idarə etsinlər. Qloballaşma və beynəlxalq inteqrasiyanın milli demokratiyaya ayrılmasının ən parlaq nümunəsi Yunanıstanda göründü. Yunan xalqı Avropa İttifaqına yox dedi, ancaq onları sıxıb "hə" dedirtdilər. Baş verənlər Avropa demokratiyası ilə qloballaşma arasındakı ziddiyyətin təzahürüdür. İngiltərə Avropa İttifaqı ilə danışıqlarda müstəsna imtiyazlar əldə edib. Buna əsasən də Britaniyanın baş naziri Devid Kemeron britaniyalılara müraciət edərək Avropada qalmalı olduqlarını bildirir. Bəzi siyasətçilər Devid Kemeronu kənarlaşdırmaq istəyirlər. Ona görə də bildirirlər ki, "Britaniya tam müstəqil olmalıdır", "Brüsselin heç bir qərarı bizə şamil edilməməlidir", bu kimi şuarlarla möhtəkirlik edirlər. Hələlik, seçkinin nəticəsini dəqiq bilmək olmaz, hər şey ingilis xalqının seçimindən asılıdır".